AZ

Azərbaycanlı turistlər pulu nəyə xərcləyir? – ARAŞDIRMA

Bu ilin I yarısında Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki turizm xərcləri 953 milyon manat təşkil edib.

KONKERT.az report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,6 % azdır.

Yanvar-iyun aylarında ən çox vəsait nəqliyyata xərclənib. 6 ay ərzində azərbaycanlı turistlərin nəqliyyat xərcləri 344,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur. Artım əsasən aviabiletlərin bahalaşması ilə bağlı ola bilər.

Əvəzində hesabat dövründə turistlərimizin yerləşmə xərcləri azalıb. Bu məqsədlə 224,1 milyon manat xərclənib ki, bu da illik müqayisədə 4,1 % azdır. Bu azalma alternativ, sərfəli yaşayış yerlərindən istifadə ilə bağlı ola bilər.

I yarımildə qidalanmaya çəkilən xərclər isə 188 milyon manat təşkil edib. Bu sahədə 0,4 % azalma qeydə alınıb.

Azərbaycan vətəndaşları xaricdə alış-veriş və hədiyyələr üçün isə 151 milyon manat sərf edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,1 % azdır.

Vətəndaşlarımız turpaketlərin alınmasına isə 25,6 milyon manat xərcləyib. Bu sahədə 1 il əvvəllə müqayisədə 4,4 % artım qeydə alınıb. Bu isə turpaketlərin populyarlığının artmasından xəbər verir.

Azərbaycanlı turistlərin idman və əyləncə xərcləri isə 8,4 % artaraq 6 milyon manata çatıb, mədəniyyət xərcləri isə 36 % azalaraq 2,5 milyon manata düşüb. Belə demək mümkünsə, insanlar muzey, teatr və digər mədəni obyektləri idman və əyləncə obyektləri ilə əvəzləyir.

Yanvar-iyun aylarında nəqliyyat vasitələrinin icarəsinə isə 1,6 milyon manat xərclənib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,5 % azdır.

Turistlərin digər xərcləri isə 26 % azalma ilə 9 milyon manat təşkil edib.

Vətəndaşlarımızın ayrı-ayrı ölkələrdə turizmə xərclədikləri vəsaitlərə gəlincə isə 6 ay ərzində Türkiyədə 366,3 milyon manat xərclənib. Bu, illik müqayisədə 1,4 % azdır. Bu ölkədə ən böyük xərc nəqliyyat və yerləşməyə çəkilib. Nəqliyyat xərcləri 3,6 % azalma ilə 115,6 milyon manat, yerləşmə xərcləri isə 5,9 % azalma ilə 84,1 milyon manat olub. Hesabat dövründə Türkiyədə qidalanmaya 64 milyon manat (7,7 % çox), mədəniyyətə 0,6 milyon manat (68,6 % az), turpaketlərə 17 milyon manat (1,5 % az), nəqliyyat vasitələrinin icarəsinə 758 min manat (3,5 % az), idman və əyləncəyə 2,1 milyon manat (2 % çox), mallara və hədiyyələrə 78,9 milyon manat (3,8 % çox), digər məsələlərə isə 3,2 milyon manat olmaqla (27 % az) xərclənib.

I yarımildə Rusiyada isə Azərbaycan vətəndaşlarının xərcləri 163,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 32,8 % azdır. O cümlədən, nəqliyyata 59,2 milyon manat (24,8 % az), yerləşməyə 43,2 milyon manat (33,6 % az), qidalanmaya 34,2 milyon manat (37,3 % az), mədəniyyətə 0,6 milyon manat (25 % az), turpaketlərə 1,1 milyon manat, nəqliyyat vasitələrinin icarəsinə 0,2 milyon manat (25 % az), idman və əyləncə 0,9 milyon manat (48 % az), alış-verişə 23 milyon manat (38,8 % az), digər məsələləri isə 1,5 milyon manat (62 % az) xərclənib.

Yanvar-iyun aylarında Birləşmiş Ərəb Əmirliklərində isə vətəndaşlarımızın turizm xərcləri 113,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur. O cümlədən, nəqliyyata 47,2 milyon manat (16 % çox), yerləşməyə 26,8 milyon manat (14,7 % çox), qidalanmaya 25,9 milyon manat (15 % çox), mədəniyyətə 346 min manat (dəyişməyib), turpaketlərə 1,5 milyon manat (26,7 % çox), nəqliyyat vasitələrinin icarəsinə 150 min manat (14,2 % çox), idman və əyləncəyə 1 milyon manat (64,5 % çox), alış-verişə 9,9 milyon manat (31 % az), digər məsələlərə də 1 milyon manat (14,3 % çox) xərclənib.

Xatırladaq ki, bu ilin I yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % azalaraq 988,2 min nəfər olub. Ölkə vətəndaşlarının 38,1 %-i Türkiyəyə, 16,7 %-i Rusiya, 11,1 %-i Gürcüstana, 10 %-i İrana, 24,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66 %-ni kişilər, 34 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 14,2 %, Gürcüstana gedənlərin sayı 25,3 % artıb, Türkiyəyə gedənlərin sayı 4,3 %, Rusiyaya gedənlərin sayı isə 24,6 % azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son 1 ildə Azərbaycan vətəndaşlarının xarici turizm davranışlarında dəyişikliklər baş verib. İnsanların ümumi xərcləri cüzi azalsa da, istiqamətlər üzrə fərqlər dərinləşib. Türkiyə lider mövqeyini qoruyur, Rusiyada isə həm səfərlərin sayı, həm də xərclər kəskin şəkildə azalıb. Əvəzində Birləşmiş Ərəb Əmirliklərində xərclər artıb. Gürcüstan və İrana səfərlərin çoxalması isə regiondaxili turizmin canlandığını göstərir.

Ümumilikdə, Azərbaycan vətəndaşları 2025-ci ilin ilk yarısında daha çox gündəlik tələbat və əyləncəyə pul ayırıblar. Mədəniyyət və digər əlavə xidmətlərə isə əvvəlki qədər vəsait xərclənməyib. Bu, həm iqtisadi reallıqlar, həm də turist davranışlarının dəyişməsi ilə bağlıdır.

Seçilən
11
6
konkret.az

10Mənbələr