ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Uzun yola çıxmaq istəyən sürücülər üçün təhlükəsizlik məsələləri hər zaman əsas prioritet olmalıdır. Avtosfer.az xəbər verir ki, xüsusən də yay mövsümündə istirahətə və ya rayonlara gedənlərin sayı artdıqca, yolda baş verə biləcək problemlərin qarşısının alınması üçün avtomobilə və sürücünün öz hazırlığına diqqət yetirmək vacibdir.
Məsələ ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az saytına açıqlamasında bildirib ki, yay aylarında çoxları istirahət üçün rayonlara üz tutur. Lakin bu zaman bəzi sürücülər ciddi səhvlərə yol verirlər:
“Birinci səhv ondan ibarətdir ki, uzun yola çıxmaq üçün ən uyğun vaxt səhərdir. Günün qaranlıq saatlarında yola çıxmaq məsləhət deyil. Atalar deyib: “Gecənin xeyrindən səhərin şəfəqi yaxşıdır”. Axşam saatlarında yollarda avtomobil az olsa da, ağır qəzalara düşmə ehtimalı 2 dəfə artır. Bu səbəbdən yola səhər tezdən, günəş doğarkən çıxmaq daha təhlükəsizdir. Bunun da əlavə üstünlüyü var: saat 11-dən sonra yollarda yük maşınlarının sayı artır və hərəkət ləngiyir. Ona görə də səhər saatlarında yola çıxmaq daha məqsədəuyğundur”.
Məşqçi həmçinin qeyd edib ki, uzun yola çıxmazdan əvvəl sürücü mütləq yaxşı yatmalıdır:
“Yuxusuz sürücü böyük təhlükə yaradır. Çox vaxt olur ki, gözlər açıq olsa da, sürücü yuxuya gedir. Bu isə ağır nəticələrə səbəb olur. Bundan əlavə, uzun məsafədə hər 1–2 saatdan bir 15 dəqiqəlik istirahət etmək vacibdir. Sürücü üzünə su vurmalı, bir qədər gəzişməli, bədənini hərəkət etdirməlidir. Əgər məsafə 400–500 kilometrdirsə, yolun yarısında 1–1,5 saatlıq fasilə verərək həm dincəlmək, həm də ailəvi şəkildə yemək-içmək və təbiətə baxmaq lazımdır. Əgər sürücü məcbur olub gecə yola çıxırsa, bu halda da bəzi məsləhətlər var. Yaxşı olar ki, qarşınızdakı qaydaları pozmayan və sizə uyğun sürətlə hərəkət edən avtomobilin arxasınca gedəsiniz. Onun arxa işıqları yolu daha rahat görməyə kömək edəcək, yoldan çıxmaq və ya aşmaq riski azalacaq”.
Aqil Rəhimov deyib ki, digər vacib məqam isə çəkələklə maşın sürməməkdir:
“Çünki bu zaman sürücünün ayağı pedallara ilişə bilər, tormoz əvəzinə qaza basıla bilər və qəza baş verər”.
Avtomobil ustası Sahil Ağabəylinin fikrincə, uzun yola çıxmaq, xüsusilə də ucqar rayonlara getmək üçün avtomobili vaxtında hazırlamaq vacibdir:
“Bunun üçün ən azı 2-3 gün əvvəldən avtomobili avtoservisdə yoxlatmaq tövsiyə olunur. Çünki bir gün əvvəl edilən texniki baxış zamanı ustanın hər hansı detalı nəzərdən qaçırması riski ola bilər.
Texniki baxışda diqqət edilməli məqamlar isə bunlardır:
1)Avtomobil qaldırıcıya qaldırılmalı və hərtərəfli yoxlanılmalıdır;
2)Əyləc mayesinin səviyyəsi və keyfiyyəti yoxlanmalıdır;
3)Mühərrik yağının qalıq yürüşünə diqqət edilməlidir. Əgər yağın dəyişmə vaxtına az qalıbsa, uzun yola çıxmazdan əvvəl mütləq dəyişmək lazımdır. Çünki uzun məsafələrdə mühərrik daha çox qızır və yağın keyfiyyəti mühüm rol oynayır;
4)Sürətlər qutusunun yağına nəzarət olunmalıdır;
5)Soyutma mayelərinin səviyyəsi və keyfiyyəti yoxlanmalı, radiatordakı suya diqqət edilməlidir;
6)Şüşəyuyan suyu əlavə olunmalıdır ki, istənilən anda yağış və ya çirkli yol şəraiti ilə qarşılaşdıqda problem yaşanmasın”.
Sahil Ağabəyli şinlər və yanacaq haqqında qeyd edib ki, təkərlərin üzərinə baxmaq kifayət deyil, daxildə gizli yırtıqlar ola bilər. Ona görə də avtomobili qaldırıcıda yoxlatmaq məsləhətdir.
Yanacağın keyfiyyəti önəmlidir. Zavod tərəfindən hansı növ yanacaq tövsiyə olunubsa, ona uyğun istifadə edilməlidir. Rayon yollarında enişli-yoxuşlu, yüklü vəziyyətlərdə mühərrikin gücə düşməsi qaçılmazdır. Bu səbəbdən, əgər avtomobil AI-95 tələb edirsə, uzun yolda AI-92 yox, mütləq AI-95 yanacaqdan istifadə edilməlidir”.
Avtomobil ustası onu da qeyd edib ki, kondisioner və salon havası da uzun yol zamanı diqüət edilməli məqamlardan biridir:
“Yay aylarında kondisionersiz avtomobillə magistral yollarda uzun məsafə qət etmək tövsiyə olunmur. İstidə sürücünün və sərnişinlərin halı pisləşə bilər.
Kondisionerli avtomobillərdə isə uzun yola çıxmazdan əvvəl freon miqdarı, eləcə də salon filteri yoxlanılmalıdır. Çünki filterin içində göbələklər əmələ gələrsə, uzun müddət kondisionerdən istifadə zamanı bu, nəfəs yollarına, xüsusilə də allergiyası və bronx problemi olan insanlara ciddi zərər verə bilər. Buna görə uzun yola çıxmazdan əvvəl salon filterinin dəyişdirilməsi tövsiyə olunur”.
Fİdan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.