AZ

Kriptovalyutaların iqtisadi təsiri hələ şübhəlidir - EKSPRT

Dünya izləyir, Azərbaycan ehtiyat edir

Azərbaycanda hələ ki, kriptovalyutaların rəsmi tənzimləmə mexanizmi mövcud deyil. Bu, yalnız bizim ölkəyə xas olan hal da deyil. Dünya üzrə bir çox ölkələr hələ də kriptovalyutaların hüquqi statusunu müəyyənləşdirməyib və onların iqtisadi sistemdəki rolunu ehtiyatla izləyirlər. 

Bu sözləri Sherg.az-a  açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, əksər dövlətlər böyük iqtisadi gücə malik ölkələrin təcrübəsinə baxaraq, kriptovalyutaların nə qədər dayanıqlı olduğunu və sistemə potensial təsirlərini qiymətləndirməyə çalışırlar: 


 “Normal düşüncədə olan insanlar başa düşürlər ki, kriptovalyuta pul vəsaiti deyil, sadəcə bir investisiya və ya aktiv növüdür. Lakin müəyyən qrup insan onu ciddi maliyyə vasitəsi kimi qəbul edir və vəsaitlərini ora yatırır. Bu, müəyyən dərəcədə rəssam əsərlərinin satışına bənzəyir: məşhur bir rəssamın əsəri fantastik qiymətə satışa çıxır, bəzi kolleksiyaçılar onu almağa hazır olur, lakin əksər insanlar bunu absurd qiymət hesab edir. Kriptovalyutalar da eyni prinsip üzərində işləyir, onların dəyəri bazar tələbi və inam əsasında formalaşır, amma bu dəyərin real iqtisadi əsasları həmişə mövcud olmur”.

Azərbaycanın kiçik ölkə olduğunu və hazırda öz milli kriptovalyutası olmadığını xatırladan hüquqşünas  qeyd edib ki, bunun yaranma ehtimalı da yoxdur: 

“Başlıca səbəbi isə vətəndaşların milli valyutaya olan etimadının belə  zəif olmasıdır. İnsanlar daima devalvasiya riskini müzakirə edir, valyutanın dəyərinin nə zaman düşəcəyini soruşurlar. Belə bir şəraitdə kriptovalyuta yaratmaq və ona sabit etimad formalaşdırmaq çox çətindir. Bu baxımdan, Azərbaycanda kriptovalyutalar hələ ki, yalnız investisiya və spekulyasiya vasitəsi kimi mövcuddur. Dövlət vətəndaşların bu aktivlərdən istifadəni tam tənzimləməsə də, dünyadakı praktikalar izlənilir və ehtiyatlı yanaşma davam edir. Kriptovalyuta, investor üçün cəlbedici ola bilər, lakin onun pul kimi qəbul edilməsi və ya iqtisadiyyata ciddi təsir göstərməsi hələlik mümkün görünmür”.

Seçilən
10
3
sherg.az

10Mənbələr