AZ

Ermənistanın Qarabağa hücumları nəticəsində yaralanmış, doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 18-də davam etdirilib.

News24.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial şəkildə görüşmək, təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili isə müdafiə etdiyi şəxslə məhkəmə zalında telefonla danışmaq istədiyini bildirib.

Sədrlik edən hakim müdafiəçilərin vəsatətlərini təmin edərək telefon danışığı və konfidensial görüş keçirilməsi üçün məhkəmədə fasilə elan edib.

Fasilədən sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri ilə davam etdirilib.

Zərərçəkmiş şəxs Eldar Həsənovun hüquqi varisi - oğlu Namiq Həsənov ifadəsində atasının 1992-ci il fevralın 26-da Xocalıda Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində şəhid olduğunu söyləyib. “Atam həmin vaxt Ağdamdan Xocalıya köməyə getmişdi.

Mən və doğmalarım isə Ağdam rayonundan məcburi köçkün düşmüşük”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Pənah Məmmədovun hüquqi varisi Məzahir Məmmədov ifadəsində Laçın rayonunun Oğuldərə kəndinin sakini olduğunu, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadıqları yerdən məcburi köçkün düşdüyünü bildirib. Onun qardaşı Pənah Məmmədov 1993-cü ildə Ağdamda döyüşlər zamanı itkin düşüb.

Zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadəsində Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və qardaşının körpə övladı həlak olub. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun suallarını cavablandıran Ç.Alməmmədov həlak olan doğmalarının Ağcabədi rayonunda dəfn edildiyini deyib.

Zərərçəkmiş şəxs Nuran Qasımov ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində 44 günlük Vətən müharibəsində və 2021-ci ildə Laçında şərti sərhədin yaxınlığında yaralanıb. Onun qardaşı Teymur Qasımov isə 2016-cı ilin Aprel döyüşləri zamanı, aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində şəhid olub.

Hidayət Cahangirov ifadəsində Vətən müharibəsi zamanı - 2020-ci il oktyabrın 12-də yaralandığını söyləyib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs David Manukyanın sualına cavabında yaralanması ilə əlaqədar 2021-ci ilin may ayına qədər müalicə olunduğunu deyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Sərvin Cavadzadə 2020-ci ilin Vətən müharibəsi zamanı, oktyabrın 15-də Cəbrayıl istiqamətində yaralandığını deyib.

Vüqar Fərəcov ifadəsində Xankəndidə yaşadığı evin 1988-ci ildə ermənilər tərəfindən talan olunduğunu, nəticədə doğmaları ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. O, məcburi köçkün düşənə qədər Xankəndidə Nizami Gəncəvi adında 4 nömrəli məktəbdə təhsil aldığını deyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında zərərçəkmiş şəxs Xankəndidə bütün azərbaycanlılara qarşı təzyiqlər olduğunu, evlərin talan edildiyini və yandırıldığını söyləyib. V.Fərəcov məcburi köçkün olarkən ailə üzvləri ilə birlikdə Qubadlı rayonunda məskunlaşıb. 1993-cü ildə isə Qubadlıya Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar edilməsi səbəbindən məcburi köçkün düşüblər.

Şakir Orucov ifadəsində 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadığı Laçın rayonunun Qorçu kəndindən məcburi köçkün düşdüyünü bildirib. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında evlərinin talan edilərək yandırıldığını bildirib. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində qardaşı oğlu Bərdədə şəhid olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fazil Səmədov qardaşının 1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri ilə döyüşlər zamanı itkin düşdüyünü bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Ramin Xəlilov Xocavənd rayonunda hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində 2005-ci və 2007-ci illərdə yaralandığını söyləyib.

Bəhruz Qurbanov ifadəsində deyib ki, 2016-cı il aprelin 3-də (Aprel döyüşləri zamanı – red.) Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin partlaması nəticəsində Tərtərdə yaşadığı evə və sahibkarlıq təsərrüfatına zərər dəyib, özü isə yaralanıb.

Fehruz Bayramov ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü il avqustun 23-də Cəbrayıl rayonundan məcburi köçkün düşdüyünü deyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Taleh Əliyev Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Füzuli rayonunun Zərgər kəndindən məcburi köçkün düşdüyünü bildirib. Əmisinin iki oğlu öldürülüb.

Əli Cəfərov Xankəndidə anadan olduğunu, 1991-ci ildə məcburi köçkün düşdüyünü, həmin il sentyabrın 25-də atası Şərif Cəfərovun Kərkicahanda düşmənin hücumu nəticəsində xəsarət aldığını söyləyib.

Mayıl Şirinov ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumu zamanı - 1993-cü il oktyabrın 24-də atası, iki qardaşı və dayısı Cəbrayıl rayonunda itkin düşüb. Qardaşlarının və dayısının nəşrləri ötən il tapılıb. Atasının nəşi indiyədək tapılmayıb.

Bəsti Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Dağ Tumas kəndindən, Sücahət Həziyeva isə həmin gün rayonun Xələfli kəndindən məcburi köçkün düşdüyünü deyiblər. Rüxsarə Piriyeva və Vüqar Hacıyev də 1993-cü ildə Cəbrayıldan məcburi köçkün düşdüklərini söyləyiblər.

Sürəyya Niftəliyeva Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 1993-cü ildə ailə üzvləri, o cümlədən iki körpə uşağı ilə birlikdə yaşadığı Zəngilan rayonundan məcburi köçkün düşdüyünü söyləyib.

Xuraman Muradova 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Laçın rayonuna hücumları nəticəsində məcburi köçkün düşdüyünü söyləyib. Yaşadığı ev yandırılıb. Bundan sonra Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində məskunlaşıb. O bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il avqustun 28-də həmin kəndə hücum edərək qətliam törədib. Bu zaman 24 nəfər azərbaycanlı, o cümlədən 6 aylıq körpə və yaşı 100-dən yuxarı olan şəxs qətlə yetirilib.

Kifayət Quliyeva ifadəsində 1990-cı illərdə yaşadığı Ağdərə rayonunun Vəngli kəndində azərbaycanlıların ermənilər tərəfindən sıxışdırılmasından danışıb. “Məqsəd azərbaycanlıların evlərindən çıxaraq getməsinə nail olmaq idi”, - deyə zərərçəkmiş söyləyib. O bildirib ki, nəticədə özü, doğmaları və digər azərbaycanlılar yaşadığı yurd-yuvalarından məcburi köçkün düşüblər.

Nailə Hüseynova ifadəsində həyat yoldaşının 1991-ci il mayın 20-də qətlə yetirildiyini, özünün isə Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün düşdüyünü deyib.

Oktay Əmirov, Dilafət Rəsulov, Qoşqar Rəsulov, Səlim Mehdiyev, Pərviz Paşayev Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ildə Laçın rayonundan, Məhəmməd Ağamalıyev 1992-ci ildə Kəlbəcər rayonundan, Niyazi Məmmədov, Mahir Aslanov 1992-ci ildə Ağdərə rayonundan, Təranə Yusifova 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüklərini bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Levon Mnatsakanyanın, David Babayanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Seçilən
66
50
news24.az

10Mənbələr