AZ

Tarixi dəyişən sülh konsepsiyası Azərbaycanın dövlət siyasəti kimi

V MƏQALƏ

Vaşinqton zəfəri

Obrazlı desək, indi Vaşinqton Azərbaycanın sülhyaratma məntiqinə və məkanına daxildir. Əlbəttə, burada söhbət Azərbaycan Prezidentinin sülhsevər siyasətinin ABŞ tərəfindən qəbul edilməsindən gedir. V.Vilsonun məlum tezislərindən bu yana keçən müddətdə Azərbaycanla bağlı belə hadisə olmamışdı. Dünyanın ən güclü dövlətinin prezidenti Azərbaycan liderini Vaşinqtonda qəbul edir və ona Ağ Evin açarını verir. Bunun mənalarından biri də ondan ibarətdir ki, “Cənab Prezident İlham

Əliyev, Siz Ağ Evi siyasətinizlə fəth etdiniz və onun qapıları həmişə üzünüzə açıqdır, çünki açarlardan biri də Sizdədir”!

Doğrudan da IV məqalədə vurğulanan faktlar göstərir ki, Azərbaycan dövlət və ölkə olaraq çox çətin yol keçməli oldu. Dövlətçilik və xalqın suveren iradəsi o qədər zərbələr aldı ki, indi də onların təsirləri qalmaqdadır. Buna baxmayaraq, Azərbaycan şərəfli yol qət etdi. Avrasiyada yeganə dövlət oldu ki, son 80 ildə heç bir ölkənin edə bilmədiyini bacardı: torpaqlarını təkbaşına işğaldan azad və ərazi bütövlüyünü əbədi bərpa etdi.

Bir sıra analitiklər vurğulayırlar ki, İkinci Dünya müharibəsindən sonra başqa heç bir ölkə qələbəni yüksək səviyyədə saxlaya bilməmişdir. Azərbaycan isə müharibədə qalib gəldi və bu zəfərin nəticələrini qorudu. Hətta suverenlik məsələsində tam müsbət nəticəyə nail oldu. Postmüharibə mərhələsində bir çox güclü dövlət nə qədər çox çalışdısa, Azərbaycanın qələbədən əldə etmədiklərinə təsir göstərə bilmədi. Vaşinqtonda Azərbaycan Prezidentinin imzası məhz bu reallığı təsbit edən sənəddədir! Burada bir haşiyə çıxmaq lazım gəlir.

Liderlik imzası

Azərbaycan mediasında “imza” termininin çox müxtəlif və uğurlu metaforik dəyərləndirməsinə rast gəlinir. Azərbaycan jurnalistikası bütövlükdə obrazlı ifadədə çox güclüdür. Mən bu məqalədə jurnalistlərlə təşbeh yarışına girməkdən çox uzağam. Lakin fəlsəfi obraz kimi olduqca maraqlı görünən “liderlik imzası” ifadəsini təhlil etmək yerinə düşərdi.

“Liderlik imzası”, əlbəttə, məcazdır. Onun anlamı uğurlu liderin XXI əsrin çağırışları fonunda liderlik fəlsəfəsini dünya miqyasında qəbul etdirməsi ilə bağlıdır. Lider fəaliyyətində əldə etdiyi nailiyyətlərlə o dərəcədə fərqlənir ki, onun özünəxas “liderlik imzası”ndan danışmaq lazım gəlir. D.Tramp Vaşinqtonda faktiki olaraq Azərbaycan Prezidentinə müraciətən “Siz müasir siyasi liderlər arasında öz imzası olan lidersiniz” fikrini ifadə etdi. Hətta bir məqamda heyranlığını gizlətmədi. D.Tramp İlham Əliyevə üz tutaraq “Siz çox gözəl danışıqlar aparırsınız”, söylədi.

Bunlar tərif deyildir, gerçəkliyin etirafıdır. Azərbaycan Prezidenti lider kimi realpolitikada fəaliyyəti və diplomatik məharəti ilə müasir siyasi liderlər sırasında öz imzası olan dövlət başçısıdır. İlham Əliyevin liderlik imzasının bir sıra özəl keyfiyyətləri və ya əlamətləri mövcuddur.

Yaradıcı liderlik

İlham Əliyev siyasətdə həmişə yaradıcı olmuşdur. 2003-cü ildən başlayan Prezidentlik fəaliyyətində isə istənilən situasiyaya yaradıcı və təmkinlə yanaşmaq əsasında düzgün qərarlar qəbul etmişdir. Liderologiyada qərar qəbuletmə çox mühüm faktor kimi təqdm edilir. Liderin böhranlı vəziyyətlərdə hansı qərarı qəbul etməsindən bütövlükdə ölkənin taleyi asılı olur. İki nümunə göstərək.

2016-cı ilin aprelində müharibənin dördüncü günündə dayandırılması vaxtında və dövlətçilik naminə verilmiş düzgün qərar idi. Azərbaycan həmin döyüşlərdə əldə etdiyi nailiyyətləri maksimum siyasi, ideoloji və geosiyasi anlamlarda qiymətləndirə bildi. Həmin döyüşlərdə əldə edilən motivasiya sonrakı mərhələ üçün çox gərəkli oldu. Eyni zamanda, qaytarılan əraziləri ermənilər bir daha işğal edə bilmədilər.

2020-ci ilin payızında İlham Əliyev hərbi əməliyyatları noyabrın 8-də dayandırmaqla strateji olaraq çox doğru qərar verdi. Bu hadisədən üç il sonra baş verənlər Azərbaycan Prezidentinin çox haqlı olduğunu sübut elədi. Azərbaycan 2020-2023-cü illərin ən böhranlı anlarında qəbul etdiyi qərarlarla tarixi və prinsipial qələbəyə nail oldu. Azərbaycan Respublikası müstəqil olandan bəri ilk dəfə həm ərazi bütövlüyünü bərpa etdi, həm də suverenliyi tam təmin elədi!

Deməli, liderin iki düzgün və vaxtında verdiyi qərar bütövlükdə dövləti zəfərə apardı. Bu, liderin situasiyaya yaradıcı və təmkinli yanaşa bilməsinin gözəl nümunəsidir.

Qətiyyətlilik

İlham Əliyevin 22 illik Prezidentlik təcrübəsində həmişə qətiyyətli hərəkət etdiyi sirr deyildir. II Qarabağ müharibəsinin gedişində Prezidentin tərəddüd etmədən qətiyyətli addımlar atdığının hər gün şahidi olduq. İlham Əliyev hərb meydanında Ali Baş Komandan kimi qətiyyətli idi. Dünya KİV-nin təmsilçilərinə müsahibə verəndə eyni çalışqanlığı, təmkini və qətiyyəti ilə fərqləndi. Çoxlu sayda gərgin keçən müsahibələrdə Prezidentin yorulduğunu duyan olmadı. Hərbi əməliyyatları dayandırdığı gün V.Putin və N.Paşinyanla gecə səhərə kimi apardığı müzakirələrdə daim məntiqli və qətiyyətli mövqeyi ilə fərqlənmişdir. Bunun nəticəsində Azərbaycan istədiyi sənədin imzalanmasına nail olmuşdur.

Qətiyyətlilik postmüharibə mərhələsində Ermənistanla münasibətlərin normallaşması üzrə aparılan danışıqlarda bir daha özünü parlaq surətdə göstərdi. İlham Əliyevi heç bir təzyiq cəhdi, diplomatik hiyləgərlik, siyasi avantüra silkələyə bilmədi. Azərbaycan Prezidenti qətiyyətli şəkildə öz mövqeyi üzərində dayandı.

Təhlil və proqnozlaşdırma

Müasir liderlikdə bu iki keyfiyyət çox mühüm hesab olunur. Lider hər bir situasiyanı dərindən və reallığa uyğun təhlil etməlidir. Lakin bu, kifayət etmir. Həqiqi lider düzgün proqnozlar da verməlidir. Öncədən apardığı hesablamalar əsaslı olmalıdır. Burada siyasi təhlilin ən çətin cəhəti ondan ibarətdir ki, hər bir situasiyanın özünəməxsus analizi olmalıdır. Proqnozlaşdırma yalnız real vəziyyətə uyğun təhlil aparmaq əsasında səmərəli ola bilir.

Tədqiqatçılar həmin sırada liderin münaqişələrin baş verməməsi üçün təhlil və proqnozların aparılmasının əhəmiyyətini xüsusi araşdırırlar. Çünki dövlətin hansısa münaqişəyə daxil olması olduqca acı nəticələr verir. Belə alınır ki, artıq münaqişədə olan dövlət üçün təhlil və proqnozlaşdırma ikiqat ağır işə çevrilir. Lider mövcud münaqişədən uğurla çıxmağı sonrakı mərhələdə həm davamlı inkişafın, həm də təhlükəsizliyin təmini ilə sinxronlaşdırmalıdır. İlham Əliyev bu çətin vəzifənin öhdəsindən yeni tarixi mərhələnin başladığını elan edəndən sonra uğurla gəlməkdədir. Bu mərhələdə Prezidentin təhlilləri real, proqnozları isə tam əsaslıdır. Bunu Azərbaycanın Vətən müharibəsindən sonra atdığı addımların verdiyi nəticələr sübut edir. Və bu məqamda başqa bir çox vacib faktorun təhlilinə keçməliyik.

Liderliyin strateji hədəfi: sülh və inkişaf

Yaradıcılıq, qətiyyətlilik, təhlil və proqnozlaşdırma liderliyin strateji hədəflərinə xidmət etməlidir. Liderliyin strateji hədəfi sülh və inkişafın harmoniyası olduqda isə ümumi mənzərə daha da mürəkkəbləşir. Postmünaqişə mərhələsində bu hədəflərə çatmaq asan iş deyildir. Məsələ burasındadır ki, “sülh” və “inkişaf” mənaca fərqli məfhumlardırlar. Onların konseptual sintezinə nail olmaq ciddi prosesdir. İnkişaf ölkənin bütün əsas parametrlər üzrə tərəqqisini ifadə edirsə, sülh bu proses üçün uyğun mühitin yaradılmasını nəzərdə tutur. Ancaq təcrübə göstərir ki, heç də bütün ölkələrə postmünaqişə mərhələsində inkişaf üçün dayanıqlı sülh mühitini yaratmaq müyəssər olmur. Kolumbiyada belə bir vəziyyət yaranmışdı. Deməli, sülh və inkişaf bir-birilərini tamamlayanda davamlı sabitlikdən danışmaq mümkün olur.

Azərbaycanın sülhyaradıcı fəaliyyətində vurğulanan məqam diqqətlə nəzərə alınmışdır. İlham Əliyev regional miqyasda sülhlə inkişafın bir-birini tamamlaması üçün böyük fəaliyyət göstərdi. Bu baxımdan regionun inkişafı ilə Azərbaycanın inkişafı məsələsi arasında daxili məntiqi əlaqə quruldu. Bakının təşəbbüsləri milli səviyyədə müsbət nəticələr əldə edilməsinin regional miqyasa uğurlu proyeksiyası ilə sıx əlaqələndirildi. Nümunə göstərə bilərik.

Azərbaycan Avropa İttifaqı ilə 2006-cı ildə, 2011-ci ildə və 2022-ci ildə enerji sahəsində əməkdaşlıqla bağlı memorandumlar imzalamışdır. Həmin sənədlərin bir mühüm ortaq cəhəti mövcuddur; onların hər birində enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin qarşılıqlı bağlantısı ayrıca bənd kimi nəzərə alınmışdır. Buna görədir ki, 2008-ci il Rusiya-Gürcüstan hərbi toqquşması və 2013-2014-cü il Rusiya-Ukrayna enerji böhranı zamanı Azərbaycan qonşu dövlətin (Gürcüstanın) milli təhlükəsizliyinin təmininə ciddi töhfələr verdi. Əgər bu baş verməsəydi, Cənubi Qafqazda sülhdən əsər-əlamət qalmayacaqdı.

Vətən müharibəsindən sonrakı müddətdə də Azərbaycan Cənubi Qafqazın sabitlik, təhlükəsizlik və əməkdaşlıq məkanı olması üçün əhəmiyyətli proqramların həyata keçməsinin təşəbbüskarı olmuşdur. Bu aspektdə də Gürcüstandan keçərək Qara dənizin dibi ilə Şərqi Avropaya çəkiləcək bərpa olunan enerji marşrutu xüsusi əhəmiyyət daşıyır. Son günlər bu layihəyə Ermənistanın da qoşula biləcəyi haqqında informasiyalar yayılır.

Nəhayət, son Vaşinqton sazişi sülhlə inkişafın harmoniyasına ən yaxşı nümunədir. Bu, Azərbaycanın sülhyaradıcı fəaliyyətinin birbaşa Cənubi Qafqaz dövlətlərinin sürətli inkişafına töhfə verəcəyinin nümunəsidir.

Beləliklə, Azərbaycan postmüharibə mərhələsində sülhsevər siyasəti ilə həqiqi mənada Cənubi Qafqazın tarixində yeni geosiyasi mərhələnin təməlini qoymuşdur. Onun başlıca əlaməti son 300 ildə ilk dəfə olaraq regional sülhlə inkişafın harmoniyasının optimal modelinin tapılmasıdır. Bu modelin mərkəzində sülh və sabitlik dayanır. Onu təminetmə mexanizmi kimi enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdətinə nail olmaq lazım gəlir.

Bu parametrlər isə regionun davamlı və sabit inkişafının təmin edilməsinə əsas verməlidir. O da regional inkişafı sistemli və dayanıqlı etmək üçün faydalı sistem yaratmaq zərurətini ortaya çıxarır. Həmin prosesdə Zəngəzur Dəhlizinin üzərinə böyük funksiya düşür. Həm də bu baxımdan Vaşinqton razılaşması tarixi mahiyyət kəsb edir!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
7
50
xalqqazeti.az

10Mənbələr