AZ

"Hazırki "Ferentsvaroş" üç il əvvəlkindən güclüdür" - Arif Əsədov

UEFA Çempionlar Liqasının 2-ci və 3-cü təsnifat mərhələlərində uyğun olaraq, İrlandiya "Şelburn"unu (3:0, 1:0) və  Şimali Makedoniya "Şkendiya"sını (1:0, 5:1) mübarizədən kənarlaşdıran"Qarabağ" pley-offda "Ferentsvaroş" (Macarıstan) ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq məşqçisi, tanınmış mütəxəssis Arif Əsədovla əlaqə saxlayıb "köhlən atlar"ın bu rəqiblə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

 

"İki mərhələ keçən "Qarabağ"ın pley-offdakı rəqibi "Ferentsvaroş" daha çətin rəqibdir. Həm köklü klubdur, həm də avrokubokların qrup mərhələlərində müntəzəm iştirak edən, sabit nəticə göstərən komandadır. 
"Qarabağ" yaxın keçmişdə "Ferentsvaroş"la qarşılaşıb və qalib gələn tərəf olub. Ancaq fikrimcə, hazırki "Ferentsvaroş" üç il əvvəlkindən daha güclüdür. Statistika bunu deməyə əsas verir. Baş məşqçisi dəyişib, komanda yenilənib. Ancaq "Qarabağ"da da oturuşmuş sistem var. Uzağa getməyək, bu yay komandaya 5 legioner cəlb olunub, amma yenə eyni dəst-xəttlə oynayırlar. Qurban Qurbanov oyun üslubuna sadiqdir. 
İlk oyun səfərdə olacaq, "Qarabağ" üçün asan keçməyəcək. Ehtiyatlı oynamaq lazım gələcək. Ola bilsin, ilk 15-20 dəqiqə kəşfiyyat xarakterli keçəcək. Komandamızın səfərdən sərfəli nəticə ilə dönəcəyinə və cütün taleyini Bakıda həll edəcəyinə inanıram". 

Mirağa

 

Seçilən
2
fanat.az

1Mənbələr