Rusiya-Ukrayna müharibəsinin uzanması, tərəflər arasında danışıqların nəticəsiz qalması Kiyevdə müxtəlif ssenariləri gündəmə gətirib. Belə ki, Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kılınkarov hazırkı prezident Volodimir Zelenskidən sonra hakimiyyətə sabiq baş nazir Yuliya Timoşenkonun gələcəyini proqnozlaşdırıb. Timoşenko Ukrayna siyasətində uzun və ziddiyyətli karyerası ilə tanınan simalardan biridir.
Onun hakimiyyətə qayıtması münaqişənin gedişatına necə təsir edə bilər? Daha yumşaq və ya praqmatik xətt izlənəcək, yoxsa Qərbə inteqrasiyanı gücləndirən, lakin Rusiya ilə gərginliyi azaldan diplomatik balans qurulacaq?
Siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, Spiridon Kılınkarovun açıqlaması Zelenski hakimiyyəti üçün ciddi həyəcan siqnalı sayılmalıdır:
“Artıq Ukraynadakı bir sıra dairələr Rusiya ilə savaşın dayandırılmasını daha məntiqli sayırlar. Ukraynanın itkiləri vaxt keçdikcə artır. Rusiya ilə sülh hələ ki mümkün görünmür. Fikrimcə, ən yaxşı ehtimalla iki dövlət arasında atəşkəs müqaviləsi imzalanacaq və uzun illər davam edəcək danışıqlar prosesi start götürəcək.
Konkret olaraq Yuliya Timoşenkoya gəldikdə isə, sabiq baş nazir bu ilin əvvəlindən siyasi səhnədə aktivlik göstərir. Xüsusilə aprel-may aylarında bir sıra qərb mətbu orqanlarında Timoşenko ilə bağlı silsilə yazılar yayımlandı.
Siyasətçinin Ukrayna prezidenti seçilə biləcəyi ehtimalları tirajlandı. Görünür, Qərbdə bir sıra ciddi dairələr Timoşenkoya “stavka” etməklə Rusiya-Ukrayna savaşını “dondurmağı” və xanım siyasətçi ilə bir sıra əsas məsələlərdə razılaşmağı hədəfləyir”.