AZ

Qorxulu Tehranın U dönüşü - sərt ritorikanın İrəvan üçün qəti qorxusu yoxdur

  İran prezidenti Məsud Pezeşkian bu gün Ermənistana səfər edir. Onun səfəri avqustun 21-dək davam edəcək, daha sonra o, Belarusa gedəcək.

Bu səfər çoxdan planlaşdırılmışdı. Vaşinqtonda ABŞ prezidenti Trampın, Azərbaycanın dövlət başçısı İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə əldə olunmuş razılaşmalar səfərin təxirə salınmasına səbəb olmadıI, amma yəqin ki, gündəliyinə təsir edəcək.

Vaşinqton görüşündə “Zəngəzur dəhlizi” ilə bağlı prinsipial razılıq əldə edilməsi (rəsmi saziş imzalanmasa da), dəhlizin “Tramp yolu” adlandırılması ehtimalı əzəl başqa İranın dini liderlərində və SEPAH-da mənfi reaksiya doğurdu və onların sözçüsü Əli Əkbər Vilayəti lazım gəlsə, “Tramp yolu”nu vuracaqlarını bildirdilər.

Bu, emosional reaksiya idi, düşünülmüş və ağıllı bəyanat deyildi, üstəlik, bəyanatda yer alan “Tramp yolu qəbristanlığıa dönəcək” ifadəsi arı yuvasına çubuq uzatmaq idi. Cəmi 1 ay öncə ABŞ-nin analoqsuz bombardmanında yeraltı nüvə santrallarını itirmiş, daha dərin bunkerlərdə gizlənərək canlarını qurtarmış yüksək mənsəbli şəxslər belə sözlərlə Trampın və Pentaqonun hiddətini öz üzərlərinə fokuslaşdıra bilərdilər.

Düzdür, mötədil siyasət yeritməsi ilə tanınan prezident Pezeşkian paralel hökumətin ifadəsini yumşaltmağa çalışdı və buna xeyli dərəcədə nail oldu. İran rəsmiləri U dönüşü etdilər və daha həmin mövzuda qəzəbli bəyanatlar vermədilər və necə deyərlər, altdan aldılar.

Əslində “Tramp yolu”nun vurulması barədə səslənən hədə dünənə qədər “əzəli və əbədi İran-Ermənistan qardaşlığı”ndan bəhs edən cənabların öz ritorikalarına zidd söhbət idi, İranın Ermənistan ərazisinə hərbi təcavüz edəcəyi anlamına gəlirdi.

Deyəsən, İranda bunu ertəsi gün anladılar və mövqelərini yumşaltdılar. Bununla belə, Məsud Pezeşkianın Ermənistana səfərini təxirə salmaması, İrəvanın da onun qəbul etməkdən imtina etməməsi göstərdi ki, tərəflər bu epizodik “qəzəb partlayışı”nı çox da ürəklərinə salmayıblar.

İndi Ermənistan hakimiyyəti İran liderini qonaq etməklə onun “Tramp yolu” ilə bağlı narahatlığını aradan qaldırmağa, həm də ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltməyə çalışacaq.

Pezeşkianın siyasi müşaviri Mehdi Sanai prezidentin səfəri barədə danışarkən deyib ki, məqsəd iki ölkə arasında, xüsusilə də ticarət sahəsində əlaqələrin gücləndirilməsi və sənədlərin imzalanmasıdır.

İranın xarici işlər naziri Abbas Əraqçi isə vurğulayıb ki, Pezeşkianın səfəri xüsusi əhəmiyyət kəsb edir, çünki Tehran İrəvanla münasibətlərdə yeni üfüqlər açmaq öhdəliyini təsdiqləmək niyyətindədir. “Tarixi əlaqələr, coğrafi yaxınlıq, bir-birini tamamlayan iqtisadiyyatlar və regional maraqların yaxınlaşması əməkdaşlığın möhkəmlənməsinə güclü təkan vermək üçün birləşir”, – diplomat “Armenpress” üçün yazdığı məqalədə qeyd edib.

Bu mətndə yer alan “regional maraqların yaxınlaşması” söhbəti bizə bir yerdən tanışdır. İran və Ermənistan ölkəmizə münasibətdə özlərini müttəfiq sayan dövlətlərdir və bu müstəvidə onların “regional maraqları” üst-üstə düşür.

Ancaq iş elə gətirib ki, Azərbaycan və Ermənistan arasında müharibə bitib, ortada yeni müharibəyə səbəb olacaq münaqişə predmeti və şəraiti qalmayıb, artıq regiona qalıcı sülh gəlməlidir. İran da öz “sadiq müttəfiqi”nin regional maraqlarına ayaq uydurmağa, onun özünə sərfəli hesab etdiyi planlara razılıq verməyə məcburdur.

İranın bu günə qədərki höcətliyi “Zəngəzur dəhlizi”nin Azərbaycan və Türkiyəyə sərfəli olacağı, “Turan yolu”na çevriləcəyi üzündən idi. Bir halda ki, yolun açılmasında Ermənistanın da marağı var, demək, adı “Tramp yolu” olacaqsa da, İran buna etiraz etməyəcək.

Tehranın ikili standartı bariz şəkildədir. Hətta belə çıxır ki, “Zəngəzur dəhlizi”nin açılması təşəbbüsü Ermənistandan gəlsəydi və Azərbaycan buna qarşı çıxsaydı, o zaman dini liderin tərəfdarlarının bəyanatı bu cür olacaqdı: “O yol nəyin bahasına olursa, olsun, açılmalıdır. Bu, İranın qırmızı xəttdiri. Ermənistan mühasirədən qurtulmaq, şərq və qərb istiqamətində sərnişin və yük daşımaqı imkanı əldə etməlidir”.

Son 35 ildə dəyişən mövqe və ritorikaları çox görmüşük, bu “Bizans siyasəti” bizə çoxdan tanışdır.

Pezeşkianın səfəri ilə bağlı yayılan informasiyalardan anlaşılır ki, avqustun 19-da Ermənistan-İran biznes forumu keçiriləcək və İran prezidenti tədbirdə iştirakı edəcək. Bu foruma prezidentlə yanaşı, İranın sənaye, yol tikintisi, kənd təsərrüfatı, əczaçılıq və digər iqtisadi sektorlarının nümayəndələri də qatılacaqlar. Bu da o deməkdir ki, tərəflər əməkdaşlığı, müttəfiqliyi davam etdirmək niyyətindədirlər.

Səfər ərəfəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani arasında telefon danışığı olub. Onlar da təsdiq ediblər ki, İrəvan və Tehran yaxın gələcəkdə strateji əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəklər.

Ancaq yenə də İran-Ermənistan münasibətlərini təhdid edən bir məqam var. Bu, Ermənistanın Qərblə, xüsusilə ABŞ ilə get-gedə istiləşən münasibətlərdir. İrəvanın bir-birilə qatı düşmənçilik münasibətində olan iki dövlətlə eyni zamanda necə müttəfiq olacağı maraq doğurur.

Ermənistan hakimiyyəti ümid edir ki, “Tramp yolu” Paşinyanın Cənubi Qafqazda “Dünyanın kəsişməsi” ideyasını həyata keçirməyə imkan verəcək. Bununla belə, Tehran ABŞ-nin sərmayələrin cəlb edilməsi və təhlükəsizliyə zəmanət verməsi vədlərinin islam respublikasını təhdid etməsindən narahatdır.

Bu halda tərəflər Ermənistanı seçim qarşısında qoyaraq, “səfini, tərəfini müəyyən et, ya onlar, ya biz” tələbi etməyəcəklərmi? Etməyəcəklərsə, bu, yenə də ikili standartların bariz nümunəsi olacaq.

Onu da qeyd edək ki, İranda bu kimi məsələlərə yanaşmada iki paralel xətt var: dini liderlərin, SEPAH-ın radikal xətti və Pezeşkianın mötədil xətti.

Hazırda Ermənistana münasibətdə onların arasında fikir ayrılığı yoxdur, təəssüf ki, Azərbaycana münasibətdə - var./Musavat.com  

Seçilən
58
50
referans.az

10Mənbələr