AZ

Gəncəyə təyin olunmuş IIIMDB oyunları təxirə salına bilər(?)...


Abutalıb Səmədov: "III MDB Oyunlarının uğurla keçirilməsində Azərbaycan qədər, bəlkə daha çox Rusiya da maraqlıdır"

Gəncənin “İdman paytaxtı” kimi seçildiyi Üçüncü MDB Oyunları (III CIS Games) bu il sentyabrın 28-dən oktyabrın 8-ə qədər keçiriləcək bir tədbirdir. Gəncə bu yarışların əsas mərkəzi olacaq və digər altı şəhər - Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi də qonaqlara ev sahibliyi edəcək.

Son aylarda Rusiya ilə Azərbaycan arasında gərginliklər müşahidə olunub. Xüsusən Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat və törədilən cinayətlər əlaqələrin daha da soyuqlaşmasına səbəb olub. Diplomatik və mədəni səviyyədə planlaşdırılan bir sıra görüşlər ləğv edilib, eyni zamanda III MDB Oyunlarının baş tutmaması müzakirəyə gətirilib.

Buna baxmayaraq, rəsmi planlar olduğu kimi davam edir. III MDB Oyunlarının təşkilat komitəsi artıq təsis edilib. Gəncə İdman Sarayı 2024-cü ilin aprelində istifadəyə verilib və yarışlara hazırlıq işləri sürətlə davam edir. Hətta Gəncənin “Sport Capital of the Commonwealth” (MDB-nin İdman Paytaxtı) statusu rəsmi olaraq təsdiqlənib.

Rusiya-Azərbaycan münasibətlərinin indiki halında Gəncəyə təyin olunmuş 3-cü MDB oyunları təxirə salına bilərmi?

Baki-xeber com-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, MDB İdman Oyunlarını keçirmək təşəbbüsü ilə Rusiya çıxış edib, ilk oyunlar da Rusiyada keçirilib: "İndi III MDB Oyunlarının Gəncədə keçirilməsi nəzərdə tutulub və oyunların başlanmasına 40 gündən çox vaxt var. Artıq oyunlarda iştirak edəcək bir sıra dövlətlər məlumdur, ev sahibi kimi Azərbaycan da bir sıra dövlətləri bu oyunlara dəvət etmək səlahiyyətinə malikdir. Ən mühüm nümayəndə heyəti Azərbaycana məxsusdur, ondan sonra isə Rusiya gəlir. Azərbaycanla Rusiyanın münasibətlərinin soyuqlaşması, təbiidir ki, III MDB Oyunlarına da müəyyən qədər təsir göstərəcək. Lakin tədbirin təxirə salınmasi gündəlikdə yoxdur və ola da bilməz. III MDB Oyunları MDB-nin idman paytaxtı olan Gəncədə sentyabrın 28-də başlayacaq.

Son günlər Azərbaycan-Rusiya münasibətlərində az da olsa müsbətə doğru dəyişikliklər var. Bu günlərdə Moskvada kommunikasiyalarla bağlı müzakirələr nəzərdə tutulub.

Məlumdur ki, Vaşinqton görüşündən sonra orada baş verən hadisələr barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış elədi və sülh sazişinin paraflanmasının müsbət hadisə olduğunu qeyd etdi. Zaxarova onu da əlavə etdi ki, bu proseslərin bünövrəsini Rusiya qoyub. O, imzalanan bir neçə bəyanatı xatırlatmaqla fikrini daha da qüvvətləndirməyə çalışdı. Amma həqiqət bundan ibarətdir ki, sülh sazişi üzərində baza prinsipləri əsasında iş aparmaq təklifi Azərbaycan tərəfindən edilib. Rusiya isə bu məsələyə elə də ciddi maraq göstərməyib. Sülh sazişi ətrafında iş əvvəl Brüsseldə başlayıb, sonra Vaşinqtonda davam edib - böyük məsafə bu iki paytaxtda qət edilib.

Maraqlıdır ki, həm Zaxarova, həm də ondan sonra çıxış edən Rusiya rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı məsələyə münasibət bildirmədilər – “biz bu məsələni öyrənirik, öyrənəndən sonra münasibət bildirəcəyik” dedilər. Bunun səbəbi dəqiq məlum deyil. Ancaq o məlumdur ki, Ağ Evdə imzalanmış sənədlər nəinki Ermənistan-Rusiya, Ermənistan-İran, Azərbaycan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Ermənistan münasibətlərinə təsir göstərəcək, eyni zamanda bölgədə çox ciddi geopolitik proseslərin başlanğıcını qoyacaq. Rusiyanın bölgədən uzaqlaşdırılması istiqamətində bu çox mühüm addım olacaq. Təsadüfi deyil ki, həmin sənəd imzalandıqdan dərhal sonra İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti İranın Rusiya ilə birlikdə, yaxud da Rusiya olmadan bu layihənin reallaşmasının əleyhinə çıxış edəcyini bildirdi. O, yol göstərməkdən də çəkinmədi ki, Azərbaycanın Zəngəzur dəhluzinə ehtiyacı yoxdur, Naxçıvana İran ərazisindən keçib gedə bilər.

Bu gün dünyanın gündəmində daha çox Rusiya-Ukrayna sülh danışıqları durur. Dünya ümid edir ki, yaxın vaxtlarda bu iki dövlət arasında sülh sazişi imzalamaq mümkün ola bilər. Bu səbəbdən Zəngəzur dəhlizi məsələsi bur qədər arxa plana keçib. Ancaq öz əhəmiyyətinə görə Zəngəzur dəhlizi bəlkə də Rusiya-Ukrayna sülh danışıqları qədər vacib məsələdir. Bu yolun Ağ Evdə imzalanmış memorandum əsasında işə düşməsi regionda və dünyada çox ciddi dəyişikliklərə yol açmış olacaq.

Çox təəssüf ki, Rusiya Azərbaycanın gərginliyi aradan qaldırmaq cəhdlərinə adekvat cavab vermək istəmir, Azərbaycandan ixrac edilən meyvə-tərəvəzin qarşısını almaq üçün qeyri-dost addımlar atır və bununla da Bakıya siyasi təzyiq göstərmək istəyir.

Son günlər Azərbaycan prezidenti bir daha münasibətlərin düzəlməsinin yolunu göztərdi: AZAL təyyarəsinin vurulmasına görə üzr istənilməsi, günahkarların cəzalandırılması və təzminat ödənilməsi. Amma təəssüf ki, Rusiya yenə münasibətlərin gərginləşdirilməsi yolunu seçdi. Belə olanda, istər-istəməz, III MDB Oyunları ilə də bağlı suallar yaranır. Bununla belə, güman edirəm ki, Rusiya bu oyunlarda iştirakdan imtina etməyəcək. Çünki belə bir addımın atılması bundan sonrakı oyunlarda da müəyyən problemlər - xoşagəlməz presedent yarada bilər. Belə olan halda bütövlükdə MDB-nin özü üçün ciddi proseslər yarana bilər. Bu səbəbdən Rusiya idmançıları Gəncədə və digər yeddi şəhərdə keçiriləcək idman oyunlarında iştirak edəcək, 23 idman növü üzrə medallar uğründa mübarizə aparacaqlar.

III MDB Oyunlarının uğurla keçirilməsində Azərbaycan qədər, bəlkə daha çox Rusiya da maraqlıdır. Azərbaycan da mötəbər tədbirlərə ev sahibliyi etmiş bir ölkə kimi bunu ən yaxşı bacaran dövlətlərdən biridir. Şübhə yoxdur ki, Gəncədə keçirilməsi nəzərdə tutulan III MDB Oyunları yüksək səviyyədə təşkilatçılığı ilə, idmançılara və qonaqlara göstərilən qonaqpərvərliklə və ədalətli mübarizə ilə yadda qalacaq".

Akif NƏSİRLİ

Seçilən
43
17
baki-xeber.com

10Mənbələr