AZ

Rusiya ordusunun Xarkovda yaşayış məntəqəsinə raket zərbələri nəticəsində beş nəfər həlak olub 

Rusiya ordusu Ukraynanın Xarkov şəhərində yaşayış məntəqələrinə silsilə zərbələr endirib. Hücum nəticəsində beş nəfər həlak olub, 30-dan çox insan yaralanıb və ya kəskin şok keçirib.

AZƏRTAC bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalına istinadla xəbər verir.

Prokurorluğun məlumatına görə, avqustun 17-də saat 22:50 radələrində rus qoşunları Xarkov sənaye məhəlləsinə raket zərbəsi endirib.

Raket çoxmərtəbəli yaşayış binasının yaxınlığında düşüb və bu, 13 yaşlı qız da daxil olmaqla 11 mülki şəxsdə kəskin stres reaksiyasına səbəb olub.

İlkin məlumata görə, “İskander” raketindən istifadə olunduğu müəyyən edilib.

Ertəsi gün, avqustun 18-də səhər saat 5:00 radələrində beş pilotsuz uçuş aparatı həmin ərazidəki yaşayış binasına hücum edib.

Zərbə nəticəsində döşəməarası tavanlar qismən uçub, 5 nəfər, o cümlədən 1,5 yaşlı uşaq həlak olub, azı 19 nəfər yaralanıb. Hadisə yerində ixtisaslaşmış xidmətlər və xilasedicilər işləyir, zərərçəkənlərə tibbi yardım göstərilir.

Xarkov şəhərinin Nemışlyanski rayon prokurorluğunun prosessual rəhbərliyi altında hərbi cinayətlər (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsi) faktları üzrə ibtidai araşdırmalara başlanılıb.

Şəhərin meri İqor Terexov yaşayış binasında törədilən terror aktından sonra birgünlük matəm elan edib.

Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, dağıntılar altından iki nəfər- bir kişi və bir qadın xilas edilib.

Düşmənin hücum etdiyi ərazidə 140-a yaxın xilasedici və 39 texnika, o cümlədən ağır mühəndis-texniki avadanlığı və xüsusi texnika çalışır.

Seçilən
50
50
azerbaijan-news.az

10Mənbələr