ASELSAN şirkəti və “Sefine” tərsanəsi tərəfindən hazırlanmış MARLİN silahlı insansız dəniz aparatına (SİDA) “Roketsan” şirkətinin ÇAKIR qanadlı raketi inteqrasiya edilib.
“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, elektron müharibə qabiliyyətinə sahib ilk silahlı insansız dəniz aparatı olan MARLİN, hazırda Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) donanmasında yer alır.
Modul quruluşu sayəsində platformanın yeni qabiliyyətlərlə təchiz olunması istiqamətində işlər davam etdirilir. IDEF-2025 sərgisi çərçivəsində nümayiş etdirilən MARLİN konfiqurasiyasının üzərində “Roketsan” tərəfindən hazırlanmış ÇAKIR qanadlı raketi yer alıb. Bu inteqrasiya ilə birlikdə MARLİN-in atəş gücü daha da artırılıb.
“Roketsan” tərəfindən inkişaf etdirilən ÇAKIR qanadlı raketi quru, dəniz və hava platformalarından buraxıla bilir. Raket, “Kale Jet Motorları” şirkəti tərəfindən hazırlanan yerli və milli KTJ-1750 turbojet mühərriki ilə işləyir. Missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilən ÇAKIR, hədəf üzərində vuruş nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.
Təkmil ara mərhələ və terminal yönləndirmə sistemləri ilə ÇAKIR, hədəflərini bütün hava şəraitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irəliləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir.
MARLİN SİDA, 15 metr uzunluğa malik alüminium gövdəli, 36 knot sürətə çata bilən insansız dəniz platforması kimi hazırlanıb. MARLİN həm bazalardan, həm də amfibiya gəmilərindən tapşırığa başlaya bilir.
Adını açıq dənizlərdə yüksək sürətlə hərəkət edə bilən balıq növündən alan MARLİN, daşıdığı faydalı yüklər və qabaqcıl texnologiyası ilə analoqlarından fərqlənir.
MARLİN silahlı insansız dəniz aparatı ASELSAN tərəfindən hazırlanan elektro-optik sistemlər, rabitə və naviqasiya sensorları, eləcə də avtonomiya və tapşırıq kompüterləri ilə təchiz olunub. Onun ən diqqətçəkici xüsusiyyəti isə platformaya inteqrasiya edilmiş ASELSAN istehsalı xüsusi elektron müharibə kompleksidir.
Bunun sayəsində MARLİN, dünyada elektron müharibə qabiliyyətinə sahib ilk insansız suüstü aparat kimi önə çıxıb. Həmçinin Türkiyəni NATO çərçivəsində təmsil edən ilk insansız dəniz aparatı statusuna malikdir.