AZ

Azərbaycanın suverenliyi Laçın üzərində bərpa olundu

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında Laçın rayonunun və xüsusilə Laçın şəhərinin strateji mövqeyi, tarixi taleyi və bu gün qazandığı yeni inkişaf nəfəsi xüsusi yer tutur."

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkilinin sözlərinə görə 26 avqust – Laçın şəhəri günü təkcə bir tarixi xatırlatma deyil, həm də xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ədalətin bərpasının simvoludur:

"1923-cü ildə Abdallar kəndinin yerində salınan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi statusunu daşıyır. Qafqaz dağlarının qoynunda yerləşən, 1835 kvadrat kilometr ərazisi və zəngin təbii sərvətləri ilə seçilən Laçın həm yaylaqları, həm də sıx meşə massivləri ilə Azərbaycan iqtisadiyyatında mühüm yerə sahib olub. Bu coğrafi əhəmiyyət onun strateji mövqeyini də şərtləndirirdi – Laçın həm Ermənistanla, həm də keçmiş Dağlıq Qarabağ ərazisi ilə sərhəddə yerləşirdi.

Məhz bu səbəbdən 1992-ci ilin mayında Laçının işğalı təkcə ərazi itkisi deyil, eyni zamanda Azərbaycanın gələcək faciələrinin başlanğıcı oldu. Şuşa və Laçının ard-arda işğalı Ermənistanla Qarabağ separatçıları arasında quru əlaqəsi yaratdı və müharibənin gedişində tarazlığı ciddi şəkildə dəyişdirdi.

Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın rayonunun 70 mindən artıq sakini doğma yurd-yuvasından didərgin düşdü. 300-dən çox hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. İşğal illərində 200-dən artıq təhsil və səhiyyə müəssisəsi, yüzlərlə mədəniyyət obyekti, tarixi abidələr vandalizmə məruz qaldı. Ən acınacaqlısı isə odur ki, işğalçılar Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq bölgənin demoqrafik tərkibini süni şəkildə dəyişdirməyə çalışdılar, qeyri-qanuni məskunlaşma siyasəti apardılar, təbii resursları talan etdilər. Bu, təkcə Azərbaycanın deyil, beynəlxalq hüququn da açıq şəkildə tapdanması idi."

Azər Kərimli bildirib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanat Azərbaycan üçün yeni reallıq yaratdı:

"1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci ilin avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Bununla Azərbaycanın suverenliyi Laçın üzərində bərpa olundu və illərlə davam edən ədalətsizliyə son qoyuldu.

Laçının işğaldan azad edilməsi təkcə coğrafi bütövlüyün bərpası deyil, həm də xalqımızın milli iradəsinin qələbəsi idi."

Deputat bildirib ki, bu gün Laçın Azərbaycanın ən müasir şəhərlərindən birinə çevrilməkdədir: "Baş plan çərçivəsində “15 dəqiqəlik şəhər” konsepsiyası tətbiq olunmaqla həm ekoloji, həm də sosial baxımdan müasir həyat standartları yaradılır. Yeni evlər, məktəblər, xəstəxanalar, turizm və mədəniyyət obyektləri ilə Laçın təkcə yerli sakinlər üçün deyil, həm də beynəlxalq qonaqlar üçün cazibə mərkəzinə çevrilir.

2023-cü ildən etibarən laçınlıların Böyük Qayıdışı başlayıb. Bu gün artıq minlərlə sakin Zabux, Sus, Bəylik və Laçın şəhərində məskunlaşıb. Onlar illərlə həsrətini çəkdikləri yurda dövlətin gücü və siyasəti sayəsində geri dönüblər.

Beynəlxalq əhəmiyyət və yeni perspektivlər

Laçının bərpası təkcə daxili yox, həm də beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyır. 2025-ci ilin mayında istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı bölgənin həm strateji təhlükəsizlik, həm də iqtisadi və turizm inkişafı baxımından imkanlarını qat-qat artırıb. Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı təkcə Laçını deyil, Şuşa və Kəlbəcəri də dünyaya bağlayır.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilmiş Laçın şəhəri günü hər il 26 avqustda qeyd olunur. Bu günün qeyd olunması xalqımızın Laçın uğrunda mübarizəsini, şəhidlərimizin fədakarlığını və dövlətimizin güclü iradəsini təcəssüm etdirir.

26 avqust – Laçın şəhəri günü Azərbaycan tarixində həm faciələrin, həm də qələbənin rəmzidir. Əgər 1992-ci ilin mayında Laçının itirilməsi xalqımız üçün strateji və mənəvi zərbə idisə, 2020-ci ildən sonra onun qaytarılması milli qürurumuzun bərpası oldu. Bu gün Laçın dirçəlir, inkişaf edir və Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir."

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
50
modern.az

10Mənbələr