AZ

Valideynlər ayrılarsa, uşaq kimin yanında qalmalıdır? – Hüquqi rəy 

Bu ilin birinci yarısında 24 815 nikah və 10 350 boşanma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Təəssüf ki, rəsmi rəqəmlər əsl vəziyyəti tam əks etdirmir: çox zaman ailə daxilində şiddət və psixoloji zorakılığa məruz qalan qadınlar səssiz qalmağı, problemlərini gizlətməyi üstün tuturlar. Onlar bu sükutu zəiflikdən yox, övladlarını itirmək qorxusundan edirlər. Çünki çox vaxt “Uşaqlarımı əlimdən alarlar” düşüncəsi qadınları dözülməz şərtlər altında belə ailəni dağıtmamağa məcbur edir. Bu səbəbdən saysız-hesabsız qadın illərlə həm fiziki, həm də mənəvi əzablara qatlaşır, yalnız övladlarının yanında qala bilmək üçün susmağa üstünlük verir.
Lakin bu sükutun acı nəticələrini ən çox uşaqlar yaşayır. Hər gün gərginlik, təhqir və zorakılıq mühitində böyüyən uşaqlar əslində daha böyük təhlükə ilə üz-üzə qalırlar. Onlar ya özlərini müdafiəsiz hiss edir, ya da gördüklərini gələcək həyatlarına daşıyırlar. Bəzən belə uşaqlar çıxış yolu kimi evdən qaçır, bəzən isə pis vərdişlərə meyil göstərərək həyatlarını təhlükəyə atırlar. Daha da pisi odur ki, daim münaqişə və zorakılığa şahid olmaq uşaqların yaddaşında silinməz izlər qoyur, onların psixologiyasını zədələyir və gələcəkdə sağlam ailə münasibətləri qurmaq imkanlarını zəiflədir. Əslində, qadının susması, ailəni qorumaq naminə əzaba dözməsi nə uşaqları qoruyur, nə də ailəni sağlam saxlayır. Əksinə, bu sükut həm qadın, həm də uşaq üçün görünməz bir fəlakətə çevrilir. 
Bəs valideynlər ayrıldıqda uşaqlar kimdə qalır? Valideynlər boşanarkən məhkəmə hansı meyarları əsas götürür? (maddi vəziyyət, mənzil şəraiti, tərbiyə bacarığı və s.) Uşağın yaşı bu məsələdə nə qədər rol oynayır? Uşağın fikirləri məhkəmə tərəfindən  nəzərə alınırmı?
 
Moderator.az-a danışan hüquqşunas Etibar Qarayev deyib ki, valideynlər boşandıqda uşaqların kimdə qalacağı məsələsini Ailə Məcəlləsinə əsasən məhkəmələr həll edir. Vəkil qeyd edib ki, qanunvericilikdə uşağın konkret olaraq hansı valideyndə qalacağı göstərilməyib. Məhkəmə bu qərarı verərkən bir sıra amilləri nəzərə alır: uşağın yaşı və fikri, valideynlərə münasibəti, bacı-qardaşlarına bağlılığı, valideynlərin mənəvi və şəxsi keyfiyyətləri, uşağın təlim-tərbiyəsi üçün mövcud şərait, valideynlərin peşəsi, iş rejimi, maddi durumu və səhhəti. Əsas meyar uşağın üstün mənafeyidir:
“Əgər birdən çox uşaq varsa, onların həyat şəraitinin pozulmaması və bacı-qardaş bağlılığının qorunması üçün adətən eyni valideynin yanında saxlanılmalarına qərar verilir. Məhkəmə təcrübəsi və beynəlxalq qanunvericilik aktlarına əsasən, praktiki olaraq uşaqların ananın yanında qalmasına daha çox üstünlük verilir.
Amma qeyd olunan bütün detallar birmənalı şəkildə məhkəmə tərəfindən müəyyən olunmalı və qərar da buna uyğun verilməlidir. Burada uşaqların yaşı da mühüm rol oynayır. Belə ki, 10 yaşına çatmış uşaqların fikirləri nəzərə alınır. Bu isə o deməkdir ki, həmin yaşdan yuxarı uşaq hansı valideynlə qalmaq istədiyini seçə bilər. Bununla belə, məhkəmə bəzi hallarda uşağın fikrindən fərqli olaraq onun üstün mənafeyini əsas götürərək başqa qərar da verə bilər. Bu isə istisna hal kimi qiymətləndirilir”.
 
Etibar Qarayev əlavə edib ki,  məhkəmələr boşanma işlərinə baxarkən ər-arvadın münasibətlərinin, eləcə də ailənin  qorunub saxlanmasının mümkün olmadığını müəyyən edərsə, nikahı poza bilər:
 
 “Əvvəlcə boşanma iddiası ilə məhkəməyə müraciət edildikdə, tərəflərə üç aylıq müddət verilir. Bu müddət ərzində onların qərarlarında nə dərəcədə qəti olduqları dəqiqləşdirilir və ailənin qorunub saxlanmasının mümkünlüyü barədə düşünmək imkanı yaradılır. Əgər üç ay ərzində münasibətlər düzəlməzsə və tərəflər iddialarından geri çəkilməzsə, məhkəmə nikahı pozur.
Bəzi hallarda nikahın pozulmasına qədər tərəflər arasında mübahisələr və zorakılıq halları da baş verə bilər. Qanunvericiliyə görə, istənilən zorakılıq forması – fiziki, psixi, cinsi və ya iqtisadi – qadağandır. Belə hallarda zorakılığa məruz qalan şəxs məhkəməyə və ya aidiyyəti orqanlara müraciət edərək mühafizə orderi ala bilər.
Mühafizə orderi iki formada olur:
Qısamüddətli mühafizə orderi – təcili tədbirlər üçün nəzərdə tutulur və zorakılıq törədən şəxsə müəyyən qadağalar tətbiq edir (məsələn, zərərçəkmişə yaxınlaşmaq və ya onunla əlaqə saxlamaq qadağan olunur).
Müddətli mühafizə orderi – daha uzunmüddətli tədbirlər nəzərdə tutur və zorakılığın təkrar baş verməsinin qarşısını almağa xidmət edir.
Beləliklə, mühafizə orderi zorakılıq hallarının qarşısını almaq və zərərçəkmiş şəxsin təhlükəsizliyini təmin etmək üçün hüquqi mexanizmdir. Bu orderlə zorakılıq törədən şəxsə bir sıra qadağalar tətbiq oluna bilər. Məsələn: Zərərçəkmişin olduğu yeri öyrənmək və onu axtarmaq qadağan edilə bilər.
Zərərçəkmişə narahatlıq gətirən digər hərəkətlər (təqib etmək, təhqir etmək, əlaqə saxlamaq və s.) yasaqlana bilər.
Beləliklə, zorakılıq törədən şəxsin hərəkətləri cinayət tərkibi yaratmasa da, əgər zərərçəkmişin hüquq və mənafelərini pozursa, yerli icra hakimiyyəti orqanına müraciət etməklə qısamüddətli mühafizə orderi almaq mümkündür.
Yerli icra hakimiyyəti orqanı həmin şəxsə zorakılıq hərəkətlərinin təkrarlanmasının yolverilməzliyi barədə xəbərdarlıq edə və ya rəsmi qaydada qısamüddətli mühafizə orderi verə bilər".
 
Hüquqşunas əlavə edib ki, qısamüddətli mühafizə orderi 60 gün qüvvədə olur və bu müddət ərzində zorakılıq törədən şəxsə qarşı nəzərdə tutulan qadağalar tətbiq edilir:
 
"Əgər qısamüddətli mühafizə orderi verildikdən sonra zorakılıq törədən şəxs orderdə nəzərdə tutulan qadağalara əməl etməzsə, zərərçəkmiş şəxs, yerli icra hakimiyyəti orqanı və ya prokuror məhkəməyə müraciət edərək uzunmüddətli mühafizə orderi ala bilər.
Uzunmüddətli mühafizə orderi 60 gündən 180 günədək müddətə verilir və ərizə zərərçəkmiş şəxsin olduğu yer üzrə məhkəməyə təqdim olunur. Bu orderdə də zorakılıq hallarının qarşısının alınması üçün əlavə qadağalar nəzərdə tutula bilər. Məsələn, zorakılıq törədən şəxsin qohumları vasitəsilə zərərçəkmişə təzyiq göstərməsinin qarşısı alınması, müəyyən hərəkətlərin qadağan olunması və digər məhdudiyyətlər göstərilə bilər.
Ərizə təqdim edilərkən ərizəçi mütləq şəkildə uzunmüddətli mühafizə orderi ilə bağlı tələblərini qeyd etməlidir. Məhkəmə ərizəyə üç gün müddətində qapalı iclasda baxır və qərar qəbul edir.
Qərar qəbul edildikdən sonra uzunmüddətli mühafizə orderi dərhal icraya yönəldilir və həmin vaxtdan orderin qüvvə müddəti hesablanmağa başlayır. Mühafizə orderində əlavə olaraq aşağıdakı məsələlər yer ala bilər: məişət zorakılığı törətmiş şəxsin yetkinlik yaşına çatmış uşaqlarla ünsiyyəti, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunması, zərərçəkmiş şəxsin tibbi və hüquqi yardımla bağlı xərclərin zorakılığı törədən şəxs tərəfindən ödənilməsi. Mühafizə orderinin tələblərini icra etməyən şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunur. Qarşı tərəf verilən qərardan şikayət edə bilər, lakin şikayət müddəti mühafizə orderinin icrasını dayandırmır”.
 
Mehin Mehmanqızı
 
Seçilən
69
moderator.az

1Mənbələr