AZ

 Bakı avtomobillərdən ictimai nəqliyyata necə keçir

Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlərin sayı xeyli artıb. Bu nəqliyyat növünün artan populyarlığını 2025-ci ilin birinci yarısında sərnişindaşıma ilə bağlı statistika da təsdiqləyir. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə üzrə avtobuslar 861 milyondan çox sərnişin daşıyıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5% artım deməkdir. Həmin dövrdə bu rəqəm 808 milyon 522 min təşkil edirdi. Bu barədə Azərbaycan Quru Nəqliyyatı Agentliyi (AYNA) məlumat yayıb.

Artan sərnişin sayı təkcə statistik göstəricilərlə deyil, gündəlik həyatdakı müşahidələrlə də öz təsdiqini tapır. Bakı küçələrində avtobusların sayının artması ictimai nəqliyyata keçidin sürətləndiyini göstərir. Bu isə paytaxtda həyata keçirilən genişmiqyaslı nəqliyyat islahatlarının, yeni texnologiyaların tətbiqi, avtobus parkının yenilənməsi, infrastrukturun təkmilləşdirilməsi və ayrılmış zolaqların genişləndirilməsi ilə birbaşa bağlıdır. Nəticədə, avtobusların orta hərəkət sürəti artıb, bir sıra istiqamətlərdə isə səyahət müddəti 12-22 dəqiqə azalıb.

İctimai nəqliyyatın artan səmərəliliyi öz növbəsində şəxsi avtomobil istifadəçilərinin davranışlarına da təsir edir. Vətəndaşlar tıxaclarda vaxt itirməkdənsə, getdikcə daha çox avtobusa üstünlük verirlər. Bu tendensiya taksi istifadə sayının azalmasında da özünü göstərir. Xüsusilə şəhərdaxili əsas yollarda nəqliyyat sıxlığının azalması müşahidə olunur.

2025-ci ilin monitorinq nəticələrinə əsasən, Bakıda ictimai nəqliyyatın payı 5,5% artıb. Əgər 2023-cü ildə şəhərdaxili səfərlərin 48,4%-i şəxsi avtomobillər və taksilərin payına düşürdüsə, ictimai nəqliyyatın payı cəmi 28,4% idi. 2025-ci ilin ilk 5 ayında ictimai nəqliyyatın payı artıq 33,9%-ə çatıb. Bu isə paytaxtda nəqliyyat sistemində ciddi struktur dəyişikliyinin baş verdiyini göstərir.

Bu tendensiya ictimai nəqliyyatın daha da optimallaşdırılmasının, marşrut şəbəkəsinin genişləndirilməsinin, yeni qovşaqların yaradılmasının və avtobus dayanacaqlarının tikintisinin nə qədər vacib olduğunu göstərir. Ayrılmış avtobus zolaqları da bu prosesdə mühüm rol oynayır. Hazırda bu zolaqlar 40-a yaxın küçəni əhatə edir və ümumilikdə 112 kilometrlik sahəyə yayılıb. Son dövrlərdə görülən əsas tədbirlərdən biri kimi Puşkin küçəsində Üzeyir Hacıbəyli küçəsi istiqamətində hərəkət edən avtobuslar üçün ayrıca zolaq yaradılıb. Mövcud iki hərəkət zolağı saxlanılmaqla avtobuslar üçün şərait yaradılıb.

Prosesin əsas hərəkətverici qüvvələrindən biri də avtobus parkının müasirləşdirilməsidir. Dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri ekoloji cəhətdən təmiz – elektrik enerjisi və sıxılmış təbii qaz (CNG) ilə işləyən müasir avtobuslar əldə edirlər. 2025-ci ilin əvvəlindən bəri Bakıya 50-yə yaxın yeni avtobus gətirilib və istismara verilib. Avqust-sentyabr aylarında isə əlavə 200 yeni avtobusun marşrutlara buraxılması planlaşdırılır. Bu, paytaxtın orta müddətli hədəfi olan 2800 avtobusluq avtobus parkına çatmasına bir addım daha yaxınlaşdıracaq. Hal-hazırda AYNA-nın məlumatına əsasən, Bakıda 2200-dən çox avtobus müntəzəm marşrut xətlərində fəaliyyət göstərir.

Nəticə etibarilə, avtobusların ictimai nəqliyyatın əsas və prioritet növünə çevrilməsi prosesi artıq reallığa çevrilib. Bu, ölkədə nəqliyyat sahəsində həyata keçirilən islahatların və şəhər mühitinin yaxşılaşdırılması yönündə atılan addımların uğurlu nəticəsidir. Eyni zamanda, bu transformasiya sərnişinlərin rahatlığını təmin etmək və davamlı şəhər inkişafını təmin etmək baxımından böyük əhəmiyyət daşıyır.

Seçilən
23
9
moderator.az

10Mənbələr