AZ

Yenilənmiş “Starship” təqdim edilib

“SpaceX” şirkəti modernləşdirilmiş “Super Heavy” sürətləndiricisinə malik “Starship Version 3” raketini təqdim edib. Bu yeniliklər aparatın idarə olunmasını yaxşılaşdıracaq və enişini asanlaşdıracaq. Şirkət artıq bu ay sistemin növbəti sınaq uçuşunu keçirməyi planlaşdırır.

“Super Heavy” sürətləndiricisində də ciddi dəyişikliklər edilib. “SpaceX” 50 faiz daha böyük və möhkəm yeni qəfəs tipli stabilizatorlar hazırlayıb. 4 stabilizator əvəzinə, indi T formalı konfiqurasiyada 3 stabilizator istifadə olunur. Bu dəyişiklik raketin eniş zamanı idarəolunmasını artırıb və ona daha böyük hücum bucaqları ilə daxil olmağa imkan verib.

Stabilizatorlar sürətləndiricinin gövdəsində daha aşağıya yerləşdirilib ki, onlar qüllə tutacaqları ilə üst-üstə düşsün və raketin eniş zamanı qaldırılması və tutulması üçün istifadə oluna bilsin. Bu həll “Starship” mühərriklərinin isti birləşmə zamanı yaratdığı istilik təsirini azaldır və stabilizator oxunu, ötürücünü və sabit konstruksiya elementlərini birbaşa əsas yanacaq çəninin içinə yerləşdirməyə imkan verir. Raketin yükqaldırma qabiliyyəti də 150 tona qədər artırılıb. Bu göstərici mövcud versiya ilə müqayisədə 1,5 dəfə çoxdur.

“Starship”in hazırlanmasına 2012-ci ildə BFR (Big Falcon Rocket) kod adı altında başlanılıb. Əvvəlcə layihə ITS konsepti kimi təqdim olunub, daha sonra isə 2019-cu ildə sınaqdan keçirilmiş “Starship Mk1 prototipi” ortaya çıxıb. 2020-2021-ci illərdə “SpaceX” bir sıra yüksək hündürlük testləri həyata keçirib, 2023-cü ildə isə “Starship” ilk dəfə “Super Heavy” sürətləndiricisi ilə birlikdə buraxılıb. Bu günə qədər raket 9 uçuş həyata keçirib. Növbəti mühüm mərhələ bu ay üçün planlaşdırılır. Uçuş zamanı statik testlərdən keçmiş “Booster 16” sürətləndiricisi və “Ship 37” gəmisindən istifadə olunacaq.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
58
azerbaijan-news.az

1Mənbələr