AZ

Qlobal investorlar dollar üzrə hedcinqlərini azaldırlar

Qlobal investorlar dolların zəifləməsinə qarşı hedcinq səviyyəsini apreldəki tarif şoklarından əvvəlki göstəriciyə qədər azaldıblar. Banker.az xəbər Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə “State Street Markets”in məlumatlarında qeyd edilir.

Bu, son aylarda müşahidə olunan tendensiyadan fərqlidir. Həmin dövrdə ABŞ-da Trampın tarif siyasəti nəticəsində həm dollar, həm də aksiyalar ucuzlaşmış, investorlar isə riskdən qorunmaq üçün hedcinqi artırmışdılar.

Hazırda hedcinq əmsalı 21,6% təşkil edir ki, bu da may ayı ilə müqayisədə 2 bənd az və aprelin əvvəlindəki səviyyəyə uyğundur. Analitiklər bildirirlər ki, dollar üçün risk qalmaqdadır, lakin gözlənildiyi kimi kəskin təsir etməyib. Dövlətlərarası tarif gərginliyi dolların ənənəvi “təhlükəsiz liman” rolunu zəiflətsə də, xarici investorların davranışında ciddi dəyişiklik görünmür.

“State Street Markets”in makrostrateji bölməsinin rəhbəri Maykl Metkalf qeyd edib ki, bu dəfə əmsalın dəyişməsi əvvəlki 10%-lik dalğalanmalardan fərqli olaraq, cüzi olub. Onun sözlərinə görə, investorlar uzunmüddətli (3–5 il) perspektivlərdə dolları hələ də effektiv qoruyucu alət kimi dəyərləndirirlər.

İyulda dollar müəyyən qədər dəstək qazanıb. Belə ki, yeni gömrük rüsumlarının ən pis ssenarisi reallaşmadı, ABŞ səhmləri isə bərpa olunaraq S&P 500 indeksini tarixi zirvəyə yaxınlaşdırdı. Bununla belə, hedcinq xərclərinin artması fonunda investorlar daha ehtiyatla hərəkət edirlər. Avro istifadəçiləri üçün dollarla üç aylıq hedcinq xərci ötən ilin sentyabrında 1,31%-dən bu ilin iyun-iyul aylarında 2,40%-ə yüksəlib və hazırda 2,20%-dən yuxarı qalır.

Metkalfin sözlərinə görə, investorlar indi müşahidə olunan tendensiyanın qarşıdakı aylarda təkrarlanıb-təkrarlanmayacağını izləməyi üstün tuturlar.

State Street — ABŞ-da yerləşən, dünyanın ən iri maliyyə xidmətləri qruplarından biridir. Baş ofisi Boston şəhərindədir. Şirkət əsasən aktivlərin idarə olunması, depozitar xidmətlər, fond idarəçiliyi və bazar araşdırmaları ilə məşğuldur.

Onun bölmələrindən biri olan State Street Markets isə investor davranışları, hedcinq axınları və valyuta bazarları üzrə analitik məlumatlar təqdim edir. Yəni həm bank, həm də böyük analitik mərkəz funksiyasını daşıyır.

Seçilən
3
35
banker.az

10Mənbələr