AZ

OKEANIN O TAYINDA TARİXLƏŞƏN SİYASİ FATEHLİK ZİRVƏSİ

Artıq bir neçə gündür ki, Prezident İlham Əliyevin bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri, burada keçirilən yüksək səviyyəli üçtərəfli görüş dövlətlərarası münasibətlərin qurulması, münaqişə və antaqonist münasibətlərə son qoyulması baxımından beynəlxalq miqyasda tarixi nailiyyət kimi qiymətləndirilir. ABŞ və Azərbaycan prezidentlərinin olduqca səmimi, qarşılıqlı rəğbətləndirmə və simpatiya fonunda keçən görüşü heyranlıq və qürurla izlədik. İki dövlət arasında tarixdə ilk dəfə müşahidə olunan isti, səmimi münasibət isə praqmatik lider İlham Əliyevin uzaqgörən siyasətinin, düzgün hədəflənmiş beynəlxalq diplomatiyasının nəticəsi idi.

Ağ Evin rəmzi açarı

Vaşinqton görüşünün nəticələri bir daha sübut etdi ki, təbəddülatlarla, ziddiyyətlərlə, çaxnaşmalarla dolu müasir dövrdə siyasi proseslərin məcrasını aydın dərk etmək, proqnozlaşdıra bilmək, situasiyaların zərbə hədəfindən nəinki yayınmaq, hətta onlardan faydalana bilmək dövlət başçımıza xas olan siyasi müdriklik, düha nişanəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycan-Amerika münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyinə əsaslanaraq onun ikinci dəfə prezidentliyə namizədliyini böyük uzaqgörənlik və cəsarətlə dəstəkləmiş, qarşı tərəf də bu fikirləri öz sosial media platformasında paylaşmaqla buna biganə qalmamışdır. Münasibətləri doğmalaşdıran bu fakt hər iki prezident tərəfindən Vaşinqton görüşü zamanı da xatırladılmışdır.

Amerika kimi qüdrətli dövlətin münasibətinin müsbətə doğru kəskin dəyişməsinə səbəb olan əsas amillərdən danışarkən 2020-ci il 8 Noyabr Zəfərini, 2023-cü ildə lokal xarakterli uğurlu antiterror tədbirlərinin ölkəmizin beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə səbəb olan əsas faktor kimi mütləq qeyd etməliyik. Bu, Azərbycanı tarixi ədaləti beynəlxalq hüquq çərçivəsində, hərbi güc və siyasi iradə ilə bərpa etmək məharətinə malik bir ölkə kimi dünyaya tanıtmışdır. Digər tərəfdən Azərbaycan məqsədyönlü iqtisadi siyasət nəticəsində dünyanın zəngin, qüdrətli dövlətləri sırasına yüksəlmişdir ki, bu da görüşdən də bəlli olduğu kimi, ölkəmizin etibarlı iqtisadi tərəfdaş kimi Amerikanın maraq mənbəyinə çevrilməsinə səbəb olmuşdur. Qısacası, Prezident İlham Əliyev Ağ Evin nadir hallarda təqdim olunan rəmzi açarını hələ bu tarixi səfərdən öncə “əldə etmişdi”.

Strateji tərəfdaşlıqda yeni mərhələ, Azərbaycan üçün yeni iqtisadi imkanlar

Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalandı. Anlaşma Memorandumu enerji, ticarət, transit, regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla, iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək. Bu, hər iki tərəfin ən müxtəlif sahələrdə əməkdaşlığa maraqlı olduğunu bir daha sübut edir.

İki ölkə arasında əlaqələrin inkişafında əsas istiqamət isə enerji sahəsidir. Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında Əməkdaşlıq Memorandumunun imzalanması bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinin təsdiqidir. Sənəddə şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi enerji resurslarının, o cümlədən neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələri əksini tapıb. Səfər çərçivəsində beynəlxalq maliyyə təşkilatları, ABŞ-ın “Ex-Im” Bankı ilə mədən yanacağı sahəsində layihələr, karbohidrogenlərin nəqli infrastrukturunda potensial maliyyəyə dair aparılan danışıqlar da şübhəsiz ki, öz bəhrəsini verəcək. Bütün bunlar, Azərbaycan üçün yeni iqtisadi imkanlar əldə etmək deməkdir.

Haqqın, ədalətin 33 ildən sonra bərpası

Vaşinqtondakı görüş zamanı əldə olunan mühüm siyasi-tarixi uğurlardan biri, Azərbaycan-ABŞ arasında gələcək sağlam siyasi tərəfdaşlığın ilk təməl sütunlarından biri “907-ci düzəliş”in düz 33 il sonra ləğv olunması idi. Məlum olduğu kimi, 1992-ci ildə Konqres üzvlərinin erməni lobbi qruplarının canfəşanlığı nəticəsində Amerikanın ölkəmiz ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşdırılmışdı. Azərbaycan müharibə və iqtisadi böhran şəraitində olduğu, məcburi qaçqın və köçkün problemi ilə üzləşdiyi bir zamanda belə bir haqsız məhdudiyyətə düçar edilmişdi. Sovet imperiyasının cəngindən xilas olaraq yenicə müstəqillik əldə etmiş respublikalara demokratiya, iqtisadi islahatlar və inkişaf üçün nəzərdə tutulan yardımdan yeganə olaraq Azərbaycanın “Ermənistanı blokadaya salan, işğalçı dövlət” damğası ilə məhrum edilməsi ən böyük antidemokratik addım idi. 2001-ci ildə Əfqanıstan əməliyyatları zamanı Azərbaycanın köməyindən yararlanmaq xatirinə bu sanksiyalar dayandırılsa da, 2023-cü ildə ermənipərəst Bayden-Blinken Administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi “907-ci düzəliş”i yenidən reallaşdırdı, bundan Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdı. Bu erməni havadarlarının Vətən müharibəsindəki məğlubiyyətdən Ermənistandan da betər aqressiyalaşmasının daha bir təzahürü idi. Azərbaycana qarşı bu nankorluq, hətta yeni sanksiyaların tətbiqi cəhdləri təbii ki, iki ölkə arasındakı münasibətlərin son dərəcə pisləşməsinə səbəb oldu. Lakin ötən onilliklər ərzində bütün bu təzyiqlərə rəğmən, Azərbaycanın müstəqil ölkə kimi hərbi, iqtisadi, siyasi özünütəsdiqinin nəticəsi idi ki, dövlətimiz bu siyasi maneəni də aşa bildi. Qeyd edək ki, bununla xalqımızın, ölkəmizin siyasi-mənəvi hüquqları təmin olunmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin daha bir arzusu da gerçəkləşdi. Belə ki, Ulu Öndər də 1997-ci il ABŞ-a səfəri çərçivəsində bu məsələni gündəliyə gətirmiş və onun səyi nəticəsində bu maddə müvəqqəti olaraq dondurulmuşdu. Nəhayət, tarixi ədalətin növbəti bərpası baş verdi. ABŞ Prezidenti tərəfindən “907-ci düzəliş”in tətbiqinin dayandırılması barədə sərəncam imzalandı. Vaxtilə xarici yardıma ehtiyacı olan Azərbaycanın yardımsevər, donor ölkəyə çevrildiyi bir vaxtda bu böyük siyasi və rəmzi məna daşıyır. ABŞ Prezidentinin Ağ Evdə, məhz dövlət başçımızın şəxsi iştirakı ilə belə bir mühüm siyasi jest etməsi, “Xalqınız böyük xalqdır” etirafı ilə ermənipərəstlər tərəfindən yaradılan “işğalçı, qəddar azərbaycanlı” fobiyasını darmadağın etdi, erməni lobbi qruplarına da Amerikanın Azərbaycanla münasibətlərini artıq onların avantürasının təsiri ilə deyil, ədalət və humanizm prinsipləri əsasında quracağını sərgilədi. ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin fəaliyyətinin dayandırılması haqqında qısa zaman kəsiyində memorandum imzalaması isə münasibətlərdə qarşılıqlı etimad doğuracaq daha bir faktdır.

Azərbaycanın dünya tarixinə qızıl hərflərlə həkk etdiyi “Hərb və sülh” romanı

Azərbaycan 2020-ci il Vətən müharibəsi nəticəsində məşum işğal tarixinə son qoymaqla ərazi bütövlüyünü, antiterror tədbirləri ilə isə suverenliyini tam təmin etdi. Bəlkə də dünya hərb tarixində nadir faktlardan biri idi ki, tarixi ədalətə söykənərək birbaşa və ildırım sürəti ilə qələbəyə doğru irəliləyən tərəf – Azərbaycan müharibənin gedişində, ən həlledici qələbə zamanı belə, humanizm prinsiplərindən çıxış edərək hərbi təlafat və dağıntıların qarşısını almaq naminə qarşı tərəfə dəfələrlə təslim olması ilə bağlı çağırışılar edirdi. Nəhayət, ölkəmiz əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Hərb meydanını müzəffərliklə tərk edən dövlətimiz ədalətli, qalib və diqtəedən tərəf kimi regionda beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülhü bərqərar etmək kimi şərəfli bir missiyanı da öz üzərinə götürdü. Azərbaycan sülh danışıqlarına dəfələrlə təşəbbüs göstərdi, lakin məğlub halda belə Qarabağdan gözünü çəkə bilməyən Ermənistanın sülh sazişinə, dövlətlərarası sazişə ölkəmizin daxili məsələsi olan Qarabağla bağlı müddəanı daxil etmək niyyəti ilə sülhə nail olmaq cəhdlərini pozurdu. Azərbaycanın dövlət suverenliyini tam bərpa edən 2023-cü ilin antiterror əməliyyatı isə Ermənistanı artıq siyasi cəhətdən tamamilə tərk-silah etdi, reallığa boyun əyməyə məhkum etdi, fəal danışıqlar prosesi başladı. Azərbaycanın məlum əsas beş prinsipi uzun müddət Ermənistan tərəfindən müqavimətlə qarşılansa da, nəhayət, Ağ Evdə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə təsdiq olundu. Sülh sazişinin paraflanması iki ölkə arasında diplomatik münasibətlərin bərpası, ərazi bütövlüyünün qarşılıqlı tanınması, nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsi və regionda davamlı sülhün təmin olunması baxımından mühüm tarixi addım oldu. Vaşinqtonda əldə olunan tarixi uğurlardan biri də Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı ortaq razılığa gəlməsi oldu. 30 ildən çox mövcud olsa da, beynəlxalq vasitəçilik mexanizmi kimi özünü doğrultmayan, nəinki effektiv nəticə verməyən, hətta ədalətsiz mövqeyi ilə uzun illər regionda status-kvonun saxlanmasına səbəb olan, sülh və normallaşma prosesinə ən ciddi maneəyə çevrilməklə xalqımızın səbr kasasını daşıran bir təsisat atıq tarixə qovuşur. Azərbaycan Vətən müharibəsindən sonra heç funksional mahiyyətə, siyasi dəyərə malik olmayan bu mexanizmin yararsız olduğunu və artıq onun fəaliyyətinə ehtiyac duyulmadığını dəfələrlə bəyan edirdi. Nəhayət, işğalçı Ermənistan da artıq Qarabağın əzəli Azərbaycan torpaqları olmasını etiraf edirsə, sülhə meyl göstərirsə, fəaliyyətsizliyi və qeyri-obyektivliyi ilə özü-özünü çoxdan məhvə məhkum etmiş belə bir təsisatın ləğvi labüd idi. Azərbaycanın sülh sazişinin imzalanması üçün qoyduğu başlıca haqlı tələb Ermənistan konstitusiyasında dəyişiklik edilərək ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması idi ki, bu tələb də, Ermənistan tərəfindən qəbul edildi və imzalanan Birgə Bəyannamədə öz əksini tapıb.

TRIPP – beynəlxalq sülh və rifah yolunda tramplin olacaq marşrut

Prezident İlham Əliyev dahiliyini, siyasi uzaqgörənliyini təsdiq edən faktlardan biri də onun işğalda olan əraziləri qeyd-şərtiz azad etməklə yanaşı, həm də Azərbaycanın digər tarixi geostrateji məkanı, ermənilərin illər boyu işğal hədəfi olan Naxçıvanı da belə bir gələcək təhlükədən xilas etməyi planlaşdırmasıdır. Prezident İlham Əliyev postmüharibə dövründəki çıxışlarında, müsahibələrində, beynəlxalq miqyaslı tədbirlərdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizinin açılacağını dəfələrlə, qətiyyətlə bəyan etmişdir. Rəsmi İrəvan 5 ilə yaxın bir müddətdə müxtəlif yollarla bu tələbdən boyun qaçırmaqla məsələni havadan asılı vəziyyətdə saxlasa da, nəhayət ki, Azərbaycan liderinin siyasi qətiyyət və iradəsinə ram oldu. TRIPP-in – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”, yəni Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış kimi ciddi bir problemi aradan qaldıracaq. Bütövlükdə Mərkəzi Asiya, Yaxın Şərq və Avropa bazarlarını birləşdirəcək təhlükəsiz və sürətli ticarət marşrutu nəinki region, bütövlükdə Şərq-Qərb, eləcə də türk dünyası üçün həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli olacaq.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verərkən Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.

Dünya siyasət meydanında və mediasında bu mühüm strateji dəhliz ilə bağlı razılaşma tarixi hadisə kimi qiymətləndirilir, təqdirəlayiq qarşılanır. Beynəlxalq miqyasda siyasi qiymətləndirmə bir daha təsdiq edir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın fundamental beynəlxalq hüququdur.

Azərbaycanla-Ermənistan arasında paraflanan sülh sazişi ölkəmizin milli maraqlarının tam şəkildə nəzərə alındığı, ərazi bütövlüyü və suveren hüquqlarının birmənalı şəkildə təsdiq edildiyi mühüm tarixi sənəddir. Dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin dəstəyi və şahidlik etməsi bunu bir daha təsdiqləyir. Bu məqamda dövlət başçımızın sülh sazişinin paraflanması barədə “Onun burada, dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində və Birləşmiş Ştatların hörmətli Prezidenti qarşısında paraflanması faktı göstərir ki, tərəflərdən heç biri geri çəkilməyəcək. Bununla bağlı heç bir şübhə yoxdur.”, ABŞ Prezidentinin isə “Bu, sülh sazişidir, atəşkəs deyil” fikirlərini bir daha diqqətə çatdırmaq yerinə düşər. İki böyük liderin bu fikirləri Ermənistanın heç bir vəchlə sülh prosesindən boyun qaçırmamalı olduğuna işarə edir, bu proseslərin istənilən təhdidlərə, əks təbliğata, maneələrə rəğmən, davam edəcəyinə əminlik ifadə edir. Vaşinqton görüşü zamanı Prezident Trampa Nobel Sülh Mükafatının verilməsi məqsədilə Nobel Komitəsinə birgə müraciətin göndərilməsi ilə bağlı tərəflər arasında ortaq rəyə gəlinmə bu umidləri doğruldacaq daha bir işartıdır.

Böyük zəkanın bəxş etdiyi parlaq qələbə

ABŞ-a yüksək səviyyəli bu səfərin nəticəsi olaraq əldə edilən razılaşmalar, imzalanan mühüm tarixi sənədlər hər biri ayrı-ayrılıqda Azərbaycanın misli olmayan siyasi uğur düsturudur. Xüsusilə də Birgə Bəyannamə Azərbaycanın növbəti parlaq qələbəsi kimi tarixə yazıldı. Hərbi müzəffərliyimizdən sonrakı bu siyasi zəfər işğal tarixinə əbədi son qoyan şanlı qələbəmizin beşiliyinə inanılmaz və möhtəşəm töhfədir! Təsadüfi deyil ki, İsveçin “Agenda Nexus” analitik platformasında yer alan, Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş məqalədə dövlət başçımız Cənubi Qafqazda siyasi tarazlığın əsas memarı kimi qiymətləndirilir.

Vaşinqton görüşü zamanı ABŞ Prezidenti Donald Trampın “İlham Əliyevlə işləmək şərəfdir”, “Siz böyük lidersiniz”, “Siz güclü və ağıllı insansınız” kimi heyranlıqla dediyi sözlər təkcə şəxsi qənaət deyil, dövlətimizin başçısının dünyada böyük siyasi düha kimi qəbul edildiyini təsdiqləyən faktdır. Azərbaycan Prezidentinin Amerika dövlətinin başçısı haqqında “Son bir neçə ay ərzində Siz Asiya, Afrika və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır”, “Siz möcüzəyə imza atdınız” söyləməsi də iki lider, beləliklə də iki ölkə arasında qarşılıqlı səmimi münasibətlərin ilk uğulu təməlindən xəbər verir.

Ermənistanın Baş nazir Nikol Paşinyanın “Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm də yoxdur” etirafı isə onun İlahi ədalət, Əlahəzrət fakt qarşısında təslim olması demək idi. Gələcəkdə bu üzrxahlığın milli psixologiyası əsrlərdir işğalçılıq, revanşizm, vandalizm ilə zəhərlənmiş, “böyük Ermənistan” mifinin köləsinə çevrilməklə lənətlənmiş bir xalqın üzrhaxlığına çevrilməsi isə milli dəyanət, səmimiyyət və sədaqət tələb edir!..

Mehriban Sultan, AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Seçilən
9
50
ikisahil.az

10Mənbələr