Elşən Manafov: “Trampın Konqresin qəbul etdiyi sənədlərin ləğvinə dair sərəncam vermək hüququ yoxdur”
ABŞ prezidenti Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin Azərbaycanla bağlı fəaliyyətinin dayandırılması ilə bağlı memorandumunun mətni dərc olunub.
Sənəddə bildirilir ki, ABŞ Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxracın Maliyyələşdirilməsi və Əlaqədar Proqramlar Aktı çərçivəsində Tramp “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin dayandırılmasını təsdiqləyib.
Sənədə əsasən, “Azadlığa Dəstək Aktı”na əlavə edilmiş 907-ci düzəlişin Azərbaycana münasibətdə tətbiqi yenidən dayandırılıb. Prezidentin qərarında qeyd olunur ki, bu addım: ABŞ-ın beynəlxalq terrorizmə qarşı səylərinin dəstəklənməsi üçün vacibdir; ABŞ Silahlı Qüvvələrinin və koalisiya tərəfdaşlarının hazırlığını dəstəkləyir; Azərbaycanın sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır; Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarını zəiflətmir və Ermənistan əleyhinə istifadə olunmayacaq.
Maraqlıdır, Tramp niyə 907-ci düzəlişi tam ləğv olunmasına qərar vermədi? Ola bilərmi ki, Azərbaycanla ABŞ arasında Strateji tərəfdaşlıq xartiyası imzalanan zaman 907-ni tam ləğv etsin?
“Düzəlişin ləğvi Konqres və Prezident administrasiyası arasında razılaşmaların əldə edilməsi konteksində mümkündür”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Məlumdur ki, “Azadlığa Dəstək Aktına” 907-ci duzəliş ABŞ Konqresinin qərarı ilə 1992-ci ildə Azərbaycana münasibətdə tətbiq olunub. Bəlli sənədin qəbul olunmasında ABŞ-dakı erməni diasporunun mühüm rolu olub. Məhz diasporun Konqresdəki ermənipərəst konqresmenlərlə iş birliyi sayəsində müvafiq sənəd Azərbaycanı uzun illər Birləşmiş Ştatların dövlət səviyyəsində yardımlarından mərhum edib. Maraqlıdır ki, sənədi Konqresə təklif edən konqresmenlərdən biri sonradan ABŞ prezidenti olmuş Baydendir. Azərbaycanı Ermənistana münasibətdə iqtisadi blokadanın tətbiqində ittiham edən Konqres bu sənədi qəbul etməklə ABŞ-Azərbaycan münasibətlərinə ciddi ziyan vurub. Sənədin Azərbaycanda doğurduğu narazılıq sonralar tərəflər arasında daim müzakirə obyekti olub. ABŞ özünün həyati maraqlarından çıxış edərək, ayrı-ayri dövrlərdə, xüsusilə Azərbaycanın hava məkanından Əfqanıstandakı beynəlxalq terrorçu birləşmələrə qarşı istifadə etmək zərurəti yarandıqda düzəlişin icrasını müvəqqəti olaraq dayandırıb. Hazırda, Azərbaycan-ABŞ münasibətlərində qarşılıqlı faydalı iş əmsalının artması, Vaşinqtonun Ermənistanla sülh münasibətlərinin əldə edilməsinə verdiyi dəstək, Orta Dəhlizə Tramp administrasiyasının marağı və bununla əlaqədar tərəflər arasında əməkdaşlığın perspektivləri Tramp administrasiyasını rəsmi Bakını məmnun edəcək addımlar atmağa sövq edir. Prezident Tramp ABŞ-ın sabiq prezidenti Corc Buş kimi bəlli şərtlər çərçivəsində düzəlişin təsir imkanlarının durdurulması, yəni ona moratoruimun qoyulması barədə sərəncama imza atıb. Onu da qeyd etmək lazımdır ki, onun prezident olaraq ABŞ-ın qanunverici orqanı olan Konqresin qəbul etdiyi sənədlərin ləğvinə dair sərəncam vermək hüququ yoxdur. Prezident yalnız Konqresin qəbul etmək istədiyi qərarlara veto qoya, onların icrasını ləngidə bilər. Bütövlükdə isə bəlli sənədlərin ləğvi Konqres və Prezident administrasiyası arasında razılaşmaların əldə edilməsi konteksində mümkündür. O da ola bilər ki, iki ölkə arasında Strateji tərəfdaşlıq xartiyası imzalanan zaman sözügedən məsələ gündəmə gətirilsin”.
Vidadi ORDAHALLI