Elçin
Mən gedirəm, ağlama...
Bəstəkar dostum Vasif Adıgözəlov məndən xahiş etdi ki, Rəşid Behbudovun 80 illiyini keçirməyə hazırlaşdığımız bu günlərdə mən də onun haqqında heç olmasa kiçik bir xatirə yazım.
Mənim Rəşid Behbudovla qohumluğumuz, yaxud yaş fərqinə görə şəxsi dosluğumuz, yaxud da ənənəvi ailəvi bir yaxınlığımız yox idi, amma nə olsun, mənə elə gəlir ki, hər hansı bir azərbaycanlı şəxsən tanış olsa da, olmasa da Rəşid haqqında xatirə yaza bilər və hərgah xatirə həyatın bir hissəsidirsə, Rəşid öz sənəti ilə xalqın həyatına daxil olub və hər birimizin həyatının bir parçasıdır...
Bizim aramışda xoş bir ünsiyyət, səmimi və mehriban bir tanışlıq var idi...
Və mən makina arxasında oturub bu kiçik yazını başlamaq istəyəndə heç cür xatirimə gətirə bilmədim ki, ilk dəfə onu nə zaman görmüşəm, onunla.şəxsən nə zaman tanış olmuşam? Rəşid Behbudov elə bil, nağıllaeımız kimi, mahnılarımız kimi, tarımız, kamançamız, sazımız kimi, həmişə mənimlə bir yerdə olub və ilk mahnıları nə vaxt eşitdiyimi xatırlaya bilmədiyim kimi, Rəşid Behbudovu da nə zaman tanıdığımı xatırlamaq mümkün deyil.
Bir dəfə, əgər səhv etmirəmsə, 80-ci ilin soyuq bir dekabr günündə Moskvada, "Moskva" mehmanxanasında səhər-səhər şəhərə çıxarkən foyedə Rəşid Behbudovla rastlaşdıq. Ümumiyyətlə, "Moskva" mehmanxanasının birinci mərtəbəsi, o geniş foye tez-tez səfərlərə çıxan, o cümlədən həftə səkkiz, mən doqquz Moskvada olan və həmişə də "Moskva" mehmanxanasına düşən bir adam kimi, mənim üçün doğma bir yer idi və təkcə ona görə yox ki, ayaqqabı silən assur Arkadidən, əynindəki formadan keçmiş çar generallarına oxşayan şveysar, tatardan dönmə Dmitri Fuadoviçdən tutmuş, tənbəki köşkünün satıcısı Lyusyayacan orada hamı məni tanıyırdı, ən əsası ona görə ki, burada həmişə gözlənilməz, soyuq Moskvada adamın ürəyinə həmişə bir doğmalıq gətirən görüşlər olurdu və həmin xoş, doğma görüşlərdən biri də o qış səhəri oldu.
- "Boy, Elçin, qadan alım, tı toje zdes?"
O mənimlə görüşəndə, hərdən mənə zəng eleyəndə, xüsusən mən "Vətən"i yaradıb (Xarici ölkələrdə yaşayan həmyerlilərimizlə əlaqələr quran Vətən cəmiyyəti nəzərdə tutulur- K. Ş.) orada işə başlayandan sonra tez-tez zəngləşirdik, "qadan alım" ifadəsini işlədərdi və doğrusunu deyim ki, onun səsilə, şirin nəfəsiylə hərdən öz ünvanıma bu idiomatik ifadəni eşidəndə, mənə elə gəlirdi ki, o "qadan alım" bizim misilsiz el mahnılarından qopub gəlir...
Həmin qış səhəri maestro iləhəmişəki kimi, səmimi görüşdük, hal-əhval tutduq, həmişəki kimi də, atamı soruşdu ( "İlyas nətərdi? Yaxşı kişidi, ondan muğayat ol!"), İmranı soruşdu ("İmran nə qayırır?") rəhmətlik Qasımovla dost idilər, hər dəfə məni görəndə bir yerdə işlədiyimizə görə onu soruşurdu, hərdənbir Yazıçılar İttifaqına, İmran müəllimin yanına gələrdi, bəzən repertuarına saldığı təzə mahnıların mətnini Yazıçılar İttifaqının makinaçıları Sona xanıma, yaxud Tutu xanıma verib yazdırardı, (onun öz əli ilə yazdığı bəzi mahnı mətnlərini yadigar kimi, özündən alıb saxlamışam).
Soyuqdan şikayətləndi:
"Sənə nə var e, cavan oğlansan", - dedi. "Dərd mənim dərdimdi, qocalıf getmişəm... Amma baxma, nə qədər qoca olsam da, yüz cavana dəyərəm!"
Məlum oldu ki, səhəri günü ikimiz də eyni reyslə Bakıya uçuruq.
"Ə, nə yaxşı oldu, konyak vurarıq deputatskidə!" (Həqiqətən səhəri günü Vnukovo aeroportundakı Deputat otağında birlikdə konyak içdik).
Sonra boz karakul papağını başına qoydu və mənim o papağa baxdığımı görüb (mən əşya yox, elə bil ki, doğma bir məxluq kimi, arşınmalçı Əsgərin papağına baxırdım!) dedi:
"Bu papaq maa rəhmətlik dədəmdən yadigar qalıf!"
Sonra sağollaşdıq və maestro əvvəlcədən üşüyürmüş kimi, dəri kürkün içində büzüşdü və mehmanxanadan çıxdı, mən isə, doğrusu bir az təəccüb içində qaldım, çünki onun o "rəhmətlik dədəsindən yadigar qalmış" boz karakul papağı təzə tikilmiş papağa oxşayırdı (ümumiyyətlə, Rəşid Behbudov dəblə və zövqlə geyinən bir adam idi) və gözgörəti Nuh əyyamından qalma bir şey təsiri bağışlamırdı.
Səhəri günü bərabər Bakıya uçarkən (kiçik konyak dəsgahından sonra):
"Maestro", - dedim (mən həmişə ona belə müraciət edirdim, əksərən hörmət əlaməti olaraq ona "Rəşid Məcidoviç" deyə müraciət edirdilər, amma mən belə deyə bilmirdim, şuşalı xanəndə Məcidi "Məcidoviç" eləyəndə, mənə elə gəlirdi ki, misal üçün, Qaçaq Nəbinin başına şlyapa qoyursan, yaxud Koroğlu sədəfli saz əvəzinə gitara çalır...), - dünən dediz ki, bu papaq sizə atanızdan yadigar qalıb…”
- “Elədir…”
- “Axı bu təzə tikilmiş papağa oxşayır. Qədimi deyil…”
- “Elədir…Amma nə olsun təzədir?…”
Və onda Rəşid Behbudov mənə öz uşaqlıq illəri ilə bağlı heç vaxt yadımdan çıxmayacaq gözəl bir əhvalat danışdı.
Onda Tiflisdə yaşayırdılar və yay vaxtları məhəllə uşaqları böyüklərdən xəlvətcə sandıqları ələk-vələk eləyib köhnə dəbli pal-paıtar tapıb çıxarırdılar, həyətdə özləri "Arşın mal alan"ı tamaşaya qoyurdular. Rəşid atasının karakul papağını başına qoyub, əlinə də bir ağac alıb Əsgərin rolunu oynayırmış...
"Bax, Elçin, qadan alım, dədəmin həmim papağıdı başımda! Nə olsun ki, təzə tikilif... Həmin papağıdı kı, var!.."
Rəşid Behbudov həyatında, həm də zəngin hadisələrlə dolu həyatında, olsun ki, kiçik bir epizod təsiri bağışlayan bu hadisə ona görə heç zaman mənim yadımdan çıxmır ki, (hətta bəzən o balaca küçə alverçisi Əsgər gəlib gözlərimin qabağında dayanır, elə bil, özüm də Tiflisin azərbaycanlı məhəlləsində o uşaqlardan biri kimi, o tamaşanı göstərənlərdən biri olmuşam...), həqiqətən çox rəmzi məna daşıyır.
Bəli, karakul papaq xanəndə Məcidin həmin papağıdı, illər keçir, o papağı müxtəlif dərzilər tikir, amma həmin papaqdır ki, Rəşidin başındadır...
Rəşidin ifasında "Yar bizə qonaq gələcək", "Güləbatın", "Güloğlan", "Gözəlim sənsən", "Qalalı", "Kəklik", "Evləri var xana-xana", "Qubanın ağ alması" cə başqaları kimi-mən bu dəm onun səsi ilə qulağıma gələnlərin adını çəkirəm-Azərbaycan xalq mahnılarının duzu da bundadı. Tiflisdə anadan olub uşaqlığını Tiflisdə keçirmiş Rəşidin mahnılarındakı Şuşa ab-havası da bundadı cə Rəşid sənətinin bizim hər birimizin həyatının bir parçasına çevrilmiş sehr də onun Tanrıdan gəlmə səsi, istüdadı ilə bərabər , bundadı...
Bu sözləri yazıram, yenə fikrimdə Rəşidin səsi ilə misralar eşidirəm:
Girdim yarın baxçasına, çiçəklər açmış...
İndi mənə elə gəlir ki, elə bil, Rəşidin lap gənc yaşlarında addımlayıb girdiyi o baxça təkcə yarın, sevgilisinin, məşuqəsinin baxçası deyildi, sənətin baxçası idi, həm də əbədi sənətin baxçası idi və nə qədər ki, Rəşid Behbudov o baxçada oxudu, o çiçəklər payız, qış bilmədi, qar, boran bilmədi, heç vaxt solmadı və nə qədər ki, Rəşidin səsi bizimlə olacaq-deməli həmişə, daima, nəsillər bir-birini əvəz edəcək, o səs isə bizimlə olacaq!-o qədər də təzə-tər qalacaqlar.
Rəşid Behbudovun milli sənət duyğusu o qədər hərarətli və qadirdir ki, o yalnız xalq mahnılarının, estradanın klassiki yox, professional klassik musiqimizin də həmişə canlı olacaq klassikidir. Üzeyir Hacıbəyovu Koroğlu-Bülbülsüz təsəvvür etmək mümkün olmadığı kimi, arşınmalçı Əsgər-Rəşid Behbudovsuz da təsəvvür etmək mümkün deyil.
Üzeyir Hacıbəyov-Bülbül-Rəşid Behbudov üçbucağı Azərbaycan musiqi sənətinin şah zirvəsidir. Üzeyir bəy "Arşın mal alan"ı 1913-cü ildə yazmışdı və o zaman Rəşid Behbudov hələ dünyaya gəlməmişdi, amma elə bil, bu əsər Rəşid üçün yazılmışdı, elə bil Üzeyir bəy Rəşidin səsini, nəfəsini, hətta görkəmini "Arşın mal alan" filmini yadınıza salın!) gözlərinin qabağına gətirib Əsgərin ariyalarını, ümumiyyətlə bu rolu yaradıb.
Yaxşı yadıma gəlir, 1953-cü ilin yayında dördüncü sinifə keçmişdim və biz Şuşada, çamaatın "Yazıçılar Evi" dediyi gözəl bir məkanda istirahət edirdik. Böyüklərin məclisində iştirak etməyi, söhbətlərinə qulaq asmağa mənim xüsusi azarım var idi və Şuşada o yayzamanı uşaq kimi iştirak etdiyim böyüklərin məclislərində, söhbətlərdə tez-tez söz düşürdü ki, Fikrət Əmirov Cəfər Cabbarlının pyesi əsasında "Sevil" operası yazıb və Rəşid Behbudov Balaşın rolunu ifa edəcək. Bu söhbət o günlərin siyasi söz-söhbətləri (Stalin yeni vəfat etmişdi cə hamı bir siyasi nigarançılıq içində idi: necə olacaq. Malenkov nə edəcək, ölkəni hansı istiqamətə aparacaq, Mir Cəfər Bağırov respublikanın rəhbəri qalacaq, yoxsa yox, getsə yerinə kim gələcək və s.) kontekstində çox cazibədar, hətta füsünkar görünürdü və Bakıya qayıtdıqdan sonra mən səbirsizliklə həmin tamaşanı gözləyirdim, tez-tez atamdan soruşurdum ki, tamaşa nə vaxt olacaq, atam da rəhmətlik (və unudulmaz!) Fikrət Əmirova telefonla zəng çalıb premyeranın vaxtını soruşurdu.
Nəhayət, dəqiq günü yadımda deyil, amma Yeni il qabağı idi,M. F. Axundov adına Opera və Balet Teatrında "Sevil"in böyük müvəffəqiyyətlə, təntənə ilə premyerası göstərildi. (Fikrət Əmirovun "Sevil" operasının premyerası 25 dekabr 1953-cü ildə baş tutmuşdu-K. Ş.) Quruluşçu rejissor Mehdi Məmmədiv, dirijor Əfrasiyab Bədəlbəyli idi. Yadımda qalanlardan Firuzə Muradova Sevili, Ağababa Bünyadzadə Atakişini oynayırdı. Rəşid Behbudov da Baıaş idi. Məhz Balaş idi, çünki rol oynamırdı, səhnədə Balaş kimi yaşayırdı.
Rəşidin ağarmış saçları pəjmurdə (qrim o qədər tuturdu ki, elə bil saçları həqiqətən səhnədə yaşadığı Balaşın həyatı boyu ağarmışdı), əynində ev xalatı " Gör nə günlərə qaldın, öz cəzandı, çək, Balaş" ariyasını oxumağı, zalın dərin sükutu və birdən-birə qopan alqış sədaları indiki kimi, xatirəmdədir və hər dəfə də bu xatirə mənim içimdə bir ilıqlıq, eyni zamanda bir nisgil, bir nostalgiya gətirir.
Mən həmişə (və indi də) sidq-ürəkdən heyifslənmişəm ki, Rəşid Behbudov estrada ilə bərabər, opera solisti kimi də yaradıcılıq yolunu davam etdirmədi, yalnız Balaşla kifayətləndi və Azərbaycan səhnəsində tamaşaya qoyulan (və qoyulmayan) Qərb və rus opera klassikası Rəşidsiz qaldı.
Bir dəfə indiki Səttarxan klubundakı bir iclasdan bərabər çıxdıq, sərin bir payız axşamı idi və beş saatlıq iclasdan sonra hava adama ləzzət eləyirdi. Maestro dedi:
- "Ə, lap Cıdır düzüdü ki!.."
Həmin payız axşamı bir xeyli gedə-gedə onu evlərinəcən ötürdüm və opera solistliyi ilə bağlı heyifsilənməyimi ona da dedim. Zarafata saldı:
- "Qadan alım, onsuz da mən Rəşidəm də!.."
Rəşidin İfasında Qara Qarayevin, Fikrət Əmirovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Arif Məlikovun, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Vasif Adıgözəlovun, Polad Bülbüloğlunun, Telman Hacıyevin, Ruhəngiz Qasımovanın mahnıları xalqın mənəviyyatından xəbər verdiyi üçün, yəni bu doğmalığa görə xalqın ürəyinə də yol tapıb. Rauf Hacıyev və xüsusən Tofiq Quliyev ilə Rəşid Behbudovun yaradıcılıq əməkdaşlığı xalqın hiss-həyəcanlarının ifadəsi və bədii-estetik səviyyəsi baxımından Azərbaycan estradasında və ümumilikdə Azərbaycan musiqisində "Üzüyümün qaşı", "Sənə də qalmaz", "Sevgilim" kimi dahiyanə (bu sözün böyüklüyündən çəkinməyərək) mahnılar meydana çıxartdı.
Rəşidlə Azərbaycan bəstəkarlarının yaradıcılıq əməkdaşlığı bir də o baxımdan son dərəcə böyük əhəmiyyətə malik oldu ki, böyük sənət meyarları müəyyənləşdirdi və bu cəhət Azərbaycan mədəniyyətinin inkişafında ədəbi mərhələ vüsətinə malik bir hadisəyə çevrildi.