AZ

Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın regional və qlobal diplomatiyada yeni zirvəsidir



2025-ci ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfəri təkcə iki dövlət arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı olmaqla kifayətlənmir, həm də Cənubi Qafqaz regionunda uzun illərdən bəri gözlənilən sülh və sabitliyin təmin olunmasında dönüş nöqtəsi kimi tarixə düşür. Bu səfər Azərbaycan diplomatiyasının yüksək peşəkarlığının, dövlətimizin beynəlxalq arenadakı mövqeyinin güclənməsini və Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü dövlətçilik strategiyasının bariz göstəricisidir.
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan bu mühüm səfər, "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" nun imzalanması ilə yaddaşlarda qaldı. Bu sənəd iki ölkə arasında enerji, nəqliyyat-tranzit, müdafiə sənayesi, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi strateji sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər açır. İlham Əliyevin vurğuladığı kimi, bu strateji tərəfdaşlıq Azərbaycanın iqtisadiyyatının müasirləşdirilməsi, innovativ texnologiyaların ölkəyə gətirilməsi və dayanıqlı inkişafın təmin olunması üçün möhkəm zəmin yaradır. Sənədin imzalanması regionda güclü iqtisadi dinamikanın formalaşması və Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlməsi deməkdir.
Bu səfərin digər tarixi nailiyyəti isə uzun illərdən bəri Azərbaycan-ABŞ münasibətlərindəki qeyri-bərabərliyi və ölkəmizə qarşı ədalətsiz yanaşmanı ifadə edən “Azadlığı Müdafiə Aktı”na əlavə edilmiş 907-ci düzəlişin icrasının dayandırılması ilə bağlı qərarın qəbul edilməsidir. 1992-ci ildən qüvvədə olan bu məhdudlaşdırıcı və Azərbaycana qarşı qərəzli qərarın aradan qaldırılması, Prezident İlham Əliyevin qətiyyətli və müdrik diplomatik fəaliyyətinin, milli maraqlarımızın qorunmasında apardığı uğurlu mübarizənin ən parlaq nümunəsidir. Bu addım Azərbaycan diplomatiyasının tarixi zəfəri olmaqla, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyinin möhkəmlənməsinə böyük töhfə verir.
Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan yeddi maddədən ibarət Birgə Bəyannamə Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq istiqamətində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının yekun mərhələsini təşkil etməklə yanaşı, regionda yeni iqtisadi layihələrin və infrastruktur dəhlizlərinin reallaşması üçün zəmin yaradır. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı yeni enerji və nəqliyyat dəhlizinin yaradılması Azərbaycanın tranzit ölkə kimi strateji mövqeyini daha da gücləndirir və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə səbəb olur.
Bəyanatın mühüm məqamlarından biri də Minsk qrupunun fəaliyyətinə formal olaraq son qoyulmasıdır. Uzun illər münaqişənin həllində qeyri-effektivliyi və tərəfkeşliyi ilə seçilən bu qurumun ləğvi, Azərbaycanın diplomatik mübarizəsinin ən vacib uğuru olmaqla, sülh prosesinin real, ədalətli və effektiv mexanizmlərlə davam etdirilməsinə imkan yaradacaq. Bu, həmçinin regionda sabitliyin bərqərar olmasına ciddi zəmin hazırlayır.
Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı xüsusi olaraq vurğuladığı məsələlərdən biri Ermənistan Konstitusiyasından Azərbaycana qarşı əsassız ərazi iddialarının çıxarılması tələbidir. Dövlət başçımız açıq şəkildə bildirib ki, sülh və təhlükəsizliyin təmin edilməsi üçün bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, qarşılıqlı hörmət və qarşılıqlı güzəştlərlə həll olunmalıdır. Bu tələbin beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ kimi aparıcı qüvvələr tərəfindən dəstəklənməsi və regionda sabit sülhün və əmin-amanlığın təmin olunmasında əsas prioritet kimi qəbul olunması Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Vaşinqton səfəri Azərbaycanın diplomatik gücünün, beynəlxalq arenadakı nüfuzunun və dövlətimizin strateji mövqeyinin möhkəmləndirilməsinin əyani təcəssümüdür. Prezident İlham Əliyevin liderliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan artıq yalnız regionda deyil, qlobal səviyyədə də söz sahibi, dayanıqlı inkişaf modeli və etibarlı tərəfdaş kimi qəbul edilir. Bu səfər Azərbaycan-ABŞ əlaqələrində yeni keyfiyyət mərhələsinin başlanğıcını qoymaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsində fundamental əhəmiyyət daşıyan addım oldu.
Azərbaycan artıq yalnız güc və iradə ilə deyil, eyni zamanda yüksək diplomatik strateji düşüncə və qətiyyətlə qlobal siyasətdə möhkəm mövqeyə sahibdir və bundan sonra da bu uğurlu siyasəti ilə regionun inkişafına və sülhün möhkəmlənməsinə töhfə verməyə davam edəcəkdir.
Nəticə olaraq, cənab Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan dövlətçiliyinin yüksəlişinin və milli maraqlarımızın beynəlxalq səviyyədə qorunmasının simvolu kimi yadda qalacaq. Bu, həm Azərbaycan-ABŞ münasibətlərində yeni bir dövrün başlanğıcı, həm də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində böyük uğurdur. İlham Əliyev liderliyində Azərbaycan, müstəqil dövlət olaraq, öz qüdrətini, müdrikliyini və diplomatik bacarığını nümayiş etdirərək, bölgədə və dünyada nüfuzunu daha da yüksəldir.
Nargilə Kərimova,
Qərbi Azərbaycan İcmasının
Mingəçevir şəhəri üzrə nümayəndəliyinin əməkdaşı




Seçilən
7
aia.az

1Mənbələr