18 avqust 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA) və Beynəlxalq Qlobal Naviqasiya Peyk Sistemləri Komitəsinin (ICG) təşkilatçılığı ilə “Systems, Signals and Services” üzrə İşçi Qrupun (Working Group S) ekspertlər iclası öz işinə başlayır.
Beş gün davam edəcək tədbir çərçivəsində dünyanın aparıcı kosmik agentlikləri, dövlət qurumları, elmi mərkəzləri və nüfuzlu beynəlxalq təşkilatların ekspertləri BDU-da toplaşaraq qlobal naviqasiya peyk sistemlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Tədbirin məqsədi peyk naviqasiyası üzrə mövcud çağırışların, yeni texnoloji imkanların və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi, həmçinin qlobal miqyasda interferensiyanın azaldılması, siqnalların uyğunlaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, zaman və dəqiqlik standartlarının inteqrasiyası, LEO-PNT texnologiyaları və Ay missiyaları üçün spektr uyğunluğu kimi məsələlər üzrə ekspertlər səviyyəsində təcrübə mübadiləsidir.
İclasda ABŞ, Çin, Yaponiya, Koreya Respublikası, Xorvatiya, Yeni Zelandiya və digər ölkələrin ekspertləri, o cümlədən UNOOSA-nın əməkdaşları iştirak edirlər. Müzakirələrdə həmçinin BDU və Avropadan bir sıra qurumların təmsilçiləri də yer alacaq.
İşçi Qrupun iclasının gündəliyində müxtəlif mövzular üzrə paralel sessiyalar nəzərdə tutulub. İlk gün “Beynəlxalq GNSS Monitorinqi və Qiymətləndirilməsi” (IGMA) və “Zaman üzrə standartlar” mövzularında sessiyalar keçiriləcək. Sonrakı günlərdə “İnterferensiyanın aşkarlanması və aradan qaldırılması”, “Uyğunluq və spektrin qorunması”, “Mülki siqnalların autentifikasiyası”, “Orbital tullantıların azaldılması”, “LEO-PNT texnologiyaları” və digər mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.
Tədbir çərçivəsində həmçinin GNSS sistem təminatçıları tərəfindən yeniliklərin təqdimatı, müxtəlif ölkələrin təcrübələrinin paylaşılması və yeni tövsiyələrin qəbul olunması nəzərdə tutulur. Sessiyaların yekununda İşçi Qrup tərəfindən yeni qərar və tövsiyələr hazırlanaraq müvafiq beynəlxalq qurumlara təqdim ediləcək.
BDU-da belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsi Azərbaycan elm və təhsil mühitinin beynəlxalq əməkdaşlıqda artan rolunu nümayiş etdirir.