AZ

Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

Sərhəd qoşunlarımızın yaranma tarixi 1919-cu il avqustun 18-dən başlayır. Belə ki, 106 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti “Sərhədlərin mühafizəsi haqqında” Qanun qəbul edib. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla isə hər il avqustun 18-i sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Xatırladaq ki, Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Azərbaycan sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Üçrəngli Bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər bütün proseslər müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib.

2002-ci ildə DSX-nin yaradılması Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.

Son illərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Vətən sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı istiqamətində mühüm addımlar atılıb. 2007-ci ildə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb.

Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə sərhədlərinin delimitasiyası dövlət siyasətinin prioritetlərindən biri olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib. Buna misal olaraq, 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar.

Son illərdə DSX-nin idarəetmə sistemi də xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıqla təchiz edilib, bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub.

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, DSX Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarını və müvafiq hərbi obyektləri təhvil alıb. Bu istiqamətdə xidməti-döyüş fəaliyyətinin Sərhəd Qoşunları tərəfindən təşkili uğurlu başlanğıc olub, dövlət sərhədinin etibarlı mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bu sınaqdan üzüağ çıxan DSX-nin şəxsi heyəti Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsi və sərhədlərimizin mühafizəsinin təmin olunması yolunda əsl fədakarlıq nümayiş etdirib. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın qurumun qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr səfərbər edilib. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstəriblər. Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazini azad ediblər, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endiriblər. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olunub. DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri sıradan çıxarılıb və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

44 günlük Zəfər Salnaməsində özünəməxsus imzası olan sərhədçilərimizdən 47 nəfəri şəhid olub, 197-si yaralanıb. Döyüş əməliyyatları zamanı şəxsi igidlik nümunəsi göstərmiş 12 sərhədçi (4 nəfəri ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5 min 203 nəfər isə müxtəlif medallarla təltif olunub.

Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatlar zamanı da sərhədçilər düşmənə layiqli cavab verib, Azərbaycan Ordusunun ayıq-sayıqlığını itirmədiyi bir daha sübut edilib.

Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan, Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra həmin ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr xidməti-döyüş fəaliyyətinə başlayıb.

Azərbaycan Sərhəd Mühafizəsi bu gün şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə yüksəlib.

Göründüyü kimi, bu gün Azərbaycan öz sərhədlərini etibarlı surətdə qorumağa qadirdir və bunun öhdəsindən layiqincə gəlir.

Seçilən
6
50
anspress.com

10Mənbələr