AZ

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İlham Məmmədov: “Maksimum dərəcədə çalışıram ki, seçicilərimin etimadını doğruldaraq onlar üçün yaxşı deputat olum”Newscenter.az olaraq fəaliyyət müddətində oxucularla müxtəlif rubrikalarla görüşə gəlmişik. Belə rubrikalardan biri də “İşdən sonra”dır. İctimai-siyasi xadimlər, millət vəkilləri, cəmiyyətin tanınmış simaları ilə “İşdən sonra” görüşümüz zamanı həmin şəxslərin siyasətdən kənar həyatlarını oxucularımıza təqdim edirik. Bu dəfəki qonağımız Mili Məclisin deputatı İlham Məmmədovdur.-İlham müəllim, bizim ənənəvi bir rubrikamız var. Rubrika “İşdən sonra” adlanır. Adətən millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlərlə siyasətdən kənar söhbətlər edirik. Bu dəfə “İşdən sonra” sizinlə görüşməyi qərarlaşdırdıq.-Çox təşəkkür edirəm. Rubrikanız davamlı və oxunaqlı olsun. Suallarınıza cavab verməyə hazıram.-İlham müəllim, ümumiyyətlə siyasətdən kənar söhbətlər etməyə, müsahibə verməyə maraqlı birisiniz?-Əgər sizin saytınızın “İşdən sonra” rubrikasının qonağıyamsa, deməli belə bir kompleksim yoxdur. Ümumiyyətlə, siyasət adamları hər bir mövzu üzrə jurnalistlərin suallarını cavablandırmağa maraqlı görünməlidir. Ancaq eyni zamanda qeyri-siyasi mövzularda ünsiyyət qurmaq istəməyən, müsahibə verməyə maraqlı olmayan hər kəsin də mövqeyinin nəzərə alınmasının tərəfdarıyam. Hər kəsin proseslərə, bu və ya digər məsələyə öz baxış bucağı var və həmin münasibətə də hörmətlə yanaşmağı məqbul bilirəm.-Belə başa düşürəm ki, qeyri-siyasi mövzuda siz istənilən suala cavab verməkdən yayınmırsınız, bu kimi suallara tam açıq birisiniz.-Müəyyən suallar var ki, onlara cavab vermək, hər şeyi açıqlamaq doğru olmazdı. Ümumiyyətlə, mən jurnalistin şəxsi həyata qabarıq şəkildə müdaxilə etməsi, açıqlanması lazım bilinməyən suallar verməsinin tərəfdarı deyiləm. O demək deyil ki, mən şəxsi həyatımı tamamilə gizli saxlayıram. Ancaq dediyim kimi elə məsələlər var ki, o barədə sual vermək, müsahibindən həmin məsələ barədə çalışıb nəsə bir-iki cümlə almaq doğru deyil. Bir sözlə hər şey müəyyən sərhədlər çərçivəsində olmalıdır. Onda hər şey gözəl görünür, gözəl alınır. -İlham müəllim, işdən sonra bir qayda olaraq nə ilə məşğul olursunuz? -Bizim işimiz əsasən Milli Məclisin plenar iclasları və komitə iclaslarında iştirak etməkdən ibarətdir. Bundan başqa seçicilərlə fəal şəkildə işləyirik. Adətən işdən sonra evə getməyə üstünlük verirəm. Ancaq hansısa dövlət tədbirləri, yaxud dəvətlər olanda həmin tədbirlərə getmək məcburiyyətində qalıram. Yaxud televiziya proqramlarına dəvət aldıqda ora gedirəm. Konkret olaraq desək, işdən sonra evə gedib dincəlməyə, istirahət etməyə daha çox üstünlük verirəm.-Belə çıxır ki, gün ərzində gərgin iş rejimində çalışırsınız-Hazırda istənilən peşə sahibi üçün çalışdığı sahə onun üçün gərgin iş rejimidir. Bu da hesab edirəm ki, zamanla bağlı məsələdir. Dünya dəyişdikcə zaman daha sürətlə keçir, vaxt loru dildə desək uçur. Ona görə də işlərini, planlarını zamana uyğun qurmağa çalışırsan. Bu baxımdan da gərginlik yaşayırsan. Hər nə qədər işlərini əvvəlcədən planlaşdırsan, bir proqram müəyyən etsən də, istər-istəməz son anda əvvəlcədən təyin etdiyin proqramı dəyişməyə məcbur olursan, bu da öz növbəsində gərginlik yaşadır. Ancaq onu da deyim ki, uzun illər gərgin iş rejimində çalışdığım üçün artıq mənim üçün bu adi bir haldır. Məlumat üçün deyim ki, 18 il Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri olmuşam. Eyni zamanda da milət vəkiliyəm. Bu illər mənim ictimai-siyasi həyatımın mühüm bir hissəsi olub. Bu iki vəzifə, etimad və məsuliyyətin bir yerdə olması səni istər-istəməz öz şəxsi həyatından daha çox ictimai həyatda fəal olmağa sövq edir. Məlumat üçün qeyd edim ki, 2003-2005-ci illər ərzində isə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuşam. Doğma kollektivə rəhbərlik etmək mənim üçün məsuliyyət olub. Göstərilən etimada görə, mən orada daha məhsuldar çalışmalı, ciddi işlər görməli idim. İlk növbədə onu deyim ki, mən özümü həmin kollektivdə xüsusi imtiyaza malik baş həkim, müdir kimi aparmırdım, özümü kollektivdən biri hesab edirdim. Sadəcə baş həkim təyin olunandan sonra kollektivi yığıb bildirdim ki, Yevlax səhiyyəsinin ənənələri olub və biz bu ənənələri qoruyub daha da yüksəklərə qaldırmalıyıq. Bunun üçün ilk növbədə nizam-intizamdan başladıq. Xəstəxana həyətinin abadlaşdırılması, yaşıllaşdırılmasını həyata keçirdik. Çünki təmiz hava, oksigen insan orqanizmi üçün ən vacib məqamdır. Sonrakı mərhələdə xidmət sahəsində yeniliklərə başladıq. Paralel olaraq şəhər rəhbərliyinə etdiyimiz təklif əsasında Yevlaxda bir neçə gölməçələrin qurudulması və yerində parkların salınmasına nail olduq. Bu addım öz-özlüyündə sanitar-gigiyena qaydalarına riayət edilməsi, yolxucu xəstəliklərin qarşısının alınması baxımından əhəmiyyət kəsb edirdi. Bu fəaliyyətimiz Səhiyyə Nazirliyi tərəfindən də yüksək qiymətləndirildi və Yevlax Şəhər Mərkəzi Xəstəxanası yüksək tibbi xidmətin göstərilməsi sahəsində fəaliyyətinə görə, ilk dəfə olaraq ümumrespublika üzrə fəxri fərman və 5 min manat mükafat olmaqla birinci yerə, ondan sonrakı il isə ikinci yerə layiq görüldü. Bir sözlə Yevlax Şəhər Mərkəzi xəstəxanasının baş həkimi olaraq çalışmışam ki, göstərilən etimadı doğruldum. Daim insanlarla, səhiyyə ocağına üz tutan vətəndaşlarla ünsiyyətdə olmuşam. Baş həkim olaraq gün ərzində yüzlərlə insanla rastlaşırsan ki, onların hərəsinin də öz baxış bucağı, öz davranış tərzi var. Məcbursan ki, hər kəslə dil tapıb onu yola verə biləsən. Deməyim odur ki, daim insanlarla ünsiyyətdə olmuşam və bu baxımdan işin gərginliyi məni o qədər də yormur. -Bəs seçici müraciətləri necə? Bəzən uyğun olmayan müraciətlər bezdirir sizi?-Açığı deyim ki, belə bir problem var. Bəzən seçicilər tərəfindən deputat qarşısında ona heç bir aidiyyatı olmayan məsələlər qaldırılır, mütləq şəkildə həmin problemi həll etmək istənilir. Hətta bəzi hallarda tələb belə edilir. Belə seçicilərə qaldırdığı məsələnin deputat səlahiyyətindən kənar olduğunu deyəndə isə küsür, inciyir, yaxud mətbuata üz tutaraq həqiqətə uyğun olmayan açıqlamalar verir. Açığı belə hallar məni həm yorur, həm də incidir. Ancaq bütün halda bir millət vəkili olaraq çalışıram ki, hər bir vətəndaşın qaldırdığı məsələyə səlahiyyətim çərçivəsində köməklik göstərim, dəstək olum. Mənim səlahiyətim xaricində olan məsələlərlə bağlı isə müvafiq dövlət qurumlarına müraciət edərək onların həllinə köməklik göstərməyə çalışıram.Ümumiyyətlə, kollektiv şəkildə, hansısa küçədə, qəsəbədə mövcud olan kommunal problemlərlə bağlı məsələləri həll etməyə çalışırıq və buna nail oluruq. Yaxud ümumilikdə Yevlax üçün rayon rəhbərliyi ilə birlikdə qaldırdığımız məsələlərin həllinə nail ola bilirik. Mənim üçün ən həssas məsələlərdən biri şəhid ailələri və qazilərin qayğılarıdır. Düzdür, dövlət səviyyəsində bu kateqoriyadan olan insanlara böyük diqqət və qayğı göstərilir. Ancaq bəzən bizə də müəyyən müraciətlər olur. Məsələn, bu günlərdə bir qazimizin atası çox ağır vəziyyətdə Bakıya gətirilmişdi və ürəyindən əməliyyat olunmalı idi. Mənə də müraciət edildi ki, imkan qədər dəstək olum. Mən də bacardığım qədər öz köməkliyimi etdim. Bəzən seçicilər tərəfindən elə məsələlər qaldırılır ki, həmin məsələnin həllinə nail olanda mən həmin problemi qaldıran seçicidən daha çox sevinirəm. -Bu qədər gərgin iş rejiminin qarşılığında istirahət etməyə zaman tapırsınızmı?-Açığı bir söz deyim, bəlkə də çoxları bu sözümə inanmaz. Ancaq həqiqət budur. Əgər bir seçicinin qaldırdığı problemi həll edə, ona köməklik göstərə bilirəmsə və bundan dolayı seçicinin üzündə sevinc, fərəh görürəmsə, inanın ki, bu mənim üçün ən böyük istirahətdir. Dediyim kimi bəlkə çoxları bu dediklərimə inanmayacaq, ancaq reallıq budur, mənim həyat fəlsəfəm bundan ibarətdir. Tətil müddətində belə mən Yevlaxda seçicilərimlə görüşürəm, onlarla söhbətlər edirəm. Rayonun ayrı-ayrı kəndlərinə gedərək seçicilərin qonağı oluram, onlarla çay süfrəsi ətrafında oturub qayğılarını, istək və arzularını dinləyirəm. Bu mənim üçün sözün həqiqi mənasında bir istirahətdir. Əgər mənim facebook səhifəmə nəzər yetirsəniz, o zaman iyul-avqust aylarında bir qayda olaraq rayonda seçicilərlə görüşlər keçirdiyimin şahidi olarsınız.Ümumiyyətlə, mən evə bağlı adamam. Evdə mənim zəngin kitabxanam var və müntəzəm olaraq onları mütaliə edirəm. Xüsusilə tətil müddətində kitab oxumağa daha çox üstünlük verirəm. Bu yaxınlarda ingilis yazıçısı Lesli Blanşın “Cənnətin qılıncları” kitabını oxumuşam. Hazırda isə Üzeyir Hacıbəyovun “Seçilmiş əsərlər”ini oxuyuram. Bundan başqa televiziyada filmlərə baxmağı xoşlayıram. -Tətil müddətində harda istirahət etməyə üstünlük verirsiniz? Ölkə daxilində, yoxsa Vətəndən kənarda?-Tam səmimi deyirəm, ölkədən kənara yalnız qanunverici orqan çərçivəsində hansısa səfərlər olanda çıxıram. Bir qayda olaraq tətili Azərbaycanda başa vururam. Azərbaycanımızın o qədər gözəl, gəzməli, istirahət etməli yerləri var ki, bunun üçün ölkədən kənara çıxmağa ehtiyac yoxdur. Bir məqamı da qeyd edim ki, millət vəkili seçiləndən sonra mən tətil müddətində bir dəfə də olsun ölkə xaricinə çıxmamışam, ancaq qeyd etdiyim kimi imkan daxilində ölkə daxilində istirahət etməyə üstünlük vermişəm. Bir qayda olaraq nəvələrimlə çıxıb gəzməyi sevirəm. Onu da xüsusi qeyd etmək yerinə düşər ki, Cənab Prezident, Müzəffər Ali Baş Komandanımızın tarixi zəfəri nəticəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra bu imkanlar daha da artıb. Təkcə azad edilmiş şəhər və rayonlarımızın turizm zonalarını gəzmək istəsək bizə bir neçə il kifayət etməz.-Cavabınızdan belə başa düşdüm ki, tətili bir qayda olaraq Azərbaycanda keçirirsiniz.-Bəli. Mənim üçün ən gözəl tətil ata yurdumda olmaqdır. Allah bütün dünyasını dəyişən valideynlərə rəhmət eləsin, mənim hər iki valideynim dünyasını dəyişsə də, ancaq yenə də yaşadığımız binanın həyətinə, mənzilimizə ayaq basanda onların sanki sevgi, qayğısını hiss edirəm. Atalı-analı günlərimi, uşaqlıq xatirələrimi yada salıram. Keçmiş günlərimi vərəqləyirəm. -Uşaqlıq xatirələri nələr idi?-Bizim yaşadığımız küçədə Sovet dövründə tikilmiş 4 çoxmənzilli yaşayış binası vardı. Bütün qonşularla mehriban, səmimi münasibətlərimiz vardı. Bir növ ailə bağlılığı mövcud idi. Bu bağlılıq istər böyüklər, istərsə də uşaqlar arasında davam edirdi. İndi də Yevlaxa gedəndə üz tutduğum məkan yalnız həmin binadakı ata evimizdir. Başqa heç bir mülküm, həyət evim yoxdur. Yevlaxa gedəndə o həyətdə, evdə həm də bir rahatlıq tapıram, dincəlirəm. Yevlaxda olduğum müddətdə maksimum dərəcədə çalışıram ki, həmin uşaqlıq dostlarım, sinif yoldaşlarımla bərabər olum. Onların arasında müxtəlif peşə sahibləri var. Həmin insanlarla bir yerdə olanda uşaqlıq illərimi xatırlayıram. Uşaqlıq dostlarımla görüşəndə bir növ özümdən asılı olmayaraq uşaqlığıma qayıdıram. Çoxdur uşaqlıq xatirələri. Onların hər birini danışsam, gərək günlərlə söhbət edək.-İlham müəllim, deputat olaraq öz fəaliyyətinizdən razısınız?-Bu suala mənim cavab verməyim düzgün olmaz. Hesab edirəm ki, deputatın fəaliyyətinin qənaətbəxş olub-olmadığını seçici müəyyən etməlidir. Mən desəm ki, fəaliyyətimdən razıyam, bu qiymətləndirmə doğru olmaz. Hər hansı bir fəaliyyətin uğurlu və ya uğursuz olmasını kənardan daha yaxşı müəyyən etmək olur. Ona görə də mənim deputat kimi fəaliyyətimə seçicilərim qiymət versə daha yaxşı olardı. Ancaq bütün halda maksimum dərəcədə çalışıram ki, seçicilərimin etimadını doğruldaraq onlar üçün yaxşı deputat olum. Buna nə dərəcədə nail olmuşam, dediyim kimi seçicilər özü qiymət versin.-Maşallah olsun, 63 yaşınız olsa da, baxanda o yaşı vermək olmur. Belə gümrah qalmağın sirri nədir? İdman, yoxsa sağlam qidalanma?-Hər ikisi. Düzdür, professional şəkildə idmanla məşğul olmasam da, səhər yuxudan duranda adətən müəyyən idman hərəkətləri edirəm. Boş zamanlarımda yürüşə çıxıram. Mən bir həkim kimi təbii ki, insanlara nümunə olmalıyam. Bizə Allah tərəfindən verilən canı, ruhu, orqanizmimizi qorumalıyıq. Həkim olduğum üçün insanlarımıza düzgün qidalanmağı tövsiyə edərdim. Mən özüm də mümkün qədər sağlam qidalanmaya üstünlük verirəm. İnsan orqanizmi üçün fəsadlar yarada biləcək qida məhsullarından uzaq dururam. Tütün məmulatları qəbul etmirəm. Hesab edirəm ki, bütün bu sadaladıqlarımın gümrah qalmağa öz müsbət təsirləri var.Sağlamlığın bir nömrəli rəhni fiziki hərəkətlər, gəzmək, yürüşə çıxmaq, idmanla məşğul olmaqdır. Təbii ki, bunlar hamısı normasında olmalıdır. Həddən artıq idmanla məşğul olmaq özü bir xəstəlikdir. Bəzən eyni yaş qrupunda olan dostlarımız ağır idman növləri ilə məşğul olurlar. Mən onlara bunu tövsiyə etməzdim. Çünki hər bir yaşın özünə uyğun idman hərəkətləri var. Hətta peşəkar idmanın özünün idman metodikası var. Bunun ən yaxşı yolu ən azı bir saat piyada gəzmək, təmiz hava qəbul etmək və düzgün qidalanmaqdır. Həmçinin, gündə ən azı 1 saat mütaliəyə vaxt ayırmaq lazımdır ki, beyin yaxşı işləsin. Ancaq kitabı hansısa sosial şəbəkə üzərindən, yaxud səsli deyil, vərəqləyərək oxumaq lazımdır. Kitab vərəqləmək, onu oxumaq beyin damarlarının tam qidalanmasına kömək edən amillərdəndir. Bir məqama da diqqət çəkmək istərdim. Çox təəssüflər olsun ki, insanlar arasında ünsiyyət azalıb. Məsləhət bilərdim ki, yaxın dostlar, qohumlarla ünsiyyət daha da artsın. Əvvəlki kimi hamı bir-birinə qonaq getsin, çay süfrəsi ətrafında yığılıb müəyyən məsələləri müzakirə etsinlər. Təəssüflər olsun ki, bu gün əksəriyyət, xüsusilə də müasir gənclik sosial şəbəkələrin əsirinə çevrilib. Hətta gəzməyə, istirahətə gedəndə təbiət gözəlliyindən zövq almaq əvəzinə şelfi çəkdirmək, sosial şəbəkələrdə paylaşım etməyə üstünlük verirlər. Bütün bunlar insan orqanizmini gərginlikdə saxlayır. Yaxşı yuxu, düzgün istirahət, qidalanma və fiziki hərəkət, sağlamlığın rəhni budur. Möhtərəm Cənab Prezidentimiz də səhiyyə sahəsi ilə bağlı keçirilən görüşlərdə bu tövsiyələri bizə verib. Hesab edirəm ki, idman və fiziki aktivliklə bağlı Cənab Prezidentimizin həyat tərzi bizim üçün nümunə olmalıdır.-İlham müəllim, tətil günlərində vaxt ayırıb rubrikamızın qonağı olduğunuz üçün təşəkkür edirik.-Mən də Sizə təşəkkür edirəm “İşdən sonra” rubrikasının qonağı olduğum üçün. Rubrikanızın davamlı, oxunaqlı olmasını arzulayıram. Əminəm ki, belə də olacaq.Süleyman İsmayılbəyli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
37
newscenter.az

10Mənbələr