Bu gün İndoneziyanın Bakıdakı səfirliyi ölkəsinin müstəqilliyinin 80-ci ildönümü ilə əlaqədar “Vahid, suveren, firavan, mütərəqqi İndoneziya” şüarı altında rəsmi tədbir təşkil olunub.
Hafta.az-ın yazdığına görə, səfirliyin inzibati binasında İndoneziyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Merita Yenninin rəhbərliyi, eləcə də İndoneziya vətəndaşları və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə “Bayraq qaldırma mərasimi” olub.
Tədbir “İndonesia Raya” dövlət himninin müşayiəti ilə İndoneziyanın dövlət bayrağının hazırda Azərbaycanda təhsil alan indoneziyalı tələbələr tərəfindən qaldırılması ilə başlayıb.
Mərasim İndoneziyanın müstəqilliyinə nail olmaq üçün mübarizə aparmış və fədakarlıq göstərmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Daha sonra isə Bəyannamənin mətni, "Pançasila" və İndoneziya Respublikasının 1945-ci il Konstitusiyasının preambulası oxunub. Dua oxunması ilə yekunlaşan tədbirin rəsmi hissəsi tort kəsmə mərasimi ilə davam edib.
Həmçinin İndoneziyanın müstəqilliyinin 80-ci ildönümünün qeyd edilməsi çərçivəsində səfirlik avqustun 2-də bir çox indoneziyalıların və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə əyləncəli oyunlar günü də təşkil edib. Bayraq qaldırma mərasimi bitdikdən sonra bu oyunların qalibləri təşkilatçılar tərəfindən rəsmən elan edilərək böyüklər və uşaqlar üçün olmaqla, iki kateqoriya üzrə mükafatlandırıldılar.
Tədbiri canlandırmaq məqsədilə qonaqlara İndoneziya milli mətbəxinin təamları və ənənəvi qəlyanaltıları olan sate ayam (toyuq satay), soto ayam kampunq (ənənəvi toyuq şorbası), vacik (yapışqan düyü şirniyyatı), eləcə də İndoneziya mətbəxinin digər ənənəvi təamları təqdim olunub. Canlı, sevinc və birlik dolu bu səmimi tədbirdə bütün iştirakçılar ənənəvi mətbəx nümunələrini dadaraq həzz aldılar.
Qeyd edək ki, bayraq qaldırma mərasimi İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin yekunu idi. Bununla belə, birlik ruhu daha firavan və mütərəqqi İndoneziya qurmaq üçün yaşamağa davam edəcək.