Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılova üçün Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Aysun instaqramda video paylaşıb və bunları söyləyib:
“Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, analar anası Mehriban xanım və cənab Nazir Vilayət Eyvazov, bir övlad kimi sizə ümid və yalvarışla müraciət edirəm. Anam Rəqsanə İsmayılova hazırda həbsdədir. O, bizim üçün yalnız sənətçi deyil, həm də 4 övlad anasıdır. Ən böyük istəyimiz, ehtiyacımız anamızın yanımızda olmağı, nəfəsini, sevgisini, qayğısını hiss etməkdir. Cənab Prezident, anam bütün ömrünü Azərbaycan incəsənətinə həsr edib. Həm ölkəmizdə, həm də xaricdə incəsənətimizi təmsil edib, pandemiya dövründə insanlara yardım edib, müharibə zamanı hərbçilərimizə dəstək olub, qələbədən sonra qazilərimiz və şəhid ailələri ilə bağlı xeyriyyə işləri görüb. Sizdən artıq dərəcədə xahiş edirəm günahsız balalarının fəryadına səs verin. Biz anasız böyümək istəmirik, anamıza möhtacıq. Həmişə mərhəmətiniz, humanistliyiniz və ədalətinizlə Xalqın dayağı olmusunuz. Biz sizin ədalətli və humanist qərarınıza güvənirik. Bütün varlığımızla mərhəmətinizə sığınırıq, sizdən imdad diləyirik. Bizim dövlətimizdən başqa heç kimimiz yoxdur, dövlətimizə güvənirik, arxa-dayağımız yalnız dövlətimizdir. İnanırıq ki, səsimizə səs veriləcək və 4 uşaq anası gözü yolda qalmayacaq. Bütün qəlbimlə yalvarıram anamı əfv edin, azadlığa buraxılması üçün göstəriş verin ki, anamıza qovuşaq”.