AZ

Bakının bu ərazisində evlər daha ucuzdur

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Ölkənin böyük şəhərlərində, xüsusən də paytaxt Bakı şəhərinin mərkəz və mərkəzə yaxın ərazilərindəki daşınmaz əmlakların satış qiymətlərində kəskin artımlar müşahidə olunur.

Bəs hazırda paytaxtın hansı rayonlarında mənzil qiymətləri daha əlçatandır?

Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, qiymət artımı daha çox paytaxtın mərkəz və metrostansiyaların yaxın ərazilərində baş verir:

“Hazırkı vəziyyətdə paytaxtın mərkəz ərazilərində, metrostansiyaların yaxın ərazilərində istər köhnə tikili, istər yeni tikili binalarda satış qiymətləri ötən illərə nisbətən daha kəskin formada artmaqdadır. Xüsusən də 9 mərtəbəli köhnə yaşayış binalarında və çıxarışı olan binalarda qiymət artımı daha sürətli olur ki, buna da əsas səbəb bu tip mənzillərin daha çox müxtəlif növ kreditlərlə, xüsusən də ipoteka krediti ilə satılması və tələbatın çox olmasıdır. Bu səbəbdən də qiymətlərdə ciddi artımlar müşahidə olunur. Daha sonra Xırdalan şəhəri, Sumqayıt şəhəri və digər böyük şəhərlərdə də qiymət artımları sürətlə davam edir. Lakin digər tərəfdən, Bakı ətrafında bəzi ərazilər var ki, bir zamanlar həmin ərazilərə tələbat olmaması səbəbindən bu tip ərazilərdə qiymət artımı sürətlə davam etmirdi və həmin ərazilərdəki qiymətlər mərkəzlə müqayisədə daha aşağı qiymətlə dəyərləndirilirdi. Son bir neçə il ərzində isə artıq qiymət artımı olmayan ərazilərdə də tələbat artıb. Buna əsas səbəb paytaxt ərazisində baş verən söküntülərdir ki, söküntülər müxtəlif formada aparılır. Bəzi ərazilər dövlət ehtiyacı üçün alınır, bəzi ərazilərdə isə tikinti şirkətləri tərəfindən sökülərək yeni binalar inşa olunur. Dövlət ehtiyacı üçün torpaqlar, yəni daşınmaz əmlaklar, mənzillər alınan zaman vətəndaşlara kompensasiya olaraq mənzil və ya pul verilir. Bu zaman isə vətəndaşlar, xüsusən də Bakı ətrafı ərazilərdə olan, qiyməti daha münasib olan əmlaklara üstünlük verirlər ki, bu da öz növbəsində həmin ərazilərdə də qiymətlərin artmasına gətirib çıxarır“.

Ekspertin sözlərinə görə, artıq paytaxt Bakı şəhərinin Baş planı təsdiq olunub:

“Bakı şəhəri 2040-cı ilə qədər Baş planda əks olunduğu formada olacaq. Bu isə onu deməyə əsas verir ki, yaxın 15 ildə paytaxt ərazisində mövcud olan köhnə tikili binaların böyük əksəriyyəti, xüsusən də fərdi yaşayış evlərindən ibarət massivlərin böyük hissəsi sökülərək dövlət ehtiyacı üçün alınacaq, bəzi ərazilərdə isə yeni tikili binalar inşa olunacaq. O baxımdan, vətəndaşlar əmlak alarkən bəzən daha çox düşünməyə üstünlük verirlər ki, onların düşündüyü müddətdə də əmlakların satış qiymətlərində artımlar müşahidə olunur. Qiymətlərin daha çox artmadığı ərazilər isə paytaxtın Yeni Günəşli, Zığ və həmin ərazilərə yaxın zonalardır. Bu ərazilərdə metro stansiyalarının olmaması səbəbindən tələbat elə də böyük deyildir. Lakin həmin ərazilərdəki mövcud binaların çoxunun 9 mərtəbəli olması, yəni ipoteka predmeti ola bilməsi səbəbindən bu ərazilərdə də qiymət artımları müşahidə olunur. Başqa tərəfdən baxsaq, Abşeron ərazisində, xüsusən Bakıətrafı zonalarda fərdi yaşayış evlərindən ibarət massivlər daha çox inşa olunur ki, onların satış qiymətləri çoxmənzilli yaşayış binalarına nisbətən daha aşağı qiymətə təklif olunur. Lakin onların böyük əksəriyyətinin çıxarışı olmaması səbəbindən vətəndaşlar bu tip evləri almağa tərəddüd edirlər”.

Ekspert sonda qeyd edib ki, baş verən söküntülər səbəbindən mənzillərinin ümumi sahəsi kiçik olan vətəndaşlar da artıq belə ərazilərə üstünlük verirlər:

“Həmin ərazilərdə çıxarış olmasa da, vətəndaşlar öz pullarını riskə ataraq bu tip əmlaklara daha çox maraq göstərirlər. Hazırda Bakıətrafı, xüsusən Abşeron ərazisində fərdi yaşayış evlərinin minimal satış qiyməti orta hesabla 25-30 min manatdan başlayaraq təqribən 100 min manat arası dəyişir ki, bu da paytaxtla müqayisədə daha aşağı qiymətlə dəyərləndirilir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
38
metbuat.az

10Mənbələr