“Ferentsvaroş” – “Qarabağ” matçının nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Ağdamlılar səfərdən mütləq qənaətbəxş nəticə ilə qayıtmalıdı ki, “doğma divarlar” arasında keçiriləcək cavab oyunu üçün şanslarını artırsın. Təbii ki, bu, təkcə “köhlən atlar”ın üstün çıxışından yox, həm də hakimin idarəçilik qabiliyyətlərinin nə dərəcədə düzgün olmasından asılıdı. Deməli, "Football-plus.az"ın ənənəvi hakim təqdimatının vaxtıdı.
Joao Pinyeyro… Hakim karyerasına Portuqaliyanın aşağı liqasında start verən 37 yaşlı ədalət təmsilçisi qısa müddətdə elita klublarının oyunlarına təyinat almağa başlayıb. Portuqaliyalı bu çərçivədə idarə etdiyi 177 oyunda 835 sarı, 32 qırmızı vərəqə göstərib. Pinyeyronun beynəlxalq karyerası yetərincə zəngindi. Belə ki, referi indiyə qədər avrokubokların bütün turnirlərinin təsnifat və əsas mərhələlərində, U-17-lər arasında Avropa çempionatının təsnifat, U-21-lər arasında Avropa çempionatının isə final mərhələsində şans qazanıb. Pinyeyro Gənclər və Millətlər Liqasında, beynəlxalq yoldaşlıq görüşlərində və U-17 dünya çempionatında iş başında olub. Onun xidmətinə başqa ölkələrdə də ehtiyac duyulub. Daha doğrusu, “fit sahibi” Səudiyyə Ərəbistanının Pro liqasında, Yunanıstan superliqasında və Cənubi Kipr liqasında oyunlar idarə edib. Ən əsası, 2016-cı ildən beynəlxalq oyunlara təyinat alan Pinyeyro avqustun 13-də PSJ ilə “Tottenhem” arasında keçirilən Superkubok matçını da idarə edib.
Portuqaliyalı azərbaycanlı futbolsevərlərə tanışdı. Ona görə ki, FİFA referisi 2021-ci ildə “Neftçi”nin matçında iş başında olub. “Fit sahibi” həmin vaxt“ağ-qaralar”ın Yunanıstanda “Olimpiakos”a uduzduğu (0:1) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşünü idarə edib, meydan sahiblərindən Madi Kamaraya, “Neftçi”dən isə Mərt Çəlikə qırmızı vərəqə göstərib. Maraq üçün bakılılar bu rəqibə cavab oyununda da eyni hesabla uduzmaqla mübarizəni dayandırmışdı.
Ümumiyyətlə, Pinyeyro karyerası ərzində 396 matç idarə edib, bu qarşılaşmalarda 1803 sarı, 68 qırmızı vərəqə üçün əlini cibinə atıb.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta