Jurnalist Ülkər Piriyeva
“Azərbaycan Polisi – Milli Dəyərlərin Keşikçisi”
Bakı, 18 avqust — Azadmedia.az
Bakının ən müqəddəs ünvanlarından biri olan Şəhidlər Xiyabanında bir qrup xarici turistin yol verdiyi hörmətsiz davranış cəmiyyətdə haqlı hiddət doğurdu. Azərbaycanın azadlığı uğrunda canından keçənlərin uyuduğu bu məkanda qeyri-etik hərəkətlər etmək yalnız tərbiyəsizlik deyil, həm də milli qürura vurulan zərbə kimi dəyərləndirilir.
Bu məkan, Vətən uğrunda həyatını fəda etmiş qəhrəmanların ruhunu yaşadan müqəddəs bir yerdir. Ona görə də burada hər addım düşünülmüş, hər davranış ölçülüb-biçilmiş olmalıdır. Azərbaycan xalqı üçün Şəhidlər Xiyabanı tarixin canlı abidəsi, azadlığın və dövlətçiliyin ən ali rəmzlərindən biridir.
Hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarının operativ reaksiya verməsi dövlətin prinsipial mövqeyinin açıq göstəricisi oldu. Azərbaycan polisi qanunun aliliyini təmin etməklə yanaşı, həm də xalqın mənəvi dəyərlərini qorumaq və milli heysiyyatın toxunulmazlığını təmin etmək missiyasını yerinə yetirdi. Bu, təsadüfi addım deyil – ölkəmizdə hər kəsin qanun qarşısında bərabər olduğunu göstərən bariz nümunədir.
Unutmaq olmaz ki, güclü dövlət təkcə iqtisadiyyat və hərbi qüdrətlə ölçülmür. Onu möhkəmləndirən ən əsas amillərdən biri də milli kimliyə, tarixi irsə və müqəddəs dəyərlərə olan sədaqətdir. Azərbaycan dövləti də bu sədaqəti qorumaq üçün hər zaman qətiyyət nümayiş etdirib.
Qonaqpərvər xalq olmağımıza baxmayaraq, hər bir əcnəbi anlamalıdır ki, Azərbaycanın müqəddəs məkanlarında davranış yalnız hörmət çərçivəsində olmalıdır. Qonaqpərvərlik səmimiyyət tələb edir, amma milli qürura toxunmaq qəbul edilməzdir.
Bu hadisə bir daha sübut etdi ki, dövlətin gücü yalnız sərhədlərinin toxunulmazlığında deyil, həm də mənəvi sərhədlərinin qorunmasındadır. Azərbaycan polisi isə bu vəzifəni ləyaqətlə yerinə yetirərək həm dövlətin, həm də xalqın etimadını doğruldur.
Sözsüz ki, Azərbaycan polisinin dərhal tədbir görməsi təkcə qanunun işlədilməsinin nümunəsi deyildi. Bu addım milli kimliyimizin toxunulmazlığını təmin edən, xalqın dəyərlərinə sahib çıxan prinsipial mövqenin ifadəsi oldu.
Polisimizin operativ reaksiyası göstərdi ki, ölkəmizdə heç kim – istər yerli, istərsə də əcnəbi – milli qürurumuza toxuna bilməz. Bu, hüquqi dövlətin iş prinsipidir, amma eyni zamanda polisimizin mənəvi məsuliyyət hissinin təntənəsidir.
Jurnalist kimi qeyd etməliyəm ki, bu hadisədə Azərbaycan polisi sadəcə ictimai asayişin keşiyində dayanmadı, həm də xalqın yaddaşına və şəhidlərin müqəddəsliyinə sahib çıxdı. Bu davranış həm dövlətin möhkəmliyini, həm də polis-xalq etimadının hər daim gücləndiyini göstərir.
Azərbaycan polisi – qanunun keşiyində, dəyərlərin sipərindədir. Onun qətiyyəti xalqımızın mənəvi sərvətlərinin qorunmasının ən real təminatıdır.
Yaşasın Azərbaycan dövləti! Qoy daim xalqımızın şərəfini, dəyərlərini və qürurunu qoruyan Azərbaycan polisi var olsun!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta