Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1188,9 min nəfər olub.
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır.
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 28,5 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.
Yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.