AZ

“Laçın Hava Limanı iqtisadiyyat və təhlükəsizlik üçün strateji əhəmiyyət daşıyır” – ÖZƏL

Laçında geniş quruculuq və infrastruktur işləri sürətlə davam edir. Enerji və yol-nəqliyyat şəbəkəsi yenilənir, şəhər dirçəlir. Ən mühüm layihələrdən biri - 28 may 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanıdır. Qorçu kəndində, 1700 metr yüksəklikdə yerləşən bu hava limanı Azərbaycanın ən hündür aeroportu sayılır. 

"Laçın Hava Limanı Azərbaycan üçün bir neçə istiqamətdə strateji əhəmiyyətə malikdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, birinci növbədə, iqtisadi baxımdan bu hava limanı ölkənin turizm potensialını reallaşdırmaq, həm daxili, həm də xarici turizmdən yüksək səviyyədə faydalanmaq imkanlarını artırır. Eyni zamanda, logistik imkanların iqtisadiyyata töhfə verməsi baxımından bu infrastruktur ciddi önəm daşıyır.

İqtisadçının sözlərinə görə, burada əsas məqsəd insanların daşınması deyil. Liman mineral ehtiyatların, kənd təsərrüfatı məhsullarının və sənaye məhsullarının ixracı, həmçinin müxtəlif təchizat vəsaitlərinin daşınması üçün istifadə oluna bilər. Bundan əlavə, bu hava limanı multiplikativ effektlərlə kənd təsərrüfatı, sənaye, turizm və iqtisadiyyatın digər sahələrinin inkişafına dəstək verəcək.

"Laçın Hava Limanı ölkənin təhlükəsizliyi və işğaldan azad olunmuş ərazilərin tanıdılması baxımından da mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın bölgəsində yerləşən hava limanları strateji əhəmiyyət kəsb edir və ölkənin siyasi nüfuzunu gücləndirir," - deyə ekspert sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
50
olaylar.az

10Mənbələr