BAKI, 18 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.