Alyaska sammiti Avropa liderlərinə öz müdafiə potensialını artırmağın vacibliyini göstərdi...
Poliqon xəbər verir ki, The Sunday Times nəşrinin analizinə görə Alyaska sammiti Avropa liderlərinə qitədə öz təhlükəsizliklərini gücləndirməli, strateji qərarları sürətlə qəbul etməli və hərbi xərclər məsələsində uzunmüddətli perspektivlərin nəzərə alınması faktorlarını ortaya qoydu. Əks halda, Rusiya prezidenti Vladimir Putin zəiflik hiss edərək təzyiqi daha da artıracaq. Alyaskada baş tutan görüş göstərdi ki, Putin və Trampın Ukraynanın taleyi ilə bağlı razılığa gəlib-gəlməməsindən asılı olmayaraq, Avropa həmin prosessdə aktiv iştirak etməyib.
Baş nazir Kir Starmer və digər Avropa liderləri Trampın ABŞ-nin Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətləri verəcəyinə dair açıqlamasından müəyyən rahatlıq hiss ediblər. Starmer bunu “önəmli irəliləyiş” və “Putini yeni cəhdlərdən çəkindirmək üçün həlledici amil” kimi qiymətləndirıb.
Ancaq əsas tendensiya dəyişməz qalır və ABŞ-nin Avropa təhlükəsizliyindən geri çəkilməsi getdikcə daha aydın görünür. Əgər Avropa öz taleyinin sahibinə çevrilmək istəyirsə, müdafiə strategiyasını köklü şəkildə yenidən nəzərdən keçirməli olacaq. Starmer üçün sammit Avropanın daha özünə yetərli təhlükəsizlik arxitekturasını qurmaq səylərinin aktuallığını bir daha təsdiqlədi. Görüş elan olunduğu andan qitə liderlərinin Tramp dövründə əldə etdikləri irəliləyiş sınaqdan keçdi və görüləcək işlərin hələ çox olduğunu göstərdi.
Diplomatik Mübarizə
Sammitlə bağlı ilkin məlumat on gün əvvəl telefon görüşməsi vasitəsilə gəldi. Görüşmədə Tramp, Starmer, Zelenski və digər Avropa liderləri iştirak edirdi. Tramp görüşün birbaşa Putinlə Alyaskada keçiriləcəyini və Ukraynada sülh sazişi bağlamaq niyyətini izah etdi.
Altı ay əvvəl belə xəbər Avropada diplomatik xaosa səbəb ola bilərdi. Lakin indi liderlər Trampın impulsiv və proqnozlaşdırılmaz diplomatiya üslubunu daha yaxşı başa düşür və onu effektiv idarə etməyin yollarını tapıblar. Avropa liderləri dərhal hərəkətə keçərək Ukraynanın qırmızı xətləri və atəşkəsin hər hansı sazişdən əvvəl olmalı olduğunu açıq şəkildə ifadə etdilər.
Finlandiya Prezidenti Stubb, Trampla qolf oyunları vasitəsilə yaxın dost olduğu üçün Avropanın mesajını çatdırmaq üçün təyin edildi. David Lemmi ABŞ Dövlət katibi Vens və Ukrayna prezidentinin köməkçisi Andrey Yermak ilə görüş təşkil etdi. Çərşənbə günü liderlər yenidən Trampla əlaqə saxladı və hətta onu “İstəklilər Koalisiyası” ilə danışıqlara qatılmağa razı saldılar. Bundan sonra, “Avropa maraqları nəzərə alındı və təmin edildi”, deyə bir Avropa diplomatı qeyd etdi.
Cümə axşamı Zelenski Douninq-stritdə idi. Mart ayında Oval kabinetdə baş verən hadisələri xatırladan addımlarla Starmer onu qucaqladı və hörmətini nümayiş etdirdi. Daha sonra ikisi çay içdi, səhər yeməyində yumurta və tüstülənmiş losos yedilər.
Bu incə planlaşdırılmış diplomatik addım göstərdi ki, Avropa diplomatik baxımdan altı ay əvvələ nisbətən daha güclü mövqedədir. Avropa artıq Trampı idarə etmə təcrübəsi və Ukraynanı dəstəkləmə planını özündə birləşdirir.
Lakin sual qalır: Avropa kifayət qədər irəliləmişdirmi? Kontinent Putinlə Ukraynada rəqabət aparmaq üçün kifayət qədər dözümlülük və iradəyə malikdirmi? Yoxsa Rusiya liderinin hesabı doğru çıxacaq və Avropa parçalanıb geri çəkiləcək?
Bir addım irəli
Transatlantik diplomatiyanın yaxşılaşdırılması müsbət olsa da, Ukraynanın taleyi və Rusiyayla qüvvələr nisbəti əsasən silahlanma, insan resursları və siyasi iradə ilə müəyyən ediləcək.
“Geri yol yoxdur. Avropalılar silahlanmalı və təhlükəsizliyini öz əllərinə almalıdır. Bu, bir nəsil üçün öhdəlikdir”, deyə Fransanın Avropa İşləri naziri Benjamin Addad bildirib.
Bu məqsədlə NATO ölkələri xərclərə böyük öhdəlik götürdü. Ukraynaya dəstək üçün “Veymar Plus” və “İstəklilər Koalisiyası” kimi yeni təhlükəsizlik birləşmələri yaradıldı. İndi Avropa ABŞ-dan daha çox maliyyə və hərbi texnika göndərir, özünü qeyri-sabit və təhlükəli dövrə hazırlayır.
“Böyük şok artıq baş verdi. Avropa, Amerika deyil, Ukraynaya dəstəyin əsas hissəsini təmin edir. Formalaşan Avropa artıq daha sərt və qətiyyətlidir, liderləri yüz faiz iştirak edir”, deyə bundan sonra Britaniya hökumətindəki mənbə qeyd etdi
Bu yeni təşkilatlar texnokratik səslənsə də, onlar Avropa rəhbərliyində NATO və ya AB-dən daha koordinasiyalı və çevik təhlükəsizlik arxitekturasının başlanğıcı ola bilər.
Buna baxmayaraq, problem hələ də böyükdür. ABŞ-ın müşahidə, kəşfiyyat, hədəfləmə və planlaşdırma imkanlarını əvəz etmək Avropa üçün bahalı və çətindir.
Starmer və Makron atəşkəsdən sonra Ukraynaya qoşun yeridəcəyini vəd edib, amma Rusiya təxribatına necə cavab veriləcəyi kimi məsələlər hələ açıq qalır.
Avropanın hərbi istehsal potensialı hələ kifayət deyil. Almaniya və Fransa ciddi addımlar atır, lakin bəzi ekspertlər bunu gecikmiş hesab edir.
Sosial rifaha qarşı müharibə
Putin ABŞ-Avropa münasibətlərində fərq yaratmağa, Avropanı zəiflətməyə və Ukraynada strateji üstünlük əldə etməyə çalışır.
Hərçənd Avropa ABŞ dəstəyi olmadan da Rusiyadan daha zəngin və güclüdür, lakin müdafiəyə xərclərin artması digər sahələrdə ixtisar deməkdir.
“Bu, sosial təminata qarşı bir müharibədir. Ən önəmli məsələ hərəkətə keçməkdir. Amma vətəndaş cəmiyyəti təhlükəni hiss etməyincə, hökumət arqumentlərini çatdırmaqda çətinlik çəkəcək”, deyə general Riçard Barrons bildirir.
Böyük problem Avropanın siyasi zəifliyidir. Starmer, Makron və Merts Ukraynanı dəstəkləyir, lakin daxildə populyarlıq azdır və xərclər tələb olunur. Beş il sonra Faraj, Le Pen və “Almaniya üçün Alternativa” kimi popülistlər lider ola bilər və Rusiyaya daha yumşaq yanaşa bilərlər.
Bəzi regionlarda vəziyyət fərqlidir. Polşa, Baltik ölkələri və Şimal Avropa Rusiya təcavüzünü yaxından hiss edir, lakin İspaniya, İtaliya və bəzi digər ölkələr Ukraynanı öz məsuliyyəti kimi qəbul etmir. Köhnə Şərqi Avropa ölkələri isə bəzən Putinin mövqeyinə meylli olur.
“Rus təhdidinin ölçüsünü realist qiymətləndirməliyik. NATO və Avropa güclüdür, əgər birləşsək. Avropa birliyini saxlaya biləcəyikmi? ABŞ yanında yoxdursa və Rusiya Estoniyaya girərsə, davam edə biləcəyikmi?”, deyə Nill Melvin qeyd edir.
Avropa həm strateji, həm də iqtisadi baxımdan güclü olsa da, müasir dövrdə informasiya, kiber və rəqəmsal infrastruktur təhdidləri onu daim sınağa çəkir. Bütün halalrda qitənin birliyi, iradəsi və maliyyə öhdəlikləri onun Putinin təzyiqinə qarşı davamlı olub-olmayacağını müəyyən edəcək.
Poliqon.info