AZ

Rusiya Azərbaycana təzyiqi artırır –  "Agent şəbəkəsi hər an hərəkətə keçə bilər"

Rusiya Hərbi Hava Qüvvələri SOCAR-ın Odessa vilayətində yerləşən neft terminallarına zərbələr endirib. Bu, son həftələrdə Rusiyanın Azərbaycan dövlət şirkətinə ikinci zərbəsidir. Bu addımlarla Moskava nəyə nail olmaq istəyir?
 
Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli Moderator.az-a açıqlamasında bildirib ki, Rusiyanın atdığı addımlar iqtisadi məsələlərdən daha  çox siyasi məsələlərdir. O xatırladıb ki, ötən ilin dekabrında AZAL təyyarəsinin Qroznı üzərində vurulmasından sonra Azərbaycanla Rusiya arasında münasibətlər xeyli gərginləşib:
 
“Azərbaycan hökuməti müəyyən jestlərlə Moskva ilə münasibətləri yumşaltmağa çalışsa da, Rusiya əksinə, Azərbaycana qarşı təzyiqləri artırır. Bu təzyiqlərin içində iqtisadi məhdudiyyətlər də var. Məsələn, Rusiyada yaşayan azərbaycanlı miqrantlara qarşı basqıların güclənməsi, Azərbaycan məhsullarının idxalına süni maneələrin yaradılması, miqrantların geri qaytarılması ilə bağlı təhdidlər, eyni zamanda Ukraynada Azərbaycan obyektlərinin hədəfə alınması. Bunların hamısı Rusiyanın Azərbaycana siyasi təzyiqləridir. Moskva çalışır ki, Azərbaycanı 2024-cü ilin 25 dekabrına qədər öz orbitinə geri qaytarsın. Bu istiqamətdə həm siyasi, həm də iqtisadi təhdidlər davam edir.
Doğrudur, son günlər müəyyən yumşalmalar müşahidə olunur. Amma Azərbaycan Prezidenti bu böhrandan çıxış yolunu açıq şəkildə göstərdi.  Prezident bəyan etdi ki, Qroznı üzərində vurulan AZAL təyyarəsinə görə Rusiya dövlət olaraq Azərbaycandan üzr istəməlidir, məsuliyyət daşıyan rəsmi şəxslər cəzalandırılmalı və beynəlxalq normalara uyğun olaraq həm “AZAL”-a, həm də zərərçəkən şəxslərə və onların varislərinə təzminat ödənilməlidir. Təəssüf ki, Rusiya bu çağırışa səssiz qaldı və təzyiqlərini davam etdirməkdədir”.
 
Akif Nəsirli qeyd edib ki, SOCAR-ın Odessadakı obyektinə ikinci dəfə zərbə endirilməsi onu göstərir ki, Rusiya hökuməti Azərbaycan prezidentinin böhrandan çıxış yolu ilə bağlı təklifləri ilə razı deyil. Onun sözlərinə görə, Azərbaycan isə öz növbəsində Rusiyaya əlindən gələn adekvat cavabları verir:
 
“Rusiyanın növbəti mərhələdə başqa təzyiq vasitələrinə əl atması mümkündür. Bu, ölkə daxilində təxribatlar da ola bilər. Çünki Rusiyanın Azərbaycanda kifayət qədər agent şəbəkəsi var. Onlar vasitəsilə müəyyən təxribatlar törədə, hökumətə qarşı etiraz dalğaları formalaşdırmağa cəhd göstərə bilərlər. Hətta etnik zəmində qarşıdurma yaratmaq, Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmasını təşkil etmək kimi addımlar da mümkündür.
Buna görə hesab edirəm ki, həm Azərbaycan hökuməti, həm də  cəmiyyəti indiki mərhələdə daha ayıq və həssas olmalıdır. Məncə, əvvəlkindən daha çox cəmiyyət bu gün hökumətin yanında dayanmalıdır. Azərbaycanda da digər ölkələr kimi problemlər var. Amma indiki şəraitdə bu problemlərin həlli arxa plana keçməlidir. Əsas məsələ odur ki, cəmiyyətlə hökumət arasında vəhdət yaransın”.
 
Mehin Mehmanqızı
 
Seçilən
16
moderator.az

1Mənbələr