AZ

“Amerika siyasətinin Cənubi Qafqaz prioritetlərində Ermənistan özəl yer tutur...”

“Tanınmış beynəlxalq hüquqşünas Amsterdamın İrəvana bu günlərdə reallaşan səfərinə və ümumiyyətlə, ABŞ-ın Ermənistana yönəlik siyasətinə gəldikdə, düşünmürəm ki, Amerika rəsmi siyasəti Paşinyanın mövqelərinin zəifləməsində maraqlı olsun...”
 
"Belə olduğu halda təbii ki, Amsterdamın səfəri təşəbbüs də ola bilər.  Yaxud ABŞ-dakı hansısa dini cərəyanların təklifi ilə də olması mümkündür. Bilirsiz ki, yevangelistlər və onlara meyilli olan Tramp dini məsələlərə çox həssas yanaşır. Ona görə də..."
 
Xəbər verildiyi kimi, avqustun 11-də ABŞ prezidenti Donald Trampın yaxın adamı olan dünya şöhrətli hüquqşünas və beynəlxalq hüquq müdafiəçisi Robert Amsterdam təcili səfərlə Ermənistana gəlib. Düzdür, siyasi məsələlər üzrə birinci dərəcəli beynəlxalq hüquqşünasın səfəri ilk baxışdan Ermənistanda insan haqları və demokratiyanın real vəziyyətini izləmək məqsədi daşıyır. Ancaq məsələ ondadır ki, iki məqam diqqəti xüsusilə cəlb edir.  Birincisi, Amsterdamın işləyəcəyi mövzular: Putinin də 7 ildir yıxmağa çalışdığı Paşinyan hakimiyyətinə qarşı ən güclü qüvvə olan Erməni Apostol Kilsəsinə təzyiqlər, Paşinyana qarşı fəal çıxışlar edən arxiyepiskopların və biznesmen Samvel Karapetyanın həbsi... Qeyri-iradi  sual yaranır: Tramp bir yandan Paşinyanı Vaşinqtonda isti, mehriban qarşılayır, iki ölkə arasında sülhə çalışdığını bildirir, digər yandan isə sanki Ukraynada olduğu kimi, burada da Putinin əlinə oynayaraq hazırkı Ermənistan hakimiyyətini yıxmağı qarşısına məqsəd qoymuş qüvvələri müdafiə edəcək, özü də respublikaçı olan məşhur vəkilin İrəvana gəlməsinə şərait yaradır. Yoxsa o, Trampdan xəbərsiz gəlib?  Digər bir məqam isə Amsterdamın öz çıxışlarında erməniləri xristian kimi müdafiə etməsinə vurğulmasıdır. Deyəsən, Tramp da dini məsələlərdə həssasdır. Prezident seçkisindən az öncəki bir paylaşımında seçiləcəyi təqdirdə “Qarabağdan qovulmuş” ermənilərin xristianlığını vurğulayaraq “onların öz vətənlərinə qayıtmasına şərait yaradacağına” söz verdiyini bildirib. Bu məqam da Azərbaycan üçün gələcəkdə hansısa epizodda təhlükə yarada bilməz ki?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
“Tanınmış beynəlxalq hüquqşünas Amsterdamın İrəvana bu günlərdə reallaşan səfərinə və ümumiyyətlə, ABŞ-ın Ermənistana yönəlik siyasətinə gəldikdə, düşünmürəm ki, Amerika rəsmi siyasəti Paşinyanın mövqelərinin zəifləməsində maraqlı olsun. Qətiyyən belə deyil. ABŞ-da yaxşı anlayırlar ki, Gürcüstan vasitəsilə Cənubi Qafqaza daxil ola bilmədilər. Azərbaycan isə maksimal səviyyədə məsafə saxlamağa çalışır ki, Rusiya ilə konfliktə getməsin. Ermənistan ABŞ-ın bu gün əldə edə bildiyi yeganə şansdır ki, bu ölkə, özəlliklə də Zəngəzur dəhlizi vasitəsilə Cənubi Qafqaza daxil olmağa çalışır...
 
Belə olduğu halda təbii ki, Amsterdamın səfəri təşəbbüs də ola bilər.  Yaxud ABŞ-dakı hansısa dini cərəyanların təklifi ilə də olması mümkündür. Bilirsiz ki, yevangelistlər və onlara meyilli olan Tramp dini məsələlərə çox həssas yanaşır. Ona görə də biz bir şeyi nəzərə almalıyıq ki, Amerika siyasətinin Cənubi Qafqaz prioritetlərində Ermənistan özəl yer tutur. Və əlbəttə ki, bu, Azərbaycan üçün bölgədə riskləri artırır. Lakin riskləri artıran yalnız ABŞ-ın bu addımları deyil.  Riskləri artıran başqa məsələr də var. Məsələn, Xəzər uğrunda geo-siyasi mübarizə... Orada ABŞ hələ görünmür...  Amma Türkiyə görünür Azərbaycanın yanında... Hərbi dəniz qüvvələrinin birgə təlimləri ilə İran-Rusiya koalisiyası görünür...
 
Və belə bir vəziyyətdə bizim üçün onsuz da risklər artır. Əgər sabah ABŞ  Qarabağdan köçürülmüş ermənilərin geri qaytarılmasını tələb edərsə və ya Bakıda həbsdə olan terrorçuların, separatçıların azad olunmasını istəyərsə, bu, artıq Amerika-Azərbaycan münasibətlərində əsil mənzərəni üzə çıxaracaq. Əsil mənzərə isə belədir. Mən düşünmürəm ki, Azərbaycanın ABŞ-a hansısa müttəfiqliyi var.  Və əslində ABŞ-ı Qafqaza gətirən Ermənistandır.  Bu da Azərbaycan üçün riskləri artırır. Ona görə də biz bu durumu nəzərə almalıyıq. Son günlər hətta Ağ Evdə görüş və Sülh müqaviləsinin ilkin şərtlərinin imzalanmasının ardınca biz gördük ki, Azərbaycanda insan haqları ilə bağlı Dövlət Departamenti və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən bir neçə hesabat dərc olundu. Bütün bunlar göstərir ki, Azərbaycan-ABŞ münasibətləri təbliğ edilən kimi hamar deyil. Və öncə xatırlatdığım iki bənd də əlavə olunarsa,  yəni  ABŞ tərəfindən Qarabağdan köçürülən ermənilərin geri qaytarılması və ya həbsdə olan terrorçuların azad edilməsi tələbləri də irəli sürülərsə, bu Amerika ilə münasibətlərin əvvəlki məcraya qayıtmasına səbəb ola bilər...”
 
Sultan Laçın
 
Seçilən
27
50
moderator.az

10Mənbələr