Şəhidlər Xiyabanında qeyri-etik videogörüntülər çəkərək sosial şəbəkələrdə yayan 3 əcnəbi barəsində cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin şəxslər avqustun 13-də turist kimi Bakıya gəliblər. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi açılıb, şübhəlilər saxlanılaraq istintaqa cəlb olunublar.
Modern.az-a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bildirib ki, Şəhidlər Xiyabanında baş verən və iki Ərəb tərəfindən göstərilən hörmətsizlik cəmiyyətimizdə haqlı narahatlıq yaradıb.
“Bu kimi davranışların xüsusilə də Azərbaycanın müqəddəs məkanlarından birində – şəhidlərimizin uyuduğu yerdə baş verirsə, bu, yalnız etik normaların pozulması deyil, həm də xalqımızın ən dərin mənəvi dəyərlərinə qarşı yönəlmiş bir hörmətsizlikdir”.
O qeyd edib ki, Azərbaycan dövləti tarixən bütün millətlərə və dinlərə hörmətlə yanaşan, tolerant və mədəni bir ölkədir. Lakin bu, heç kimə – istər turist, istərsə də burada yaşayan əcnəbi – özünü istədiyi kimi aparmaq və bizim milli dəyərlərimizi tapdalamaq hüququ vermir. Xüsusilə də şəhidlərimizə qarşı hörmətsiz davranış sərgiləmək qəbuledilməzdir və cəzasız qala bilməz:
“Şəhidlər Xiyabanı təkcə hüquq-mühafizə orqanlarının deyil, bütöv xalqın qoruması altında olmalıdır. Belə hallara cəmiyyət olaraq biganə qalmamalı, dərhal reaksiya verməliyik. Bu cür hadisələrin təkrarlanmaması üçün qanun çərçivəsində sərt və prinsipial mövqe nümayiş etdirilməlidir”.
Bəhruz Məmmədzadə əlavə edib ki, belə bir hörmətsizlik edən şəxs yalnız inzibati cəza ilə kifayətlənməməli, eyni zamanda mənəvi məsuliyyət daşımalıdır:
“Ən azı, həmin şəxs cəmiyyət qarşısında üzr istəməli, şəhid məzarlarını təmizləmək və üzrxahlıqla onların qarşısında baş əyməklə etdiyi hörmətsizliyi bir qədər olsun kompensasiya etməlidir. Bu, həm də gələcəkdə bu kimi halların təkrarlanmaması üçün bir nümunə və xəbərdarlıq olar.
Şəhidlərimiz bizim qürurumuzdur. Onlar Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş müqəddəs şəxsiyyətlərdir. Onlara ehtiram göstərmək – təkcə dövlətin deyil, hər bir vətəndaşın, eləcə də ölkəmizə gələn butün əcnəbilərin mənəvi borcudur”.