Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampa Ukraynanın birinci xanımı Olena Zelenskadan ABŞ-nin birinci xanımı Melaniya Trampa ünvanlanan məktubu təqdim edib.
Milli.Az xəbər verir ki, CNN bu hadisəni aşağıdakı kimi şərh edib:
"Bunu nəzərə aldıqda, Donald Tramp və Volodimir Zelenski arasında Oval Ofisdə keçirilən görüş bu gün daha səmimi - və daha prezidentlik üslubuna uyğun - şəkildə başlayıb. Çünki Ukrayna lideri öz həyat yoldaşının məktubunu Tramp vasitəsilə Melaniya Trampa çatdırıb.
Bu sadəcə bir jest idi, amma bəlkə də olduqca vacib bir addım oldu. Çünki ardınca Tramp ABŞ-nin Ukraynanı tək buraxmayacağına dair ən güclü təminatlarından bəzilərini verib. Sual verildikdə ki, sammit mütləq bir qərarla bitməlidirmi, Tramp belə cavab verib: "Heç vaxt yolun sonu deyil."
Tramp aydın şəkildə bildirib ki, hər hansı sülhün təmin olunmasında əsas yük Avropanın üzərinə düşür, amma ABŞ-nin iştirakını davam etdirəcəyinə dair vəd verməsi olduqca əhəmiyyətli idi.
"Onlar (Avropa) ilk müdafiə xəttidir, çünki oradadırlar, Amma biz də onlara kömək edəcəyik. Biz də iştirak edəcəyik." deyə Tramp vurğulayıb.
Qeyd edək ki, məktubun məzmunu açıqlanmır.
Güman edilir ki, ABŞ-nin birinci xanımı Rusiya liderindən atəşi dayandırmağı xahiş edə bilər.
Qərb mediası Melaniyanı Ağ Evin rəhbərinə böyük təsiri olan Zelenskinin "gözlənilməz müttəfiqi" adlandırır.
Lalə Qüdrətova
Milli.Az