AZ

Nemət Pənahlı: Məqsədləri maşını əlimdən almaqdır, bacarmayacaqlar

BAKI, 16 avqust. TELEQRAF

“Məqsədləri maşını əlimdən almaqdır. Amma bacarmayacaqlar. Ali Məhkəməyə kasassiya şikayəti vermişdik. İlkin iclas avqustun 11-də oldu. Qarşı tərəf gəlmədiyinə görə iclas sentyabın 1-ə qədər təxirə salındı”.

Bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı vergi borcuna görə avtomobilinin üzərində həbs qoyulması və başqa şəxsə satılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ali Məhkəmənin qərarını gözləyirəm: “Məhkəmə də bizim ziyanımıza qərar çıxarsa, məcburam ki, vergi borcunu ödəyəm. Maşının satılmaması üçün başqa yolum yoxdur. Çünki onlar maşını məndən xəbərsiz hərrac yolu ilə qat-qat ucuz qiymətə tanımadığım şəxsə satıblar. Həmin adam da gəlib məndən maşını istəyir. Təbii ki, mən də rədd edirəm. Sona qədər dirəniş göstərəcəyəm, görək necə olur?”.

Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Pənahlı Nemət Əhəd oğluna məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Land-Cruiser” avtomobilin vergi borcuna görə hərracda satılması ilə bağlı qərar çıxarılıb.

Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.

Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.

Nemət Pənahlının sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv edilib.

Seçilən
63
2
teleqraf.com

3Mənbələr