AZ

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

Aqronomiya üzrə kadr çatışmazlığı aqrar sektorun inkişafını ləngidir

Bazarda tələbat olmayan məhsullara subsidiya ayrılması səmərəsizliyə səbəb olur
Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və güzəştlərin tətbiqi üçün 2020-2024-cü illər ərzində ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri çərçivəsində dövlət büdcəsindən 2,2 milyard manatdan artıq vəsait yönəldilib.
Bu barədə Maliyyə Nalirliyi xəbər verib.
Qeyd edilib ki, aparılan monitorinq və təhlillər nəticəsində müəyyən edilmiş bitki növləri üzrə son dövrlərdə fermerlər və kənd təsərrüfatı subyektləri tərəfindən istifadə edilmiş subsidiyaların məbləği ilə həmin bitki növlərinin istehsalından əldə edilmiş məhsulların həcmi arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunmuş, habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb.

İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, Subsidiyaların artmasına baxmayaraq, kənd təsərrüfatında məhsuldarlığın azalması, ilk növbədə, həmin subsidiyaların gözlənilən təsiri yaratmaması və səmərəsiz şəkildə istifadə olunmasının göstəricisidir:

“Bununla yanaşı, iqlim dəyişikliyi də məhsuldarlığın azalmasına təsir göstərən əsas amillərdəndir. Məsələn, hər il müşahidə olunan quraqlıq, sel hadisələri, temperatur anomaliyaları kimi təbii faktorlar kənd təsərrüfatı məhsuldarlığına ciddi təsir edir. Subsidiyaların əkin sahəsinin ölçüsünə və ya bitki növünə görə verilməsi fermerlərin keyfiyyətli məhsul istehsal etməsinə deyil, sənəd üzərində əkin sahələrinin genişləndirilməsinə gətirib çıxarır. Bu isə təyinata uyğun olaraq subsidiyalardan istifadə edilməməsi ilə nəticələnir. Suvarma sistemlərinin vəziyyəti infrastruktur baxımından aşağı səviyyədədir və bu, məhsuldarlığın daha da aşağı düşməsinə səbəb olur. Eyni zamanda, aqrar sahədə kadr çatışmazlığı müşahidə olunur. Fermerlər arasında aqronomiya sahəsində bilik və bacarıqlara malik mütəxəssislərin azlığı aqrar sektorun inkişafını və planlaşdırılmasını ləngidir. Bəzi hallarda subsidiyalar bazarda tələbat olmayan məhsullar üçün ayrılır. Nəticədə, fermerlər yalnız subsidiya əldə etmək məqsədilə səmərəli olmasa belə həmin məhsulları istehsal edirlər. Bununla yanaşı, subsidiyaların tam hədəfə çatmaması, bəzi hallarda isə layihələrin kağız üzərində süni şəkildə şişirdilməsi müşahidə olunur. Vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi səbəbindən bu sahədə ciddi nəzarət mexanizmlərinin hazırlanması zəruridir. Eyni zamanda, subsidiyaların verilməsi mexanizmləri daha da təkmilləşdirilməlidir”.
Seçilən
40
30
sherg.az

10Mənbələr