AZ

Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır... O, Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Hüseynbala Mirələmovun "Ön sözün möhürlədiyi ədəbi tale" yazısını təqdim edir.

İnsan həyatı bir kitab kimidir, ilk səhifələrinə kimin qələmi toxunursa, o iz ömrünün sonuna qədər silinmir.

Mənim ədəbi ömrümün ilk səhifəsinə Xalq yazıçısı Elçin imza atıb. O imzanın istisi, o mənəvi xeyir-duanın işığı bu gün də qəlbimin dərinliyində bir çıraq kimi yanır. Həmin ön söz yalnız mənim nəsr yaradıcılığımı təqdim edən sətirlər deyildi, o, ədəbi yolumu istiqamətləndirən, ustad ön sözü ilə möhürlənən ədəbi taleyimin ilk bənzərsiz bəyanı idi.Xalq yazıçısı Elçin Əfəndiyev 1986-cı ildə işıq üzü görən “Tənha durna uçuşu” kitabıma ön söz yazmışdı, yaradıcılığımla bağlı səmimi fikirlərini bölüşmüşdü. Düzdür, mənim ilk hekayəm hələ 1961-ci ildə çap olunmuşdu və o zamandan etibarən yazıb-yaradırdım. Lakin Elçinin ilk kitabımda yer alan o ön sözü həmin vaxt mənim üçün sadəcə ədəbi rəy deyildi — o, sanki ədəbiyyata yönəlmiş bir ömür yolunun təsdiqi idi.

Bu ön söz, ədəbiyyata, yaradıcılığa həsr etdiyim illərin zəhmətinə, axtarışlarına verilmiş bir cavab idi.Elçinin yazdığı sətirlər məni sözün, fikrin, ədəbiyyatın çətin yollarında addımlamağa daha da həvəsləndirib, mənəvi stimulum olub.

O ön söz mənim üçün yazıçı adını daşımağın məsuliyyətini, bu yolun həm yükünü, həm də nurunu anladan ilk yoldaşlıq məktubu kimidir. Altmışıncılar ədəbi nəslinin görkəmli nümayəndələrindən biri olan Elçinin nəsri yalnız sözlərin zərifliyi və bədii təsvirlərinin zənginliyi ilə seçilmir, eyni zamanda dərin fəlsəfi və ictimai mövzuları, insan talelərinin mürəkkəbliyini ustalıqla əhatə etməsi ilə də fərqlənir. Elçinin yaradıcılığı mənəvi dəyərlərə, milli kimliyə bağlılıqla yanaşı, insanın daxili dünyasının mürəkkəb qatlarını, onun zəifliklərini, mübarizələrini və qələbələrini də əks etdirir.

Onun qəhrəmanları sadəcə fərdi portret deyil, həm də cəmiyyətin, dövrün aynası idi. Bu səbəbdən Elçinin nəsri təkcə Azərbaycan ədəbiyyatının deyil, ümumbəşəri dəyərə malik ədəbi örnəklər kimi qəbul edilir. O, sözün qüdrəti ilə insan qəlbinə toxunmağı, onu düşündürməyi, ruhlandırmağı bacarırdı.

Belə bir sənətkarın mənim ilk kitabıma ön söz yazması, bir ömrün ədəbiyyatla əhd bağlaması kimi idi – taleyimin ədəbiyyatla əl-ələ tutub yola çıxması da məhz bu cür təsdiqlənmişdi.Elçin güclü nəsr ənənəsi ilə ədəbiyyatımızda özünəməxsus bir məktəb yaradıb, bir çox nəsil yazıçılar üçün yol göstərən olub. ... Xatirələr məni 1980-ci illərin əvvəllərinin bir qızmar yayına aparır. O vaxt hələ Lənkəranda yaşayırdım. Həmin vaxt Xalq yazıçısı Anar Elçinlə birgə Lənkərana gəlmişdi.

Birlikdə Lerikin dağlarına, qədim məkanlarına, oradakı yaşı əsrlərlə ölçülən mağaralara, Lənkərandakı tarixi məkanlara baş çəkmişdik.

O səfər mənim üçün sadəcə bir səyahət deyildi, keçmişlə, tarixlə, ədəbiyyatla dolu bir an idi. Üçümüz də qədim abidələrin, minillik daş kitabələrin qarşısında susqun dayanıb tarixlə danışırdıq.

Mən isə o anlarda həm yazıçı, həm də sadə bir adam kimi düşündüm ki, bu müqəddəs sükut gələcək nəsillərə danışılacaq sözləri, hekayələri özündə qoruyub saxlayır.

Elçin o zaman bu yerlərin sükutunu necə gözəl anlayırdı...

Elə bil məxsusi olaraq Anarla birlikdə o dağların, o daşların danışdıqları sirləri dinləməyə gəlmişdi. O səfər, o sükut, Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır...Elçin o zaman gələcəyin içindən bizə baxırdı, indi isə keçmişdən gələcəyə baxır...

Əziz dostumuz, görkəmli yazıçı Elçin bizi yalnız fiziki olaraq tərk edib, amma əminəm ki, onun misilsiz əsərləri ədəbiyyat tariximizdə, işıqlı xatirəsi isə millətimizin ürəyində əbədi yer tutacaq.

Mənim yaddaşımda isə Elçin daim gəncliyimin unudulmaz ön söz xatirəsi kimi yaşamağa davam edəcək...

1 milyard satılan albomu ilə dövrünün ən çox dinlənilən "Rok-n-roll Kralı"

Bəxtiyar Vahabzadənin ev-muzeyində yubiley sərgisi keçirildi

Efiopiyada ilk insanlarla birlikdə yaşayan yeni növ kəşf edildi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
kulis.az

1Mənbələr