AZ

Tarixi görüş bu ölkədə KEÇİRİLƏ BİLƏR

Fransa Prezidenti Emmanuel Makron, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün ikitərəfli görüşün Cenevrədə keçirilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa lideri “TF1” telekanalına müsahibəsində bildirib.

Makronun sözlərinə görə, danışıqların 2019-cu ildə olduğu kimi Parisdə təşkili real deyil.
 

“Hazırda vəziyyət başqa mərhələdədir, buna görə də neytral ölkə seçilməlidir. Mümkündür ki, bu, İsveçrə olsun, mən Cenevrənin tərəfdarıyam. Yaxud da başqa bir ölkə. Sonuncu dəfə ikitərəfli məsləhətləşmələr Türkiyənin İstanbul şəhərində keçirilmişdi”, — deyə o qeyd edib.


Fransa prezidenti həmçinin bildirib ki, ABŞ-da, Vaşinqtonda keçirilən son görüşdə Rusiya ilə Ukrayna arasında birbaşa yüksək səviyyəli təmasların perspektivi müzakirə olunub. Onun sözlərinə görə, belə bir görüşdən sonra ABŞ-ın da daxil olacağı üçtərəfli format, ardınca isə daha geniş çoxtərəfli danışıqlar baş tuta bilər. Makron vurğulayıb ki, prosesdə Avropa ölkələri və Türkiyə də iştirak etməlidir, çünki onların təhlükəsizliyi müharibənin nəticəsindən birbaşa asılıdır.

Xatırladaq ki, avqustun 18-də ABŞ-da prezident Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında görüş keçirilib. Görüşdə Ukraynada müharibənin dayandırılması məsələsi müzakirə olunub.

Görüşdən sonra Tramp Rusiya Prezidenti Vladimir Putinə zəng edərək, Rusiya və Ukrayna prezidentləri arasında ikitərəfli görüşün hazırlıqlarına başladığını açıqlayıb. ABŞ lideri əlavə edib ki, bu görüşdən sonra üçtərəfli formatda danışıqlar keçiriləcək və həmin formatda onun özü də iştirak edəcək.

Bizim.Media

Seçilən
41
25
bizim.media

10Mənbələr