AZ

Bu ölkə bir neçə ilə tamamilə yox olacaq — Dünyanın xəritəsi DƏYİŞƏCƏK

Sakit okeandakı kiçik ada dövləti Tuvalu ciddi iqlim fəlakəti ilə üzləşdiyi üçün dünyanın xəritəsini həmişəlik dəyişdirə bilər. Ölkə əhalisi həyatlarını, mədəniyyətlərini və milli kimliklərini qorumaq üçün kütləvi köçməyə hazırlaşır.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, hazırda təxminən 11 min insanın yaşadığı Tuvalu, rəsmi olaraq planetin ən kiçik ölkələrindən biridir. Müasir şəraitdə okean səviyyəsinin kəskin yüksəlməsi onların ərazisinin mövcudluğunu təhdid etdiyindən, Tuvalu eyni zamanda dünyanın ən həssas ölkələrindən biri hesab olunur.

Tuvalu cəmi doqquz mərcan atolundan ibarətdir və ümumi sahəsi təxminən 26 kvadrat kilometrdir. Eyni zamanda, ölkənin əsas adası Funafuti dəniz səviyyəsindən cəmi 50 santimetr hündürlükdə yerləşir. Bu isə o deməkdir ki, hətta orta güclü fırtınalar və ya yüksək qabarma belə genişmiqyaslı su basmalarına səbəb ola bilər.

Proqnozlar ürəkaçan deyil

Alimlər həyəcan təbili çalır: son 30 il ərzində Tuvalu ətrafında suyun səviyyəsi sürətlə qalxır. Bu müddət ərzində o, 15 santimetr yüksəlib ki, bu da dünya üzrə orta göstəricidən 1,5 dəfə daha sürətlidir.

Tədqiqatçıların proqnozlarına görə, artıq 2050-ci ilə qədər adanın üzərini su basacaq. Həmin vaxta qədər paytaxtın yarıdan çoxu sular altında qala bilər.

Əsrin sonuna qədər isə alimlərin hesablamalarına əsasən, Tuvalunun hazırda əhatə etdiyi ərazinin 95%-ə qədərinin okean səviyyəsinin sürətlə qalxması nəticəsində tamamilə su altında qalma ehtimalı var.

Misilsiz köçürülməyə hazırlıq

Alimlərin xəbərdarlığını aldıqdan sonra Tuvalu hakimiyyəti ölkə əhalisinin planlı şəkildə köçürülməsi üzrə genişmiqyaslı əməliyyata başlayıb. 2023-cü ildə hökumət Avstraliya ilə yenilikçi Faleipili İttifaqı Müqaviləsini imzalayıb. Bu sənədə əsasən, hər il 280 Tuvalu vətəndaşı materikdə daimi yaşayış icazəsi ala bilər.

Yaxınlaşan fəlakətdən narahat olan vətəndaşlar artıq 2025-ci ilin iyul ayına qədər 8700-dən çox müraciət təqdim ediblər ki, bu da ölkə əhalisinin 82%-nə bərabərdir.

Qeyd olunur ki, bu insanlar Avstraliya vətəndaşları kimi işləmək, təhsil almaq və tibbi yardım əldə etmək hüququna sahib olacaqlar. Əgər bu tendensiya davam edərsə, artıq dörd ildən sonra Tuvalunun bütün əhalisi ölkəni tərk etməyə məcbur olacaq.

Seçilən
8
50
demokrat.az

10Mənbələr