Pezeşkian İrəvan və Minsk səfərləri çərçivəsində mühüm memorandumların imzalanacağını bildirib...
Poliqon xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinin Tehranın strateji prioritetlərindən biri olduğunu açıqlayıb. O, Ermənistan və Belarus səfərləri zamanı bir sıra mühüm anlaşma memorandumları və sazişlərin imzalanacağını vurğulayıb.
Prezident İrəvana yola düşməzdən əvvəl bildirib ki, bu istiqamət İslam İnqilabının Ali Rəhbəri tərəfindən də təsdiqlənmiş İranın uzunmüddətli siyasətinə uyğundur. O, Ermənistanı İranın qədim dostu və siyasi, iqtisadi, mədəni və sosial sahələrdə strateji tərəfdaşı adlandıraraq iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə saxlanılması üçün iradə mövcud olduğunu qeyd edib.
Pezeşkian əlavə edib ki, artıq əməkdaşlığa xidmət edən bir sıra razılaşmalar əldə olunub. O, “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizini müzakirələrin əsas mövzusu kimi dəyərləndirərək bu istiqamətin birgə inkişaf üçün yeni imkanlar açdığını söyləyib. Bununla yanaşı, “Şərq–Qərb” marşrutunun da regional ticarət əlaqələrinin genişlənməsinə şərait yaratdığını vurğulayıb.
İranın dövlət başçısı həmçinin regionda Amerika şirkətlərinin mövcudluğundan narahat olduğunu bildirib. Onun sözlərinə görə, əvvəllər belə hallarda bu şirkətlərin fəaliyyəti arxasında dağıdıcı fəaliyyətlər gizlədilib və məsələ Ermənistanla danışıqlarda ciddi şəkildə nəzərdən keçiriləcək.
Pezeşkian səfər çərçivəsində texniki, mühəndislik, tikinti, mədənçıxarma, mədəni və sosial sahələr üzrə imzalanacaq sazişlərin əməkdaşlığı xeyli aktivləşdirəcəyini də qeyd edib. O, həmçinin İranın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün yeni iqtisadi imkanlar açdığını vurğulayıb.
Poliqon.info