"Cambridge lüğəti" bu il 6 mindən çox yeni sözü lüğətə daxil edəcəyini açıqlayıb.
İngiltərədə yerləşən “Cambridge lüğəti” sosial mediada populyarlaşan “skibidi”, “delulu”, “tradwife” və “broligarchy” kimi sözlər də daxil olmaqla 6 mindən çox yeni sözü lüğətə əlavə edəcək. Dil proqramı rəhbəri Kolin MakIntoş bildirib ki, internet mədəniyyəti ingiliscəni dəyişdirir. Proqram rəhbəri qeyd edib ki, ‘skibidi’ və ‘delulu’ kimi sözlər yalnız keçici trend deyil və onların qalıcı olacağını düşünür.
Lüğətdə verilən tərifə görə, “skibidi” sosial mediada yayımlanan viral animasiya seriyasının yaradıcısı tərəfindən ortaya atılan və bəzən “cool (havalı)” və ya “bad (pis)” mənasında istifadə olunan, ya da tamamilə zarafat məqsədli mənasız bir söz olaraq yer alıb.
“Tradwife” isə “traditional wife" (ənənəvi həyat yoldaşı) ifadəsinin qısaldılması kimi lüğətə daxil edilib. Bu söz ev işlərinə, uşaqlara baxmağa və həyat yoldaşına həsr olunmuşluğu müdafiə edən, bunları sosial mediada paylaşan mühafizəkar qadın fenomenlərini təsvir edir.
COVID-19 sonrası uzaqdan iş mədəniyyəti “mouse jiggler” (işləyirmiş kimi göstərmək üçün siçanı hərəkət etdirən cihaz) sözünü lüğətə gətirib. Həmçinin “work spouse” ifadəsi iş yerində bir-birinə güvənən və dəstək olan yaxın əməkdaşları təsvir etmək üçün istifadə olunur.
Bundan başqa, “bro” (dostum) və “oligarchy” (oliqarx) sözlərinin birləşməsindən yaranan “broligarchy” də lüğətə əlavə edilib. Bu söz texnologiya sektorunda Jeff Bezos, Elon Musk və Mark Zuckerberg kimi zəngin və təsirli kişi qrupları üçün istifadə olunur.
“Delulu” isə “delusional” sözünün qısaldılmasıdır. Gerçəklikdən uzaq inanclara sahib olmağı təsvir edən bu söz ilk dəfə K-pop fanatlarını tənqid etmək üçün istifadə edilib.