Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şərur rayonunun Aşağı Aralıq kəndində fəaliyyət göstərən Məmiş Əziz oğlu Dünyamalıyevə məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
Agentlikdən hafta.az-a bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə edilmədiyi, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
“Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri sahibləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək”, - deyə məlumatda qeyd olunur.