AZ

"Zəngəzur dəhlizi gündəmdən çıxdı, indi tranzit yol var" - İrandan şok...


İran demək istəyir ki, 8 avqust sazişində onun da tələbləri nəzərə alınıb və Tehran hakimiyyəti "Tramp marşrutu"nun lehinədir

İran hökumətinin sözçüsü Fatimə Mohacerani avqustun 16-da İranın İRNA qəzetində dərc olunan fars dilində məqaləsində İran İslam Respublikasının toqquşmalara son qoyduğunu, gərginliyin azaldılması və davamlı sabitliyin bərqərar olmasına gətirib çıxaran istənilən prosesi dəstəklədiyini bildirib.

"Əlbəttə, bu dəstək şərtidir və region ölkələrinin razılaşdırdığı prinsiplərə əsaslanır", - Mohacerani yazıb.

O, Tehranın üç sarsılmaz prinsipini, yəni ölkələrin öz əraziləri üzərində tam suverenliyini qorumaq, bütün dövlətlərin ərazi bütövlüyünü qorumaq və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qətiyyətlə qarşı çıxmaq prinsipini vurğulayıb və əlavə edib ki, bu prinsiplər Bakı və İrəvanın son birgə bəyanatında nəzərə alınıb.

Mohacerani vurğulayıb ki, əsas dəyişikliklərdən biri mübahisəli “Zəngəzur dəhlizi” planının ləğvi olub.

“Tərəflərin fikrincə, “dəhliz” məsələsi gündəmdən çıxarılıb və Ermənistanın tam suverenliyi altında tranzit marşrutu ilə əvəzlənib”, - deyə o, dəyişikliyi “müsbət və ağlabatan” adlandırıb.

Doğrudanmı dəhliz məsələsi gündəmdən çıxıb və yerinə tranzit yol məsələsi gəlib?

Baki-xeber.com-a görə, İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani 16 avqust 2025-ci il tarixində IRNA qəzetində dərc etdirdiyi müsahibədə Zəngəzur dəhlizi planının gündəmdən çıxarıldığını və bunun yerinə Ermənistanın tam suverenliyi altında olan tranzit marşrutunun gəldiyini bəyan edib. O bunu həm “müsbət”, həm də “ağlabatan” dəyişik kimi qiymətləndirib.

Bu, İranın 8 avqust 2025-ci il tarixli Vaşinqtondakı sülh razılaşması çərçivəsində ortaya çıxan “Trump Route for International Peace and Prosperity” (TRIPP), yəni Zəngəzur dəhlizi layihəsinə reaksiyası kimi başa düşülə bilər. Həmin razılaşmada ABŞ-a Ermənistan ərazisində 99 illik infrastruktur inkişafı hüququ verilib. Bu ideya ən azı İran tərəfindən “diplomatik və geostrateji narahatlıq doğuran, xarici güclərin regiona daxil olması” kimi qiymətləndirilib və İran buna açıq etiraz edib.

Beləliklə, Mohaceraninin sözlərinə əsasən, "Zəngəzur dəhluzi" ifadəsindəki “dəhliz” təşəbbüsü artıq dayandırılıb. Onun yerinə, Ermənistanın tam suverenliyi altında fəaliyyət göstərəcək bir tranzit marşrutu irəli sürülüb.

Bu, həm regionda gərginliyin azaldılmasına, həm də mövcud suverenlik strukturlarının pozulmamasına yönəlik addım kimi səslənir. Azərbaycan üçün bu sadəcə söz dəyişikliyidi, əslində rəsmi Bakınin tələbləri "tranzit marşrut" statusunda da təmin edilir. Bu məlumat doğru və təsdiqlidir - İranın rəsmi mövqeyinə görə, “dəhliz” məsələsi artıq gündəmdən çıxarılıb, yerinə Ermənistanın suverenliyi çərçivəsində tranzit marşrut (Tramp marşrutu) ideyası gəlib.

“Zəngəzur dəhlizi” anlayışı 2020-ci ilin noyabr bəyanatından sonra gündəmə gəlmişdi. Məqsəd Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək xüsusi “dəhliz” əldə etmək idi.

İranin mövqeyinə görə, “dəhliz” modeli Ermənistanın bəzi suverenlik elementlərini məhdudlaşdırırdı, çünki sərhəd nəzarətində Ermənistanın rolu minimuma enirdi. Bu səbəbdən də İrəvan buna etiraz edirdi.

İndi nə dəyişib?

Avqustun əvvəlində Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasında “dəhliz” ifadəsi yer almadı.

Onun əvəzinə “tranzit yol” modeli təklif olundu.

Yol Ermənistanın tam suverenliyi altında olacaq.

Ermənistan gömrük və sərhəd nəzarətini özündə saxlayır. Azərbaycan isə Naxçıvana maneəsiz çıxış əldə edir, amma “dəhliz” deyil, “tranzit” çərçivəsində.

İran bunu “müsbət dəyişiklik” kimi görür. Çünki Ermənistanın ərazi bütövlüyü və suverenliyi qorunur, xarici güclərin regionda “dəhliz” adı ilə xüsusi status qazanmasının qarşısı alınır. Tehran üçün ən mühüm məsələ beynəlxalq sərhədlərin dəyişdirilməməsi idi ki, bu (əslində belə bur təhlükə yox idi) təmin edilir.

Bakı və İrəvan üçün nəticələr ondan ibarətdir ki, Azərbaycan Ermənistanın formal nəzarəti altında Naxçıvana yol əldə edir.

Ermənistan isə “dəhliz” modelini bloklayaraq öz suverenliyini qoruyur, amma qarşılığında Azərbaycana maneəsiz tranzit yolu açmaq öhdəliyini götürür.

“Dəhliz” terminindən “tranzit marşrutu”na keçid edir, bu da diplomatik gərginliyi azaldır.

Azərbaycan üçün əsas məsələ yüklərin və sərnişinlərin ölkənin əsas hissəsindən Naxçıvana və geriyə maneəsiz hərəkətini təmin etməkdir ki, bu tələb "tranzit marşrutu" ("Tramp marşrutu") çərçivəsində təmin edilir.

Yəni İran demək istəyir ki, 8 avqust sazişində onun da tələbləri nəzərə alınıb və Tehran hakimiyyəti "Tramp marşrutu"nun lehinədir.

Akif NƏSİRLİ

Seçilən
6
50
baki-xeber.com

10Mənbələr