AZ

Yayda artan halsızlıq və ağrılar: Koronavirus, yoxsa? - Həkimdən AÇIQLAMA

Son zamanlar əhali arasında halsızlıq, əzələ, oynaq ağrıları və qızdırma halları artıb. Əksəriyyət bu əlamətlərin koronovirus əlamətləri ilə eyni olduğunu iddia edərək, COVİD-ə yoluxduqlarını güman edirlər.

Terapevt Günay Lətifova Bakıvaxtı.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bunun səbəbləri müxtəlifdir. Həkim qeyd edib ki, biz çox istiyə və yaxud da çox soyuğa dözümlü xalq deyilik. Dediyinə görə, bu havalarda orqanizmin temperaturunu düzgün tarazlaya bilmirik ki, nəticədə soyuqdəymə yaranır.

G.Lətifovanın sözlərinə görə, kondisioner otağı həddindən artıq soyudur, çölə çıxdıqda isə havalar çox isti olur. Bədən də bu temperatur dəyişikliklərini tənzimləyə bilmir və oynaq- əzələ ağrılarına səbəb olur:

“Həmçinin tərli halda çöldən içəri və ya əksinə keçdiyimiz üçün soyuqdəymə daha fərqli formada özünü göstərir. Çünki bu zaman artıq əzələ və oynaqlar da prosesə qoşulur, zəifləyir, nəticədə şikayətlər artır”.

Müsahibimiz insanların daha diqqətli olmalarının vacibliyinin vurğulayıb. Terapevt kondisionerdən davamlı istifadə etməməyi məsləhət görmür. Bildirib ki, otaq soyuduqdan sonra onu söndürmək lazımdır:

“Havanın istisini nəzərə alaraq insanların sərinləmək istəyi təbiidir, amma bu, bir hədd daxilində olmalıdır. Yəni bədən temperaturu kəskin şəkildə aşağı düşməməli və dərhal yenidən yüksəlməməlidir ki, orqanizm tarazlığını qoruya bilsin. Əks halda daxili orqanlar da zərər görür”. 

Günay Lətifova: İsti hava şəraitində mikrobların yayılma sürəti də artır

Müsahibimiz onu da nəzərə çatdırıb ki, isti hava şəraitində mikrobların yayılma sürəti də artır. G.Lətifova əlavə edib ki, bir nəfərdə xəstəlik varsa, bu, digərinə daha qısa müddətdə keçir:

“Çünki isti havada mikroblar daha tez çoxalır. Xüsusilə avtobus, metro kimi ictimai nəqliyyatda, insanların sıx olduğu qapalı yerlərdə xəstəliklərin yayılması daha yüksək olur. Belə məqamlarda maskadan istifadə etmək məsləhətdir”.

Həmsphbətimiz insanların özlərini pis hiss etdikdə dərhal həkimə müraciət etmələrini məsləhət görür. Dediyinə görə, çox insan evdə müxtəlif üsullarla özlərini müalicə etməyə çalışır. Halbuki elə üsullar var ki, yay mövsümündə tətbiq edilməməlidir. Eyni ilə antibiotik və virus əleyhinə preparatlar da buna aiddir:

“Virusun hansı növü olduğu dəqiq bilinmədən uyğun olmayan dərmanların qəbulu tərs reaksiya verə, zəhərlənmə yarada və vəziyyəti daha da ağırlaşdıra bilər. Ona görə çox diqqətli olmaq lazımdır. Sağlamlığın qorunması üçün bol su içmək vacibdir. Çünki bədən tərlədikdə maye itirir, əzələlər susuz qalır. Maye dedikdə çay, qəhvə və qazlı içkilər yox, adi su nəzərdə tutulur. Sağlam qidalar qəbul edilməli, orqanizm gücləndirilməlidir. Ən əsası isə, özündə narahatlıq hiss edən hər kəs həkimə müraciət etməlidir ki, düzgün diaqnoz qoyulsun və müalicə vaxtında aparılsın”.

Mina Mikayılova

Seçilən
22
31
bakivaxti.az

10Mənbələr