AZ

Deputat Rusiyanın SOCAR-a hücumlarından danışdı — "Təsadüfi deyil"

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub. Avqustun 8-də isə SOCAR-ın neft bazasına zərbə endirmişdi.

Bu barədə Demokrat.az-a danışan millət vəkili Elman Nəsirov bildirib ki, bu hücumlar təsadüfi deyil, məqsədyönlü şəkildə edilib:

"Bu, Rusiya və Azərbaycan arasındakı gərginliyi ifadə edir və bu gərginliyə görə Azərbaycan heç bir məsuliyyət daşımır, məsuliyyət tamamilə Rusiyanın üzərinə düşür. Çünki Rusiya Azərbaycana qarşı sistemli şəkildə müttəfiqlik münasibətinə uyğun gəlməyən addımlar atır. Hələ keçən il AZAL-a məxsus təyyarə vuruldu, hələ də bununla bağlı cinayətkarlar məsuliyyətə cəlb edilməyib, eyni zamanda kompensasiya da ödənilməyib. Bundan sonra isə Yekaterinburqda azərbaycanlılara qarşı basqınlar, qətllər oldu. Bütün bunlar Moskva-Bakı gərginliyini artırdı. Daha sonra bizim kənd təsərrüfatı məhsullarına qarşı embarqoların tətbiqi, soydaşlarımıza qarşı təzyiqlər, deportasiyalar, hədələmələr göstərdi ki, münasibətlərdə yumşalma yox, gərginlik daha da artmaqdadır".

Deputat qeyd edib ki, bu addımlar Rusiyanın Cənubi Qafqaz siyasəti ilə üst-üst düşmür:

"Çünki onsuzda regionda Gürcüstan qərbyönümlü siyasət yürüdür, Ermənistan açıq şəkildə qərbmeyilli siyasət həyata keçirir. Azərbaycan yeganə dövlətdir ki, balanslı siyasət həyata keçirir, neytral statusunu qoruyub saxlayır və Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Belə bir dövlətə qarşı bu cür haqsız addımlar Azərbaycanın xarici siyasətində müəyyən dəyişiklikləri labüd edə bilər.  İnanmaq istərdik ki, Rusiyada bəzi sağlam düşüncəli dairələr proseslərə məntiqlə qiymət verəcək və fərqində olacaqlar ki, Azərbaycana qarşı belə davranış yalnış siyasətdir. Təəssüf ki, hələ Rusiyada bu reallığı tam dərk edə bilmirlər".

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
8
50
demokrat.az

10Mənbələr