Bizimyol saytına istinadən ain.az xəbər verir.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun ötən günlərdə keçirilən Alyaska görüşünə geyindiyi "SSRİ" yazılı köynəyi beynəlxalq cameə tərəfindən birmənalı qarşılanmamışdı.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına bu barədə açıqlmasında bildirib ki, Lavrovun SSRİ yazılı köynək geyinməsi Rusiyanın imperiya niyyətlərinin açıq şəkildə təzahürüdür. Oqtay Qasımovun sözlərinə görə, Lavrovun köynəyi faktiki olaraq onu deməyə əsas verirdi ki, Putin bu görüşdə Trampdan keçmiş postsovet məkanı üzərində Rusiyanın nüfuzunu qəbul etməsini istəyəcək və bunun üçün masada müzakirə aparmağa meyllənəcək. Politoloq qeyd edib ki, əslində bu davranış yeni deyil, çünki son bir neçə ildə Rusiyada imperiya ambisiyaları, Rusiya imperiyasının əvvəlki əzəmətini yenidən qaytarılması ilə bağlı çağırışlar işləyir və Putinin də siyasəti əslində buna xidmət edirdi.
Oqtay Qasımov
“Putinin SSRİ-nin dağılmasını XX əsrin böyük geopolitik fəlakəti adlandırılması da bu təəssüf hissinin bir nümunəsidir. Ukraynadakı savaş da məhz bu niyyətlərə yönəlib. Son dövrlər Güney Qafqaza, xüsusilə də Azərbaycana və Qazaxıstana da müəyyən iddiaların və təzyiqlərin irəli sürülməsi də bununla bağlıdır. Amma Lavrov və onun kimi digər Rusiya rəsmiləri nə qədər buna cəhd etsələr də, Rusiyanın əvvəlki imperiya əzəmətini və gücünü qaytarmaq imkanları heç də yüksək deyil.
Keçmiş postsovet məkanı ölkələri artıq 35 ilə yaxındır müstəqildirlər, özlərini artıq təsdiq ediblər. Onlar artıq dünya birliyi tərəfindən qəbul olunublar və Rusiyanın apardığı imperiyapərəst və keçmiş postsovet məkanına - yekəxana, imperialist, şovinist baxışları və siyasəti əslində bu ölkələri Rusiyadan xeyli dərəcədə uzaqlaşmağa vadar edir və onlar Rusiya ilə ehtiyatlı davranmaqla ondan məsafə saxlamağa çalışırlar”-deyən Oqtay Qasımov bildirib ki, Donald Tramp da Rusiyanın imperiya ambissiyalarını qəbul edib, keçmiş postsovet məkanının Rusiyanın təsir zonasına verilməsini qəbul edir.
Politoloq hesab edir ki, hətta Donald Tramp tərəfindən hansısa müsbət mesaj olsa belə, keçmiş postsovet məkanı ölkələri Rusiyanın bu siyasəti ilə razılaşmayacaqlar, əksinə müqavimət artacaq: “Artıq Baltikyanı ölkələri Rusiyanın nəzarətindən çıxıb. Baxmayaraq ki, bu ölkənin 20 faiz ərazisi Rusiya tərəfindən işğal olunub, Ukrayna heç zaman Rusiyanın nəzarətinə qayıtmayacaq. Moldovanı geri qaytarmaq çətin olacaq. Güney Qafqaz Rusiyadan xeyli dərəcədə uzaqlaşıb, Orta Asiya uzaqlaşmağa çalışır”.
Oqtay Qasımov hesab edir ki, Rusiyanın imperiya ambisiyaları həyata keçməyəcək və bunun üçün uyğun şərait də yoxdur deyə bilərik: “Artıq dünyada yalnız Amerika Birləşmiş Ştatları və Rusiya geopolitik güc hesab olunmurlar və Rusiya əslində özü də hansısa bir ikinci qütbün başında dayanan güc deyil. Rusiya əslində super güc deyil. Super güclər regional gücün arasında bir gücdür. Ən azı Orta Asiya və Çin Rusiyanın dominant rol oynamasına razılaşmayacaq. Güney Qafqazda da proseslər tamamilə fərqli istiqamətdədir. Burada Türkiyə faktoru var. İran faktoru çox da yüksək deyil. O cümlədən, Avropa və Amerika faktorları da var ki, Rusiya bununla hesablaşmalıdır”.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.