AZ

31 İslam ölkəsi və təşkilatlar Netanyahunun “Böyük İsrail” ifadəsini sərt qınadı...

Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər.
 
Moderator.az xəbər verir ki, "AzerVoice"-un məlumatına görə, bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.
 
Onlar bu açıqlamaları beynəlxalq hüquqa zidd, dövlətlərin suverenliyinə və regional sabitliyə ciddi təhdid kimi qiymətləndiriblər.
 
Nazirlər bildiriblər ki, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə, xüsusilə də zorakılıq və güc tətbiqinin qadağan olunduğunu təsdiqləyən müddəalara hörmətlərini bir daha ifadə edirlər. Bununla yanaşı, sülhün qorunması üçün bütün zəruri addımları atacaqlarını bəyan ediblər.
 
Moderator.az bildirir ki, "Əl-Cəzirə" kanalının məlumatına görə, İsrailin "i24NEWS kanalına müsahibəsində jurnalist Şaron Qal Netanyahudan "Böyük İsrail" ideyasına qatılıb-qatılmadığını soruşduqda, Netanyahu "tamamilə" cavabını verib. Çərşənbə axşamı yayımlanan müsahibədə Netanyahuya "Böyük İsrail" vizyonu ilə əlaqəli olub-olmadığı soruşulduqda isə, o, "Çox əlaqədaram" deyə vurğulayıb.
 
"Ultramillətçi israillilərin dəstəklədiyi “Böyük İsrail” konsepsiyasının işğal altındakı İordan çayının qərb sahili, Qəzzaya, Livanın bəzi hissələrinə, Suriyaya, Misirə və İordaniyaya iddialı olan ekspansionist baxışa istinad etdiyi anlaşılır", -"Əl-Cəzirə" belə yazır.
 
"AzerVoice"-un məlumatının davamında bildirilir ki, İsrail liderinə etiraz  müəllifləri İsrail naziri Betsalel Smotriçin İordan çayının qərb sahilindəki “E1” yaşayış məskəni layihəsini təsdiqləməsini və Fələstin dövlətinin yaradılmasını rədd edən bəyanatlarını da sərt şəkildə tənqid ediblər. Onların sözlərinə görə, bu addımlar Fələstin xalqının öz müstəqil dövlətini qurmaq haqqına açıq hücumdur və İsrailin işğal olunmuş torpaqlarda heç bir suverenliyi yoxdur.
 
Nazirlər BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə istinad edərək, İsrailin məskunlaşma siyasətini qanunsuz adlandırıblar. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin işğalın qanunsuzluğu ilə bağlı rəyini xatırladaraq, onun dərhal dayandırılmasının və nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
 
İclasda qeyd olunub ki, ifratçı İsrail hökumətinin ekspansionist siyasəti, Əl-Əqsa Məscidinə və digər müqəddəs məkanlara təşkil edilən hücumlar, fələstinlilərə qarşı zorakılıq halları bölgədə gərginliyi daha da genişləndirir. Bu, ədalətli sülh imkanlarını sarsıdır və həm regional, həm də beynəlxalq sabitliyə ciddi təhlükə yaradır.
 
Nazirlər İsrailin hücumlarını pisləyərək, Qəzzada atəşkəsin təmin edilməsinin vacibliyinə xüsusi vurğu ediblər. Onlar Qəzzaya tətbiq edilən blokadanın dərhal ləğv olunmasını, keçid məntəqələrinin açılmasını və İsrailin humanitar fəlakətə görə tam məsuliyyət daşıdığını vurğulayıblar.
 
Bəyanatda fələstin xalqının köçürülməsinin yolverilməz olduğu qeyd edilib. Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətə İsrailin təcavüzünü dayandırmağa dair çağırış edilib. Nazirlər həmçinin Qəzza zolağının Fələstinin ayrılmaz hissəsi olduğunu təsdiqləyərək, vahid hakimiyyət və vahid hüquqi sistem çərçivəsində Fələstin Azadlıq Təşkilatının idarəçilik məsuliyyəti daşımalı olduğunu bildiriblər.
 
Onlar beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini, İsrailin təcavüzünü və təxribatçı addımlarını dayandırmaq üçün hərəkətə keçməyə çağırıblar. Eyni zamanda, fələstin xalqının dövlət qurmaq hüququna dəstək verilməsinin və törədilən cinayətlərin məsul şəxslərinin beynəlxalq hüquq qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.
 
Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb. İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda isə 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.
 
Hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.
 
S.Laçın
Seçilən
83
26
moderator.az

10Mənbələr