3 ay boyunca duz yerinə natrium bromid qəbul etdi
Daha sağlam həyat sürmək, duzu həyatından çıxarmaq istəyirdi. Bunun üçün bir çox insan kimi süni intellektə müraciət etdi. Aldığı qidalanma məsləhətlərinə əməl edərək 3 ay boyunca duz yerinə natrium bromid qəbul etdi. Lakin yaşadığı sağlamlıq problemləri hər kəs üçün dərs oldu.
Sherg.az xəbər verir ki, məsələnin bütün təfərrüatlarını 2 türk mütəxəssis izah edir.
Süni intellektin həyatımızdakı yeri gündən-günə daha da dərinləşir. Günlük məsləhətlərdən karyera planlarına, sağlam həyat tövsiyələrindən tərəfdaş seçimlərinə qədər bir çox qərarımıza təsir edir. Düzgün istifadə olunduqda böyük güc qazandırır. Amma nəzarətsiz istifadənin uzunmüddətli dövrdə insan həyatını mənfi təsirləyə biləcəyi də danılmazdır.
Artıq bir çox insan qərar vermədən əvvəl süni intellektə müraciət edir. Bu isə istifadəçilərin texnologiya qarşısında sanki bir kukla kimi yönləndirilməsinə yol açır. Qısa müddət əvvəl Vaşinqton Universitetinin həkimləri sarsıdıcı bir nümunə paylaşıb: ABŞ-də gənc bir kişi süni intellektdən aldığı qidalanma məsləhətinə əməl edərək 3 ay duz yerinə natrium bromid qəbul edib. Nəticə isə çox ağır olub.

ABŞ-də yaşayan gənc 3 ay boyunca natrium bromid istifadə etmişdi. Sağlam qalmaq və duzu kənarlaşdırmaq istəyi onu az qala həyatdan edirdi. Bədənində problem hiss edəndə xəstəxanaya getdi: susuz olmasına baxmayaraq su içmirdi, halüsinasiyalar görürdü. Vəziyyəti ağırlaşınca psixiatrik nəzarət altına alındı. Serum və antipsixotik dərmanlarla müalicə edildi və yavaş-yavaş özünə gəldi.
Araşdırma zamanı onun süni intellektlə qurduğu dialoq gündəmə gəlib. Məlum oldu ki, süni intellektdən aldığı qidalanma məsləhətinə uyğun olaraq 3 ay natrium bromid qəbul edib və zəhərlənməyə bağlı psixoz yaşayıb. O, süni intellektin bromidin təhlükələri barədə heç nə demədiyini söyləyib. 3 həftə xəstəxanada yatdıqdan sonra həyatı xilas olub. İndi isə əvvəlki sağlamlığına qovuşmaq üçün mübarizə aparır.
Daxili Xəstəliklər üzrə türk mütəxəssis Dr. Ayça Kaya bildirib ki, süni intellekt yalnız əlindəki ümumi məlumatlara əsaslanaraq pəhriz siyahısı tərtib edir, amma fərdin xüsusi ehtiyaclarını, sağlamlıq durumunu, allergiyalarını, mövcud xəstəliklərini və ya istifadə etdiyi dərmanları nəzərə almır. Sağlam və effektiv pəhriz isə ancaq şəxsin yaşına, çəkisinə, boyuna, fəaliyyətinə, metabolizma sürətinə və genetik xüsusiyyətlərinə uyğun olaraq hazırlanmalıdır.

Dr. Kaya əlavə edib ki, süni intellekt modelləri internetdəki məlumatlardan öyrənir, amma onların arasında elmi sübutu olmayan məlumatlar da var. Bu isə insanları yanlış qidalanma vərdişlərinə yönəldir və uzunmüddətli sağlamlıq problemlərinə yol açır.
Süni intellektin təsiri yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Qısa müddət əvvəl 14 yaşlı bir gəncin süni intellekt platformasında yaratdığı “xəyalı qız dostu” ilə söhbətlərdən sonra reallıqdan qoparaq intihar etdiyi məlum olmuşdu.
Psixiatriya üzrə türk mütəxəssis Dr. Şahut Duran xəbərdarlıq edərək bildirib ki, internet və rəqəmsal platformalar çox vaxt fərdi məlumatları deyil, ümumi tövsiyələr verir. Bu isə səhv yönləndirmələrə və ciddi sağlamlıq problemlərinə yol aça bilər. Üstəlik, bu yanaşma insanları empati, anlayış və sosial dəstək kimi insana xas dəyərlərdən uzaqlaşdırır, tənha qalma riskini artırır.
Dr. Duran qeyd edib ki, bəzi süni intellekt platformaları etik sərhədləri aşa, intihar metodları barədə məlumat verə və ya təhlükəli pəhrizlər tövsiyə edə bilir. Bu da xüsusilə gənclər və həssas fərdlər üçün ciddi riskdir.
Nəticə olaraq mütəxəssislər vurğulayır ki, pəhriz və psixoloji dəstək mütləq fərdi şəkildə, həkim və ya mütəxəssisin nəzarəti ilə planlaşdırılmalıdır. “Hazır reseptlərə” güvənmək isə uzun müddətdə həm fərdi, həm də ictimai sağlamlığa zərər vura bilər.